Rusiyalı ekspert:“Rusiya Suriyada öz potensialını tükədib və ABŞ-la nə edəcəyini bilmir” – Təhlil

Rusiyalı ekspert:“Rusiya Suriyada öz potensialını tükədib və ABŞ-la nə edəcəyini bilmir” – Təhlil

 


"Birləşmiş Ştatlar Rusiya ilə hərbi toqquşma həddindədir”.

Dmitri Medvedyev Amerika ordusunun Bəşər Əsəd qoşunlarının istifadə etdiyi aviabzaya hava zərbəsinə bu cür bəyanatla reaksiya verib.

"Vəssalam. Seçkiqabağı dumanın qalıqları dağıldı. Tramp administrasiyası əsas düşmən İŞİD-lə birgə mübarizə barədə tirajlanmış tezisin əvəzinə sübut etdi ki, Suriyanın qanuni hökuməti ilə amansız mübarizə aparacaq” – deyə, Rusiya hökuməti başçısı "facebook” sosial şəbəkəsindəki səhifəsində belə yazıb.

ABŞ HDQ-nin Aralıq dənizində baza salmış USS Ross və USS Porter iki esminesi Suriyanın şimalındakı Şayrat aviabazasına 59 "tomaqavk” qanadlı raketi buraxıb. Bu əməliyyat haqda əmr vermiş ABŞ prezidenti Donald Trampın bildirdiyi kimi, şübhə yoxdur ki, Suriya hökumət qoşunları İdlib əyalətində kimyəvi silah işlədib.

Tramp deyib ki, bununla yanaşı, "Bəşər Əsədin davranışını dəyişmək cəhdləri heç nəyə səbəb olmayıb” və Suriyada axan qanı durdurmaq üçün "bütün sivil xalqları” ABŞ-a qoşulmağa çağırıb.

ABŞ və Kanada İnstitutu Yaxın Şərq münaqişələri analizinin Mərkəzinin direktoru Aleksandr Şumilin hesab edir ki, ABŞ-ın raket zərbəsindən sonra Suriyada hadisələrin inkişafı növbəti addımlardan aslı olacaq.

Ekspertin fikrincə, Suriya hökumət qüvvələrinin aviabazasına "tomaqavklar”la zərbə qısamüddətli perspektivdə Rusiya-Amerika münasibətlərinə mənfi təsir edəcək, uzunmüddətli perspektivdə isə hər şey hadisələrin sonrakı inkişafından asılı olacaq.

Onun sözlərinə görə, problem bundadır ki, hazırda "hər şeyin və hər kəsin yenidən dəyərləndirilməsi baş verir”.

Şumilin izah edir: "ABŞ prezidenti Donald Tramp Əsədə və Rusiyanın Suriyadakı roluna münasibətini yenidən nəzərdən keçirib, Vladimir Putin isə İran və Suriya prezidenti Bəşər Əsədlə münasibətlərini yenidən qiymətləndirir – uzunmüddətli planda bütün bunlar müəyyən dərəcədə məqsədəuyğun və səmərəlidir”.

Ekspert hesab edir ki, indi Moskvanın amerikalıların onun müttəfiqinə hücumuna nə ilə cavab verəcəyi məsələsi durur, "çünki Rusiya Suriyada öz potensialını tükədib və Birləşmiş Ştatlarla toqquşmaya hesablanmayıb”.  Onun fikrincə, Moskvada amerikalıların bu hərəkətinə necə cavab verəcəklərini hələlik anlamırlar.

Şumilin deyir: "Ehtimal ki, Rusiya tərəfdən hansısa rəmzi jestlər gözləmək mümkündür, amma bütün bunlar tərəflərin ən yaxın vaxtlarda atacağı addımlarla müəyyən olunacaq. Bu əməliyyat ABŞ və şəxsən Tramp üçün son dərəcə uğurludur, lakin Putin və Rusiya üçün nəyin uğurlu olacağını demək çətindir. Siyasətçilərin deyil, generalların məntiqi – zərbəyə zərbə cavabı üstün gəlsə, onda hər şey məhv olacaq”.

Politoloq Aleksey Makarkin isə qeyd edir ki, "ABŞ prezidenti Donald Trampın dönəmində Rusiya-Amerika münasibətlərinin gündəliyi indiyədək tərtib edilməyib. Suriya problemi üzrə onlarla razılaşmağın mümkün olub-olmayacağı qətiyyən aydın deyildi”.

Onun sözlərinə görə, Rusiyada Trampla bağlı ilkin gözləntilər çox sürətlə sovrulub, lakin əvvəllər hesab edilirdi ki, "Suriyada terrorizmlə mübarizə məsələsi iki ölkəni yaxınlaşdıra bilər, xüsusən də ona görə ki, demokratlardansa, Trampda Suriya prezidenti Bəşər Əsədin personajına daha praqmatik yanaşma var idi”.

Makarkinin sözlərinə görə, Amerika "tomaqavklar”ı ilə Suriyaya zərbədən sonra "hər şey kəskin şəkildə dəyişilib, aydındır ki, Suriya üzrə razılığa gəlmək artıq mümkün olmayacaq. Başqa kəskin məsələlər, məsələn, Ukrayna və nüvə silahı üzrə də nikbin heç nə yoxdur”.

Politoloq deyir: "Rusiya-Amerika münasibətlərində inam problemi  var. Bu, Obama dövründə aşağı səviyyədə idisə, hazırda daha da aşağı düşüb, çünki Rusiya hesab edir ki, Amerika Suriyaya qarşı təcavüz aktı həyata keçirib. Digər tərəfdən, Amerikada düşünürlər ki, Rusiya Əsədi müdafiə edir və bunun xatirinə kimyəvi hücum haqda dünya ictimaiyyətini aldadır”.

Aleksandr Jelenin

Rosbalt.ru




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}