“FOX HABER” TÜRKİYƏDƏ NİYƏ BU QƏDƏR POPULYARDIR? –Trampın dostuna məxsus TV kanalı uzaq ölkədə onu hər gün yıxıb-sürüyür

“FOX HABER” TÜRKİYƏDƏ NİYƏ BU QƏDƏR POPULYARDIR? –Trampın dostuna məxsus TV kanalı uzaq ölkədə onu hər gün yıxıb-sürüyür

 

Raqib Soylu

"Middle East Eye”, 29.01.2019

 

"Trampa güvənə bilərikmi? – deyə "Fox Haber” aparıcısı Fatih Portakal bu ayın əvvəlində TV-də canlı yayım zamanı tamaşaçılara müraciət edib.–  Siz bu məsələdə Trampa və ya başqa bir imperialistə güvənə bilməzsiniz”.

Türk jurnalistin danışıq dili həyəcanverici olsa da, unikal deyil.

Əslində, bu kanal ABŞ-da Donald Trampa dost kabel xəbər şəbəkəsi sayılır, amma Türkiyədə olduqca fərqli bir ahəng alıb. Fox TV müxbirləri ABŞ prezidenti və administrasiyasını tez-tez "dişləyirlər”. ABŞ prezidenti bundan xəbər tutsa, yəqin ki, şok keçirəcək.

Tramp "Fox News” proqramları, o cümlədən "Fox & Friends and Justice”ə mütəmadi baxır, bu verilişlərdə qaldırılan məsələlər haqqında tez-tez tvit atır.

ABŞ presidenti Donald Tramp və Rupert Mördok / AFP

Lakin Amerikadan min kilometrlərlə uzaqlıqda mühafizəkar avstraliyalı media maqat Rupert Mördokun nəzarətindəki "Fox TV”-də "Trampın həyasız təhdidi” plakatı nümayiş olunur.

Ankara və Vaşinqton arasındakı əlaqələrə bir müddətdir kölkə düşüb. ABŞ-ın Suriya kürdlərinə verdiyi dəstək, bir amerikan pastorun həbs olunması və 2016-cı ildə baş verən dövlət çevrilişinə liderlik edən din xadimini Vaşinqtonun təhvil verməkdən imtina etməsi ucbatından NATO müttəfiqləri üz-üz gəlib. Hətta Türkiyədəki son iqtisadi böhran zamanı ticarət müharibəsi də ortaya çıxıb.

Portakalın sözlərinə görə, Tramp NATO müttəfiqləri arasında hərbi gərginliyi körükləyir. "Türk hökuməti daha açıq olmalı və Türkiyədəki İncirlik və Kürəcik bazalarını bağlamaq məsələsini nəzərdən keçirməlidir, çünki Tramp düşmən kimi davranır”.

 

Türkiyədə aparıcı kanal

Əlbəttə, "Fox TV” Vaşinqton və Ankara arasındakı son gərginliyə tənqidi yanaşan yeganə media quruluşu deyil, amma onun açıqladığı fikirlər gündəm mövzulardır.

İstanbuldakı Kadir Has Universiteti tərəfindən 2018-ci ilin əvvəlində keçirilən bir sorğunun nəticəsinə görə, türk ictimaiyyətinin 60,2%-i ABŞ-ı təhdid sayır. Eyni zamanda, özəl "Optimar” tərəfindən aparılmış sorğunun nəticələrinə görə, respondentlərin 71 faizindən çoxu özünü anti-amerikaçı hesab edir.

"Bu fonda ABŞ-ı tənqid edən xəbər proqramları "Fox TV”-nin legitimliyini təmin edir, – deyə bir veteran türk jurnalisti anonimlik şərti "MEE”-aya bildirib. – Bu, insanların kanalın sahibi haqqında az düşünməsinə gətirib çıxarır və millətçi mesajlar türk auditoriyasında məşhurlaşır”.

2006-cı ildə Mördokun 96 milyon dollara satın aldığı "Fox TV” hazırda Türkiyənin aparıcı kanallarından biridir. "Fox News” ölkədə ən çox izlənilən və ən populyar türk teledramlarından belə populyar proqramdır.

"Onlar çox məşhurdur. Təsəvvür edin, bütün ölkədə 100 televizordan 20-30-da "Fox News”-a baxılır”.

Oksford Universiteti və "Reuters” xəbər agentliyinin ortaq araşdırmasına əsasən, Türkiyə vətəndaşlarının 48%-i "Fox TV”-nin əsas və ən etibarlı xəbər mənbəyi olduğunu söyləyib.

"Fox TV” tamaşaçıları bu kanalın xəbərlərini, Türkiyənin digər TV-ləri ilə müqayisədə, daha müstəqil olduğunu düşünürlər.

"Sərhədsiz Reportyorlar”ın Türkiyə təmsilçisi Erol Önderoğlu keçən ilin yayında deyib ki, Türkiyənin ən böyük media qrupu olan "Doğan” hökumətə yaxın iş adamına satıldığından hökumət milli mətbuatın 85%-ini nəzarətinə alıb.

Məsələn, ATV və "Fox”-un əsas rəqibləri olan Kanal D hökumətpərəst media şirkəti tərəfindən idarə olunur.

Hüquq müdafiə qrupları ölkədə mətbuat azadlığı barədə xəbərdarlıq ediblər. Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi keçən ilki hesabatında Türkiyədə ən az 68 jurnalistin həbs olunduğunu açıqlayıb.

İstanbulda yaşayan 34 yaşlı Cəfər Arslan xanımı ilə hər axşam "Fox News”-a baxdığını söyləyib, çünki digər əsas türk kanalları "çox hökumətpərəst”dir.

Arslan deyir ki, "başlıqları internetdə yayımlayan xəbərəri yalnız bu TV-də eşidib görə bilir”.

Həqiqətən, "Reuters” Fox TV-ni Türkiyədə hökumət tənqid edən kanallardan biri kimi səciyyələndirib. Ancaq bəzi türklər bu səbəbdən ona qarşıdırlar. 31 yaşlı istanbullu Süleyman Kidil xarici sahibinə görə "Fox” televiziyasına güvənmədiyini söyləyib. 40 yaşlı bir evdar xanım isə müxalif mövqeyinə görə bu TV-yə heç vaxt baxmayacağını deyib.

 

Rəsmilərlə qarşıdurmalar

Türk hökumət səlahiyyətliləri son aylarda "Fox”-un jurnalistləri ilə mübahisələrə girişib.

Ötən ilin oktyabr ayında Türkiyənin kənd təsərrüfatı naziri Bəkir Pakdemirli qəzəbli şəkildə "Fox” jurnalisti ilə mübahisə edib. Nazirə verilən mal ətininin qiymtindəki artım, gizli tender və korrupsiya şübhəsinə dair sualla əlaqədar.

Kadrlardan görünür ki, nazir sualdan özünü itirib. Cavab vermək əvəzinə, Pakdemirli jurnalisti təlxəklikdə ittiham edib. Daha sonra "Fox” jurnalistlərinə rəsmi məqamlara giriş qadağansı qoyulub.

Dekabr ayında Fatih Portakal Rəcəb Tayyib Ərdoğanın qəzəbinə düçar olub. Fransanın "sarı jiletlilər” hərəkatı haqqında sözlər insanları küçələrə səsləmə kimi yozulub.

"Möhtərəm prezident deyir ki, insanlar azad şəkildə etiraz edə bilərlər. Məncə, o, həqiqətən belə düşünmür. Gəlin təbii qaz qiymətlərinin artımın dinc şəkildə etiraz edək. Neçə adam küçəyə çıxacaq? Neçə nəfər döyülmədən qorxmur?”

Bir neçə gün sonra Ərdoğan buna qətiyyətlə cavab verib: "Həddini bil, əxlaqsız və zəkasız, əks halda, insanlar səni şallaqlayacaqlar”.

Məsələ bununla bitməyib.

Prezidentin bəyanatından qısa müddət sonra Türkiyə Radio və Televiziya Ali Şurası Portakalın sözlərinə görə "Fox TV”-nin axşam xəbər bülleteninin üç yayımını dayandırıb.

Buna cavab olaraq Portakal bu cür qadağaların "Fox”-un reytinqini artırdığını və kanalı məşhurlaşdırdığını söyləyib.

"Fox TV”-nin xəbər və idman proqramları şöbəsinin müdiri Doğan Şentürk isə şəbəkənin hökumət təzyiqinə məhəl qoymadan xəbər verməyə davam edəcəyinə dair "tweet” atıb.

Tərcümə: Strateq.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}