Amerika eksperti:“İranla müharibə üçün inqrediyentlər tədricən toplanır, daxili ünsürlərlə iş aparılacaq” – Təhlil

Amerika eksperti:“İranla müharibə üçün inqrediyentlər tədricən toplanır, daxili ünsürlərlə iş aparılacaq” – Təhlil

 

Amerika Fox News telekanalı bu günlərdə maraqlı məlumatla çıxış edib. ABŞ dövlət katibi Tillersonun Təmsiçilər Palatasının 2018-ci il maliyyə ili üzrə büdcə üzrə xarici məsələlər komitəsində dinləmələrdə çıxış edərkən qeyd edib ki, "ABŞ siyasəti İranın  nüvə proqramı çərçivəsində onun imkanlarını cilovlamağa yönəlib” və "İranda  hökumətin dinc yolla dəyişdirilməsinə səbəb olacaq daxili ünsürlərə dəstək üzrə iş aparılacaq”.

Telekanal Tehranın reaksiyasına diqqət yetirib. İranın BMT səfiri Qulaməli XoşruBMT baş katibi Antoniu Quterrişin adına məktubda dövlət katibinin bəyanatını "1981-ci il Əlcəzair sazişinin biabırçı pozuntusu” adlandırıb. Sazişə əsasən, Birləşmiş Ştatlar siyasi və yaxud hərbi vasitələrlə birbaşa və yaxud dolayısı ilə İranın daxili işlərinə qarışmamağı öhdəsinə götürüb.

Amma təkcə bu deyil.  Fox News durumun bir neçə önəmli özəlliklərini göstərib. Birincisi, Tillersonun çıxışı prezident Həsən Ruhaninin növbəti dördillik müddətə seçilməsindən bir neçə həftə sonra baş tutub. İkincisi, Xoşrunun sözlərinə görə, dövlət katibinin bəyanatı məxfiliyi bu yaxınlarda götürülmüş, "İranın xəlqi və demokratik seçilmiş baş naziri Məhəmməd Müsəddiq hökumətinin 1953-cü il avqustun 19-da devrilməsində Amerika agentlərinin rolunun dəqiqləşdirildiyi”sənədlərin dərci ilə üst-üstə düşür .

Tillersonun ağlında belə bir şeyin olub-olmadığını söyləmək çətindir, burada təsadüf də mümkündür. Amma Tehran başqa cür düşünərək hesab edir ki, Vaşinqton Ruhaninin başı üzərindən Müsəddiqin kölgəsini asmaq istəyir. Həqiqətən də, ABŞ Milli Təhlükəsizlik Arxivi saytında məxfiliyi götürülmüş yeni "Birləşmiş Ştatların beynəlxalq münasibətləri, 1952-1954, İran” sənədlər məcmuəsinin nəşri haqda məlumat gedib. Həmin saytda dərc edilmiş əlavə qeyddə bildirilir ki, məcmuəyə "İranda gizli əməliyyatların planlaşdırılması və həyata keçirilməsi haqda, onilliklər ərzində İran baş naziri Məhəmməd Müsəddiqin devrilməsində Amerika və Britaniya xüsusi xidmətlərinin roluna dair bütün isnadların buraxıldığı daxili debat və ictimai müzakirələrin predmeti olmuş İran, Amerika və Briyaniya planının maraqlı təfərrüatları daxil edilib”.

Bu dəfə hər şey başqa cürdür və Amerika araşdırıcısı, məcmuənin redaktoru Malkolmn Birnin dəyərləndirməyinə görə, adamı "sarsıdır”.

 

Müsəddiqi necə aradan götürüblər

 

Bu başdan dəqiqləşdirmə aparaq: 1953-cü ildə MKİ və Britaniya kəşfiyyatının iştirakı ilə İran baş naziri Müsəddiqin devrilməsi üzrə əməliyyatın tarixşünaslıqda təsbit edilmiş adı – "Ayaks” – düzgün deyil. Onun əsil adı TPAJAX-dır. Rusiya tarixçiləri əməliyyat xüsusiyyətli bir neçə detal istisna olmaqla qalan məsələlərdə o dövr İrandakı hadisələri adekvat şəkildə təsvir edib, İran hökuməti başçısının uzaqlaşdırılmasında MKİ və Britaniya kəşfiyyatının əli olduğunu göstəriblər. Bunlar Yaxın Şərqdə durumun sabitsizliyi və Vaşinqtonla Tehran arasında qarşıdurmanın yeni burumu fonunda yüksək maraq doğurur.

İran II dünya savaşı dövründə faktiki olaraq işğal zonalarına bölünmüşdü. Şimalda sovet, cənubda Britaniya qoşunları durmuş və ölkədaxili siyasi duruma təsir edirdi. 1948-ci ildə İranın neft sərvətlərinə sahibliyi hələ 1933-cü ildə daha 60 il müddətinə uzatmış İİNŞ-ə (İngiltərə-İran neft şirkəti) qarşı fəal çıxışlar başlayıb. Neft sənayesinin milliləşdirilməsi uğrunda hərəkata Məhəmməd Müsəddiq başçılıq edib. İran Məclisi 1951-ci il martın 15-də uyğun qanun qəbul edib, 1951-ci il aprelin 29-da isə Müsəddiqinn başçılığı ilə yoxsulluqla mübarizə və xarici (hər şeydən əvvəl, Britaniya) asılılığından qurtarmağa yönəlik geniş islahatlar proqramını işə salan hökumət formalaşdırılıb.  Onun proqramının əsas maddəsi İİNŞ ilə münasibətlər sisteminin dəyişilməsi olub. Müsəddiq tələb edib ki, britaniyalılar neft satışından İran büdcəsinə ayrılan məbləği, məsələn, amerikalıların Səudiyyə Ərəbistanında etdiyi kimi 50%-ədək artırsın. Şirkət rəhbərləri qəti imtina ediblər, bu da uğursuz danışıqlar silsiləsindən sonra şirkətlərin İrandakı obyektlərinin milliləşdirilməsinə səbəb olub. Cavabında London İran neftini almaqdan imtina edib. Bu, effekt verməyəndə İran sahillərinə hərbi gəmilər göndərilib. Onların vəzifəsi dəniz mühasirəsini təşkil etmək olub. ABŞ prezidenti Harri Trumen britaniyalıları düşünülməmiş addımlardan zorla çəkindirib. Durum Duayt Eyzenhauerin hakimiyyətə gəlişilə dəyişib.

İran keçmiş baş naziri Məhəmməd Müsəddiq

 

Müharibədən sonra İranın şimal və qərb rayonlarını tutmuş sovet qoşunları artıq oradan çıxarılmışdı. 1950-ci illərin başlanğıcında Vaşinqtonda isə "kommunizm yoluxması”na qarşı durmaq mövzusu da o qədər aktual idi. ABŞ və İngiltərə onlara tabe KİV-lər vasitəsilə baş nazirinin nüfuzdan düşməsi üçün irimiqyaslı kampaniyaya başlayanda və ölkənin şimalında isə silahlı partizan dəsətələri peyda olanda MKİ-nin məxfiliyi götürülmüş sənədlərində məhz bu mövqe də göstərilib. MKİ-nin dərc edilmiş daxili istifadə üçün hesabatlarından birində deyilir: "Məhəmməd Müsəddiq xarici mətrbuatda tez-tez təsvir edildiyi kimi, nə dəli, nə qocalığın emosional pozğunluğundan əzab çəkən adam idi, lakin millətçilik ideallarına o qədər sadiq qaldı ki, hətta ən yaxşı və təmənnasızlıq halında onu xalqına yardım edə bilməyəcək mətləblərə qət etdi. İngiltərə-İran neft şirkəti ilə sövdələşmədən imtina edərək – ancaq onun güzəştsiz şərtləri ilə – faktiki olaraq Britaniya hökumətinin peşəkar siyasətçilərinə meydan oxudu. Bu liderlər əsassız olmayaraq hesab edirdilər ki, Böyük Britaniyaya ucuz neft və şirkətə yüksək gəlir milli maraqlar üçün həyat önəmli idi”.

Müsəddiq Sovet İttifaqı ilə ticarət sazişi bağlayandan və Macarıstan, Polşa və Çexoslovakiya ilə danışıqlara başlayandan sonra onun devrilməsi haqda qərar qəbul edilib. Lenqlinin (Vaşinqtonda MKİ-nin yerləşdiyi rayon-tərc.) sənədində deyilir: "Baş naziri və onun Milli Cəbhəsini devirən hərbi çevriliş MKİ-nin rəhbərliyi altında Birləşmiş Ştatların xarici siyasət aktı kimi həyata keçirilib və hökumətdə ən yüksək səviyyədə planlaşdırılıb və təsdiq olunub”.

Lakin intriqa bunda deyil. MKİ Müsəddiqlə bağlı sənədlərin məxfiliyini hissə-hissə götürür. Vaşinqton bunu əvvəllər "xeyirxah iradə” jesti, İslam respublikası rəhbərliyi ilə mümkün danışıqlardan qabaq "meydançanı təmizləmək” kimi təqdim edirdi. Bəs indi? Ola bilsin, bu, sonralar "rəngli inqilablar” adını almış qeyri-zorakı çevrilişlərin təşkili texnologiyasının nümayişdir?

 

Ruhaniyə zərbə baş tutacaqmı?

 

Zahirən paradoksal durum yaranır: İran prezidenti Ruhani ABŞ və Qərblə yaxınlaşmağa cəhd edib və edir, lakin Donald Tramp administrasiyası tərəfdən sərt basqıya məruz qalır. Vaşinqton zahirən nüvə sazişinin onun üçün qəbuledilməz olduğunu bildirir, Tehranı "bölgə və dünya terrorizmini dəstəkləməkdə” ittiham edir, bölgədə ona qarşı düşmən hərbi-siyasi koalisiyanın yaranmasına təkan verir.

ABŞ-ın bu cür hərəkətlərinə tarixi oxşarlıq axtarsaq, onda doğrudan da, 1953-cü il hadisələrinə çıxırıq. Xüsusən də Suriya istiqamətində, Britaniya nəşri "The Conversation”-ın fikrincə, "ABŞ-ı hövsələdən çıxardan” Rusiya-İran-Türkiyə alyansının fəaliyyətinə görə.

Vaşinqton prezident Ruhaniyə qarşı "mühafizəkar kart”ı oynatmaq və ABŞ vitse-prezidenti Maykl Pensin sözlərinə görə, "İran probleminin həllində ən yaxşı variantları təklif etmək” niyyətindən sirr düzəltmir. Lakin güman etmirəm ki, ABŞ indiki məqamda Tehrana nisbətdə hərbi varianta hazır olar. Çox ehtimal kii, o, İranda "beşinci” deyilən dəstə vasitəsilə mühafizəkarları liberallara qarşı qoymaq istəyir ki, Tehranın nüvə sazişindən çıxması üçün şərait yaransın. MKİ-nin keçmiş analitiki, Milli Kəşfiyyat Şurası Yaxın Şərq şöbəsinin başçısı postundan 2005-ci ildə istefa vermiş Pol Puillar "National Interest” dərgisinin səhifələrində qeyd edir: "Nə qədər faciəli olsa da, İranla mümkün müharibə üçün inqrediyentlər tədricən toplanır”.

Ən azı, İrana münasibətdə düşmənlik rejimin dəyişilməsi cəhdlərinə, ən pis halda ölkə daxilində və yaxud bölgədə "qaynar savaş”ı qızışdıra bilər. Belə ki İranın BMT səfirinin Tillersonun bəyanatına kəskin reaksiyası heç də təsadüfi deyil.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}