Kim Çen Inın öldürülən qardaşının erməni dostu üzə çıxdı və nələri danışdı...

 

"The Guardian" qəzetinin eksklüziv məqaləsində deyilir ki, Şimali Koreya liderinin atabir qardaşı Kim Çen Nam ömrünün son bir neçə ilini səksəkədə yaşayırmış. Onu tanıyanlar deyirlər ki, o həm ögey qardaşının divanından gizlənir, həm də vətənin taleyi üçün nəsə etməkdə gücsüzlyünə görə dərd çəkirmiş.

"The Guardian" qəzetinə müsahibəsində mərhumun ən yaxın dostlarından və inandığı şəxslərdən biri deyib ki, Şimali Koreyanın hakim sülaləsinə daxil olan Kim çox açıq düşüncəli bir insan imiş və çox güman, onun sürgün olunmasına və sonunda qətlə yetirilməsində də bu cəhət əsas rol oynayıb.

"The Guardian" yazır ki, Kim tez-tez Cenevrəyə səfərlər edərmiş. Bir neçə ay bundan əvvəl o yenə də Cenevrədə olarkən nüfuzlu beynəlxalq məktəbdə bir yerdə oxuduğu tələbəlik yoldaşı Antoni Saakyanla da görüşüb.Bu səfər zamanı Kim və tələbəlik dostu demək olar, hər gün görüşər, kofe içər, siqar çəkər, birlikdə gəzib-dolaşarlarmış.

Saakyanın  yalnız "Lee" kimi tanıdığı tələbə dostu deyirmiş ki, yaşca kiçik ögey qardaşı ona öz hakimiyyətinə təhlükə kimi baxır. "Biz onunla Şimali Koreya rejimini, onun ögey qardaşını, bu ölkədəki vəziyyəti müzakirə edirdik. Mən bir şeyi deyə bilərəm ki, o heç vaxt hakimiyyətdə olmağa maraq göstərməzdi" - 44 yaşlı Saakyan deyib.

Saakyan deyir ki, Lee Şimali Koreya hakimiyyətindən həmişə aralı durmağa çalışarmış. Malayziya rəsmiləri deyirlər ki, onların ehtimalına görə ötən həftə Kim Yonq Namı hava limanında zəhərləyib öldürən qadın Şimali Koreya kəşfiyyatının agenti olub.Kim Çen Nam Kuala Lumpurdan yaşadığı Makau şəhərinə uçmalı idi. Tibb ekspertləri isə deyiblər ki, ölümün dəqiq səbəbləri hələki araşdırılır.

Autopsiya Kimdə nə infarkt vurmasının əlamətlərini, nə də bədən xəsarəti aşkar etməyib.Onun zəhərlə öldürülməsinə dair suallara cavab verərkən rəsmilər deyirlər ki, bu barədə laboratotiya araşdırmaları hələ davam edir.

"The Guardian" yazır ki, Sahakian hələlik Kim Çen Namın daxili aləmi və düşüncələri barədə az-çox müfəssəl məlumat verən yeganə şahiddir. Saakyan deyir ki, Lee gözə çarpan təhlükə içərisində olmasa da, daim səksəkədə idi. "O siyasi əhəmiyyəti olan fiqur idi. Buna görə də narahat olurdu. Əlbəttə narahat idi" – erməni bildirib.

"The Guardian" yazır ki, əslində yaş etibarilə Kim Yonq Nama verilməli hakimiyyətin hansı səbəbdən onun kiçik ögey qardaşına verilməsinin səbəbləri bu gün də bəlli deyil. Kim Çen Namın xalası deyirmiş ki, atası onun üçün əldən-ayaqdan gedirmiş, oğlunu ovcunun içində körpə kimi bəsləyirmiş.

Lakin məsələ burasındadır ki, Kim Çen Namın babası, "ulu öndər" və Şimali Koreya rejiminin banisi Kim Il Sonqun oğlu Kim Çen İlin yerli kinoaktrisa ilə münasibətlərindən narazı imiş. KimÇen Nam məhz bu münasibətlərdən doğulmuşdu.

Buna görə də Kim Çen Namı gözdən iraq etmək üçün ölkədən xaricə çıxarmış, Rusiyaya və İsveçrəyə təhsil almağa göndərmişdilər. O rus, ingilis, alman və fransız dillərini bilirdi.

Saakyan da onunla elə həmin vaxtlarda, 12-13 yaşlarındaykən tanış olub. Onu səfir oğlu kimi təqdim etmişdilər, halbuki əsl atasını Şimali Koreyada liderliyə hazırlayırdılar. "Biz o vaxtlar Şimali və Cənubi Koreyalar arasındakı fərqi başa düşmürdük. Çox şən bir oğlan idi, nəzakətli və səxavətliydi. O vaxtlar həyatı çox sevirdi, axı onu ərköyün böyüdürdülər. Bu adi hal idi"-Saakyan deyir.

Bircə təəccüblü görünən o olmuşdu ki, Saakyanın Şimali Koreyalı dostu 15 yaşı olmasına baxmayaraq, "Mercedes-Benz 600”-ə sahib idi və maşını özü sürürdü.Vətənə qayıdarkən Kim Çen Nam  artıq yetkin bir adam idi, amma artıq Avropanın məhsulu sayıla bilərdi.Xalasının dediyinə görə Şimali Koreyadakı həyat onu boğurdu.

Kim Çen Nam 2001-ci ildə saxta Dominikan pasportu ilə Yaponiyaya qaçmaq istəyəndə gözdən lap düşmüşdü. Məhz bundan sonra Honq-Konq yaxınlığındakı Çin ərazisi Makauda yaşamağa başlamışdı. Arvad-uşağı da orada idilər. Onun Sinqapurda, Pekində də evlərinin olduğunu deyirlər.Ara-bir Parisdən İndoneziyaya uçarkən hava limanındakı restoranlara girər, ona rast gələn jurnalistlərə təbəssümlə baxar, "yox, mən qaçaq deyiləm" deyərdi. Bütün bunlar o demək idi ki, o faktiki olaraq sürgün həyatı yaşayırdı.

Bir dəfə 2011-ci ildə babasının xəstə vaxtlarında Kim Çen Nam yaponiyalı jurnalist Yoji Gomiyə verdiyi müsahibədə öz ölkəsinin gələcəyi barədə siyasi baxışlarını açıqlamışdı.Onda hələ onun qardaşı Kim Çen Inın ölkə rəhbəri seçilməsinə bir-neçə ay qalırdı.

Gomi 2012-ci ildə müsahibələrini kitab halında çap edərkən Kim Yong Namın hakimiyyətin irsiyyətlə ötürülməsinə dair dediyi tənqidi fikirləri də bu nəşrə daxil etmişdi. Kim Çen Nam  bundan sonra səsini bir müddət kəsmişdi. Belə düşünmək olar ki, o "yeni ulu öndərdən", ögey qardaşından qorxurdu.

Bundan bir il sonra, onların dayısı, Şimali Koreyanın ikinci şəxsi "murdar siyasi ambisiyalarına görə" repressiya edilmiş və edam olunmuşdu.Bu edamdan sonra, Kim Çen Nam bir müddət də sakit dayanmış, çox da gözə görünməməyə çalışmışdı. "O öz ölkəsindəki vəziyyətdən kədərlənirdi. Xalqın halına acıyırdı, amma əzab çəkirdi, çünki əlində heç bir iqtidarı yox idi".

Saakyan deyir ki, dostu ona ölkəsindəki "gerontokratiyadan" - Stalin zəmanəsində doğulmuş qoca generalların hakimiyyətindən gileylənərmiş. Kim Çen Nam deyirmiş ki, qardaşı da beləcə monolit sistemin bir hissəsinə çevrilib və həmin o qoca generallarla əhatələnib.

"Amma o düşünmürdü ki, qardaşı həmin generalların dediyi ilə durub-oturur. Sadəcə olaraq ətrafında hamı necə düşünürsə, sən də eləcə düşünməli olursan" – Saakyan deyir. O,  bildirir ki, Kim bir böyük qardaş kimi yüksək hakimiyyətə haqqı çatdığını düşünsə də, ora yüksələcək qüdrəti özündə tapa bilmirdi.

"Onda gərək ürəyini, damarındakı qanı daşa çevirəsən, ya da bu sistemin dəyişməsi üçün böyük qanlar tökülsün" deyə Kim Çen Nam danışırmış.

Saakyan deyir ki, Kim hakimiyyətpərəst deyildi, amma onun haqqında deyildiyi kimi qumarbaz və arvadbaz da deyildi. "The Guardian" yazır ki, Saaakyanın müsahibə verməyə razılaşması da elə bu məqamla əlaqədar olub. O istəməyib ki, dostunun ədalətsiz portreti yaradılsın. "Ola bilsin bir-iki dəfə qumar da oynayıb, içkili də olub, qadınlardan xoşu gəlib. Amma bütün bunlarda qeyri-normal nə var, axı?" – o deyir.

King Çen Nam Saakyana deyərmiş ki, Şimali Koreyanın puluna qalmayıb və ona görə də Avropada bəzi biznes işlərinə girişərmiş. "Cenevrəyə gələndə ucuz kirayə evlərində qalırdı" – dostu deyib. Saakyan deyir ki, əksinə ailəsinin adı onun normal yaşamasına mane olurmuş. Diktatorun oğlu ilə hansı şirkət işləmək istəyər?

Saakyan deyir ki, dostu xarici səfərlərə də rahatca çıxa bilmirdi. Pxenyan onun azad dünyadakı həyatından narahatlıq duyurdu.Kim Çen Namın ölümünə gəlincə isə Saakyanın düşüncəsinə görə bəlkə də həmin qoca generallardan biri, cavan ali rəhbərinə belə bir hədiyyə etmək qərarına gəlib. "Düzünü qardaşı bilir" – o deyir... (BBC-nin xülasəsi)



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}