“Tramp Azərbaycanla bağlı münasibətləri bərpa etməlidir” –"The American Spectator" jurnalı

“Tramp Azərbaycanla bağlı münasibətləri bərpa etməlidir” –"The American Spectator" jurnalı

 

ABŞ-da çıxan «The American Spectator» jurnalının məqalələrdən biri Vaşinqtonun Azərbaycan və İsraillə münasibətlərindən söz açır.

Müəllif Yakob Kamaras yazır ki, bu yaxında BMT Təhlükəsizlik Şurasının İsraillə bağlı qətnaməsinə qarşı çıxmamaqla ABŞ ən sadiq müttəfiqlərindən birinə dönüklük etdi. BMT İsrailin işğal olunmuş Fələstin torpaqlarında qanunsuz yaşayış məntəqələri salmasını pisləyib. Bu haqda sənədə səsvermə zamanı Birləşmiş Ştatların neytral dayanması İsrailin qəzəbinə səbəb olub.

OBAMA-NIN MÜTTƏFİQLƏRİ İNCİTMƏSİ

Müəllifin fikrincə, əslində, Barak Obamanın administrasiyası müttəfiqləriylə bağlı son illər «neytral» mövqe tutmaqla, soyuqluq göstərməklə onları incidir. Y.Kamarasın fikrincə, bu soyuqluğa məruz qalan ABŞ müttəfiqlərindən biri də Azərbaycandır. Məsələn, elə qanunsuz yaşayış məntəqələriylə bağlı İsraili tənqid edən B.Obama administrasiyası, nədənsə, Qarabağ məsələsində susur. «Administrasiya Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki qanunsuz yaşayış məntəqələri haqda eyni mövqeyi nümayiş etdirmir», – deyə müəllif yazır, üstəlik, bu yaxınlarda ABŞ-ın dövlət katibi Con Kerrinin Qarabağ haqda çıxışıyla Azərbaycan rəhbərliyini qəzəbləndirdiyini xatırladır. C.Kerri Azərbaycanın da, Ermənistanın da münaqişəni həll etməyə hazır olmadığını demişdi. Azərbaycan prezidenti İlham Əliyevsə C.Kerrinin hər iki tərəfi günahlandırmasının Ermənistanın işğalçı siyasətinə dəstəyin əlaməti olduğunu söyləmişdi.

Müəllif İ.Əliyevin bu sözlərinin israillilərin B.Obama administrasiyasıyla bağlı məyusluğunu xatırlatdığını deyir. B.Obamanın İsrail-Fələstin münaqişəsinə görə hər iki tərəfi günahlandırması İsraildə eyni reaksiya yaratmışdı.

«İSRAİL SSENARİSİ»

Tramp Azərbaycanla bağlı İsraildən nümunə götürməlidir.

"The American Spectator» yazır ki, yanvarın 20-dən fəaliyyətə başlayacaq D.Tramp administrasiyası öz sələflərindən deyil, «İsrail ssenarisi»ndən örnək götürməli, Azərbaycanla münasibətlərini yoluna qoymalıdır. Müəllif İsrailin baş naziri Benyamin Netanyahunun Bakı səfərini xatırladır, bu iki ölkə – müsəlman və yəhudi ölkələri arasındakı əməkdaşlığın miqyasından danışır, ABŞ-a maraqlı olan, yeni administrasiyanın qarşı çıxdığı İranın həm də Azərbaycan və İsraildən ötrü təhlükəsini vurğulayır.

Müəllifin fikrincə, B.Obama administrasiyasından fərqli olaraq, D.Tramp bu müttəfiqlərinə –Azərbaycan və İsrailə layiq olduqları münasibəti göstərməli, onlarla əməkdaşlığı bərpa etməlidir. «ABŞ-ın xarici siyasətdə yenidən liderlik etməsi üçün, ABŞ-a etimadı qaytarmaqdan ötrü onun sadiq müttəfiqləriylə – Azərbaycan və İsrail kimi ölkələrlə qarşılıqlı etibarı bərpa etməsi lazımdır» -deyə «The American Spectator»  yazır.

Azadlıq radiosu



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}