Latviyada unudulan azərbaycanlı bombardir...

Latviyada unudulan azərbaycanlı bombardir...

 


 

 

12 noyabr 2018-ci il tarixdə baş məşqçi Qurban Qurbanov "Millətlər liqası” turnirində keçiriləcək son iki ölüm-dirim oyunu üçün millinin heyətini açıqladı. Siyahıda  Mirabdulla Abbasov, Şəhriyar Əliyev kimi yeni adlar görsək də, digər dəvət göndərilənlər sırasında nə ət, nə balıq olmağı bacaran, faydalı iş əmsalı sıfır olanlar da yer alıb.

Q.Qurbanov yığmanın sükanı arxasına keçəndə demişdi: "İstər ölkə daxilində, istərsə də xaricdə çıxış edən hər bir futbolçunu diqqətdə saxlayacaq, millidə oynamağa layiq olan futbolçuların hamısına dəvət göndərəcəyik”.Amma hələki ifadənin əksini görürük.

Millətlər Liqasına hazırlıq çərçivəsində Q.Qurbanovun rəhbərliyi altında yığma 3 təlim-məşq toplanışı və 6 yoxlama oyunu keçirdi. Millinin heyətində yeni simalar görsək də Almaniya Regional Liqasında "Dinamo Berlin ( hal-hazırda III Bundesliqa klubu "Proyssen”də oynayır )” klubunda çıxış edərək adı çəkilən liqada 28 qolla bombardir olan Rüfət Dadaşov kimi azsaylı legioner futbolçumuz yer almadı.

Yoxlama görüşlərində çıxış edən futbolçular içərisində özünü yaxşı tərəfdən göstərənlər olsa da müdafiənin mərkəzi, sağ cinahı və hücumçu mövqeyindəki problemlər həll olunmamış qaldı. Açıq qalan problemlər sonradan seçmə mərhələnin ilk 2 turunda da millinin axsaq tərəflərini bütün çılpaqlığı ilə göstərəcəkdi...

Millimizin seçmə mərhələyə hazırlıq ərəfəsində keçirdiyi təlim-məşq toplanışlarıyla bağlı 24.05.2018-ci il tarixdə komanda.az və 07.08.2018-ci il tarixdə Ədalət qəzetinin saytında geniş təhlil-tənqidi yazılar yazmışdım.

Oktyabrın 11 və 14-də yığmamız Farer adaları və Malta milliləriylə növbəti qrup matçlarını keçirdi. Birincilərə səfərdə qalib gəlsək də Bakıdakı matçda çırtdan maltalılar yenə millimizə ciddi müqavimət göstərərək həm hesabı açdılar, həm də xal qoparmağı bacardılar. Son iki matç nəticəsində əsas yenilik uzun müddətdən sonra azsaylı legioner futbolçularımızdan olan Rüfət Dadaşovun yenidən milliyə çağırılması idi. Elə yazım  millimizdə oynamağa layiq olan, amma nədənsə hələ də millinin qapıları üzünə bağlı olan futbolçu ilə bağlıdı. Bu barədə bir az sonra danışacam. Hələlik qayıdaq Rüfət Dadaşovun qayıdışına.

Elə sentyabrda start götürən "Millətlər Liqası” turnirində evdə Kosovo millisiylə qolsuz, səfərdə isə, maltalılarla qeydə alınan "1:1” hesablı heç-heçələr və hücum xətdindəki dişsizlik Q.Qurbanovu ciddi düşünməyə və islahatlar həyata keçirməyə məcbur etdi. O, anladı ki, "Krılya Sovetov”un heyətində özünü doğrulda bilməyən Ramil Şeydayev, hücumçu keyfiyətləri olmayan, meydana yalnız "ayaq basmaq” üçün çıxan Ruslan Qurbanov və performasından qat-qat zəif çıxış edən Mahir Mədətov kimi "forvard”larla nə rəqib qapıçılarını məyus etmək, nə də Avro-2020 –yə vəsiqə qazanmaq mümkün olacaq. Futbol ictimaiyyəti, yazarlar, azarkeşlərin tənqid, qınaqla zəngin etirazları da məşqçinin qulaqlarında çoxdan idi ki, təbil siqnalı vururdu. Bütün bunları nəzərə alan Qurban bəy, ötən mövsüm Almaniya Regional Liqasında 28 qolla bombardir olan və sərgilədiyi oyunu ilə istər Almaniya, istərsə də bizim mətbuatda özündən söz açdıran, yayda isə III Bundesliqa təmsilçisi "Proyssen” klubuna transfer olunaraq həm komandasının aparıcı üzvünə, həm də bombardirinə çevrilən Rüfət Dadaşovu uzun fasilədən sonra yığmaya dəvət etdi. Dönüşü ilə seçmə mərhələnin son iki oyununda start 11-də meydana çıxan Rüfət nəinki oyunu ilə göz oxşadı, hətta yuxarıda qeyd etdiyim dişsiz "hücumçu”lardan bir neçə baş üstün olduğunu sübut etdi. Hər iki oyunda Rüfətin qol vura bilməməsinə baxmayaraq, həm sürət-texnikası hesabına cinahdan rəqibin müdafiəsini yarmaqda, həm "ikinci” mərtəbədə əksər mübarizələrdən qalib ayrılmaqla, həm də çoxsaylı qol imkanları yaratmasıyla millinin hücum xətdinə yeni nəfəs və yaradıcılıq gətirdi. Bu templə davam etsə növbəti oyunlarda onun qol və ya qollar vurması istisna deyil.

Yığmamızın heyətində yer alan hücumçuların öz klublarındakı göstəricilərinə nəzər yetirək:

Ruslan Qurbanov. Bu futbolçu "Səbail”in heyətində ( həm start heyətində, həm də əvəzetmədən  oyuna qoşularaq) 11 oyunda meydana çıxıb, cəmi 2 qol vurub. Əsasən ofsaylara düşmək, topu itirmək, qeyri-dəqiq zərbələr endirmək, fərdi ustalığı çox aşağı olmasıyla diqqət mərkəzindədi.

Ramil Şeydayev."Qarabağ”da 6 aylıq icarə əsasında çıxış etdikdən sonra müqaviləylə məxsus olduğu "Trabzonspor”a qayıtsa da "bordo-mavililər” onun xidmətində maraqlı olmadılar. Nəticədə Ramil Rusiyanın "Krılya Sovetov” klubuna transfer olundu. Lakin futbolçumuz yeni klubunda da heyətə düşməkdə çətinlik çəkir. O, yeni komandasında cəmi 3 oyunda sonradan meydana çıxaraq cəmi 53 dəqiqə oynayıb.

Mahir Mədətov. O, "Qarabağ”ın heyətində son 9 oyunda meydana çıxaraq 3 qol vurub. Bu futbolçunun böyük perspektivi olsa da hələ ki, formasından qat-qat zəif çıxış edir.

Latviyada unudulan azərbaycanlı bombardir...

 

 

Mirabdulla Abbasov.23 yaşlı forvard cari çempionatdagöstərdiyi oyunuyla diqqət cəlb etməyi bacardı. O, son 11 oyuna 5 qol vurmaqla adını bombordirlər siyahısına sala bilib. Amma bütün bunlara baxmayaraq, onun yığma təcrübəsi yoxdur. Millinin hücum xətdindəki çatışmamazlığı tam aradan qaldıracağı da inandırıcı deyil. Lakin digər 3 "forvard”lardan fərqli olaraq yaxşı formadadı.

Rüfət Dadaşov. "Proyssen”in heyətində əsasən start 11-lik də yer alaraq son 15 turda 7 qola imza atıb. Bununla da o, klubunun ən məhsuldar, III Bundesliqanın isə bombardirləri sırasındadır. Eyni zamanda Rüfət öz performansına görə milinin ön xətdində əsas forvarddır desək yanılmarıq.

Onu da xüsusi qeyd edim ki, millimizin qrupda keçirdiyi son 4 oyunda top fərqi "5:2”yə nisbətində xeyrimizə olmasına baxmayaraq, beş qolun heç birini hücumçular vurmayıb. Rüfəti çıxmaq şərtiylə yuxarıda qeyd etdiyim "faydalı iş” əmsalına malik "hücumçu”larla bundan artığını gözləmək xam xəyaldır. Yaxşı ki, Təmkin Xəlilzadə, Riçard Almeyda, Araz Abdullayev, Dmitri Nazarov kimi futbolçularımız var. Yoxsa qol vurmaq üzünə həsrət qalar, yalnız öz qapımızda qollar görmək və topları tordan çıxarmaqla məşğul olardıq. İndi isə keçək əsas mətləbə.

Qurban bəyin nəzərindən qaçmış və ya nəzər yetirmək istəmədiyi, millinin hücum xətdində yer alan Ruslan-Ramil-Mahir üçlüyü ilə müqayisədə daha yaxşı formada və yığmada oynamağa layiq olan Vüqar Əsgərovdur. Adı çəkilən forvard Berti Foqsun zamanında yığmaya dəvət edilsə də cəmi 3 oyunda meydana çıxıb ki, o da yoldaşlıq matçları olub.İllərdir yığmanın qapıları üzünə bağlı olan futbolçumuzu müxtəsər olaraq diqqətinizə çatdırıram.

Adı çəkilən futbolçu 14 may 1985-ci ildə Sumqayıtda dünyaya göz açsa da bir il sonra ailəvi olaraq daimi yaşamaq üçün Latviyanın Liepaya şəhərinə köçürlər. Vüqar 12 yaşından yerli "Metallurq”un uşaq komandasında futbolun sirlərini öyrənməyə başlayır. 16 yaşında "Metallurq – 2” klubunda çıxış etməyə başlayır. 2008-ci ildə Vüqarın ulduzu parlamağa başlayır, həmin il o, adı çəkilən komandanın heyətində 28 oyuna çıxaraq 15 qol vurmaqla diqqət mərkəzinə düşür. Tezliklə futbolçu Latviya 1-ci liqasında mübarizə aparan "Elqava” klubuna transfer olunsa da orda heyətə düşməkdə çətinlik çəkir. 2010-cu ildə Vüqar Latviya "Virslinq Liqasında ( əsas premyerliqa )” mübarizə "Yurmala” klubuna transfer olunur. Bu klubda da əsas heyətə düşə bilmir və mövsüm ərzində cəmi 8 oyunda meydana çıxaraq 4 qol vurmaqla kifayətlənir. Növbəti mövsümü 1-ci liqada mübarizə aparan "Varavinske” klubunda keçirərək 11 oyunda 14 dəfə rəqib qapıçıları məyus edir. Növbəti mövsüm Latviya "Virslinq Liqasında” mübarizə aparan öz doğma şəhərinin əsas komandasına - "Metallurq”a transfer olunur.  O, bu klubun heyətində 3 mövsüm çıxış edərək 31 oyunda 7 qol vurur, komandası həm çempionatda 2-ci yeri tutur, həm də kubokun finalçısı olur ( 2011-ci ildə ). Növbəti iki mövsümdə də komanda kubokun finalınçısı olur. 2013-cü ildə Vüqar "azad agent” statusuna malik futbolçu kimi vətənə qayıdaraq dünyaya gəldiyi Sumqayıtın eyni adlı komandasına transfer olunur. Lakin 2013-2015-ci illərdə onun Azərbaycanda karyerası uğursuzluqla nəticələnir. İstər "Sumqayıt”, istər "Araz-Naxçıvan”, istərsə də "Zirə” klubunda özünü doğrulda bilmir. 2015-ci ildə yenidən Latviyaya qayıdan Vüqar 1-ci liqada mübarizə aparan "1625 Liepaya” klubuna keçir. Yeni komandasında 15 oyun keçirərək 22 qola imza atan futbolçumuz 1-ci liqanın ən məhsuldar futbolçulardan biri olur. 2016-cı ildə o, digər 1-ci liqa təmsilçisi "Olayne”yə transfer olunur. 2 il ərzində Vüqar, bu klubun heyətində 48 oyunda meydana çıxaraq 59 qol vurmaqla çempionatın bombardiri olur, həmçinin 2016-cı ildə 1-ci liqanın "ən yaxşı” futbolçusu seçilir. Lakin klubu pley-off oyunlarında məğlub olaraq premyerliqaya vəsiqəni əldən verir. Bundan sonra Vüqar digər 1-ci liqa təmsilçisi olan "Dauqavpils” klubuna transfer olunur. Onun komandası isə 25 turdan sonra 67 xalla 12 komanda arasında çempion adını qazanmaqla, premyerliqaya vəsiqə qazanır. Vüqar isə, 25 oyunda meydana meydana çıxaraq 31 qolla həm komandasının, həm də çempionatın ən məhsuldar hücumçusu adını qazanır.

Çoxları deyir ki, "axı Vüqarın 33 yaşı var, yığmada oynamağı çətin olar”. Bu qeyd edilən ifadə bəhanədən başqa bir şey deyil, çünki son DÇ-da 36, 37, 38, hətta 45 yaşı olub millinin start heyətində yer alan futbolçular gördük. Futbolçu formadadırsa yaş önəm kəsb etmir. Nəzərə alsaq ki, qarşıda bizi evdə Farer adaları ilə çətin, səfərdə isə Kosovo millisiylə qrupdan çıxmaq üçün ölüm-dirim oyunu gözləyir, Vüqar Əsgərov kimi əla performansa, qol duyumuna malik hücumçu millimiz üçün olduqca gərəkli idi.

Görək Qurban bəy, bu dəfə də Vüqar Əsgərovun üzünə qara qapıları kilidləyərək, ondan daha zəif performansa malik Ruslan-Mahir-Ramil "üçlüyü” ilə yaşıl meydanda hansı "Qavqamel” zəfərini qazanacaq?!...

Abdulla İsmayıloğlu,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}