ŞİMALİ KOREYANIN 10 TRİLYON DOLLARLIQ SƏRVƏTİ:bəlkə, Pxenyana qarşı raket sınağı ittihamı bəhanədir? - ARAŞDIRMA

ŞİMALİ KOREYANIN 10 TRİLYON DOLLARLIQ SƏRVƏTİ:bəlkə, Pxenyana qarşı raket sınağı ittihamı bəhanədir? - ARAŞDIRMA

 

Entoni Fensom

"Natinal Interest” (ABŞ)

 

10 trilyon $-lıq təbii sərvət ola-ola raketlərə ehtiyac varmı? Şimali Koreyanın mineral zənginliyini dəyərləndirən hər hansı bir mədənçinin ağzının suyunu axıtmaq üçün bu sözlər kifayətdir.

Beynəlxalq sanksiyalar və resurs hasilatının yoxluğu bu tərki-dünya krallığın enerji və qaynaq sektorunun inkişafına mane olsa da, qazanc əldə etmək istəyən dostlarının köməyinə bel bağlaya bilər.

Qiymətli faydalı qazıntılar barədə məlumatı Cənubi Koreyanın bir tədqiqat institutu açıqlayıb. O, 2010-cu ildə Şimalın resurslarını 10 trilyon dollar səviyyəsində dəyərləndirib. Bu, Cənubun sərvətlərindən 20 dəfə çoxdur.

Cənubi koreyalı bir mədən şirkəti başqa bir qiymətləndirmə ilə məlum rəqəmi 6 trilyon dollara yaxınlaşdırıb.

Bu cür rəqəmlər təxmin kimi nəzərdən keçirilməlidir, çünki ehtiyatlar və iqtisadi qazanc arasında fərq mövcuddur. Məsələn, tədqiqatçılar Aydakı resursların potensialını yüksək qiymətləndirir, lakin onların hasilatı çox böyük xərclər tələb edir.

Buna baxmayaraq, Şimali Koreyanın mis, qızıl, dəmir filizi və sink ehtiyatları, nadir torpaq mineralları, potensial neft və qaz ehtiyatları yoxsul kommunist hökumət üçün dəyərli bir sərvətdir.

ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, 200-dən artıq müxtəlif faydalı qazıntı arasına dünyanın ən böyük ikinci maqnetit ehtiyatları və altıncı ən böyük volfram yatağı daxildir.

Ölkədə ümumi daxili məhsuldan (ÜDM) adambaşına təxminən 1700 dolların (alıcılıq qabiliyyəti pariteti) düşdüyü Şimali Koreya dünyanın ən kasıb ölkələrindən biridir və Somali kimi dövlətlər sırasında 215-ci yer tutur.

Müqayisə üçün, əhalisi az və zəngin resursları olan Monqolustanda ÜDM-dən adambaşına 12.300 dollar düşür.

1970-ci illərdə mədənçilik sektoruna üstünlük verilsə də, avadanlıqların, ekspertizaların və infrastrukturun yoxluğu ucbatından o məhdudlaşdırılıb.

"Lloyd Vaşey” Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin məlumatına görə, 1990-cı illərdən etibarən Şimali Koreyanın mədən sənayesində istehsal xeyli azalıb, mövcud şaxtalarda istismar tempi onların potensialından 30% az olub.

"Dağ-mədən avadanlıqlarının çatışmazlığı var və Şimali Koreyanın ağır iqtisadi vəziyyəti, enerji çatışmazlığı və elektrik şəbəkəsinin ümumiyyətlə pis durumuna görə o, yeni avadanlıq ala bilmir", – hesabatda qeyd olunur.

Bu maneələrə baxmayaraq, o cümlədən özəl mədənçiliyə qadağalar da daxil olmaqla, sektor hələ də Şimalın iqtisadiyyatının təxminən 14 faizini təşkil edir.

Çin Şimalın ən böyük müştərisidir və 2016-cı ilin ilk yarısında Şimali Koreyanın Çinlə ümumi ticarət dövriyyəsi həcminin yarıdan çoxunu faydalı qazıntıların ixracı, xüsusən də kömür təşkil edib.

Çin şirkətlərinin, Musandakı mədən kompleksinə 500 milyon dollarlıq sərmayə də daxil olmaqla, bir sıra Şimali Koreyalı mədənlərinə investisiya yatırdığı bildirilir. Digər beynəlxalq şirkətlər, o cümlədən Avstraliya, İngiltərə, Malayziya və Sinqapurdan olanlar əvvəllər Şimalın enerji və ehtiyat potensialını araşdırıblar.

Bununla yanaşı, nüvə proqramı ucbatından beynəlxalq sanksiyaların sərtləşdirilməsi və Çinin inkişaf bumu işığında əmtəə qiymətlərinin azalması Şimalın resurs ehtiyatlarına zərbə vurub.

Pxenyan raket sınaqlarını davam etdirdiyindən avqust ayında Çin Şimali Koreyadan kömür, dəmir filizi və dəniz məhsulları idxalını dayandırdığını açıqlayıb. Bu, BMT Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq fevral ayından etibarən bütün kömür idxalını dayandırması barədə əvvəlki elanının ardınca edilib.

Şimali Koreyanın beynəlxalq ticarətinin təxminən 90 faizi Çinin payına düşdüyündən sanksiyalar rejimin ən böyük pul qaynaqlarından birini kəsəcək.

Seuldakı Şimali Koreya Resursları İnstitutunun prezidenti Çoy Kyunq-sunun sözlərinə görə, "Şimali Koreyanın pul qazanması üçün çox məhdud yolları var: silah satma, qaçaqmalçılıq və mədənçilik. Sanksiyalar sayəsində silah hazırlamaq və ya narkotik maddə satmaq çox çətindir, Buna görə də, Şimali Koreyanın bu gün pul qazanmasının yeganə qanuni yolu faydalı qazıntıları satmaqdır".

Amma vəziyyət dəyişərsə, Rusiya və hətta Cənubi Koreya Şimalın mineral zənginliyindən faydalanmağı planlaşdırır.

May ayında Cənubi Koreyanın İnfrastruktur Nazirliyi Şimalda mümkün infrastruktur layihələri, o cümlədən resurs sektoruna dair təklifləri açıqlayıb. Bu ehtiyatlar Şimal və Cənubun birləşdiyi halda, Şimalın infrastrukturunun bərpasına xərclənəcək.

Kim Çen Inın strateji qumardan imtinası mədənçilik və enerji sektorunun inkişafına beynəlxalq dəstək qazandıra bilər.

Əvvəllər rejim beynəlxalq iqtisadi yardım üçün öz nüvə ambisiyalarını "satırdı”. "Guardian" qəzetinin yazdığına görə, təxminən 10 trilyon dollarlıq sərvət "Kim adlı bir neçə lider nəslinin" maliyyələşdirilməsinə bəs edər.

Bununla yanaşı, Şimalın mineral və enerji ehtiyatları, ehtimal ki, yaxın gələcəkdə istifadə olunmayacaq və Pxenyanın siyasətində kəskin dəyişmə baş verməyəcək.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}