Sahil Babayev vəzifəsini qoruya bilməyəcək

 

Sahil Babayev vəzifəsini qoruya bilməyəcək

 

 11 ayın naziri 10 ilin nazirindən daha çox narazılıq doğurub


Sahil Babayevin əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilməsindən hələ 11 ay tam keçməsə də, o, 10 il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəhbərlik etmiş Əli Nağıyevlə müqayisədə daha çox narazılıq doğurub. Həmçinin Sahil Babayevlə müqayisədə, 7 il eyni vəzifəni tutmuş Füzuli Ələkbərovun da məsumluğu aşkar görünür. Sahil Babayevi hətta sələfi Səlim Müslümovla da müqayisə etmək mümkün deyil. Səlim Müslümov beş il nazir olsa da, özünü xələfi kimi gözdən salmamışdı. Halbuki, Səlim Müslümovdan sonra məsum görünmək üçün onun törətdiklərini təkrar etməmək yetərli idi. Ancaq Sahil Babayev cəmi 11 ay ərzində özünü o qədər gözdən salıb ki, hətta iqtidaryönlü mediada belə kəskin tənqid olunur. Bunun əsas səbəblərindən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Özünüməşğulluq proqramı”nın icrası çərçivəsində layihə qalibi olan və təssərrüfata sahib işsiz vətəndaşlara ailəsini dolandırmaq üçün verdiyi heyvanların bir hissəsinin xəstə olmasıdır. Bununla bağlı iqtidaryönlü mediada və telekanallarda çoxsaylı faktlar əksini tapdıqdan sonra, nazir Sahil Babayev də bu faktları etiraf etmək məcburiyyətində qaldı. "Özünüməşğulluq proqramı”nın icrası prosesinin gedişində rayonlarda ciddi xoşagəlməz hallara rast gəlinmədiyini deyən nazirin belə halların qarşısını almaq üçün hansısa tədbir gördüyü məlum deyil.

Qeyd edək ki, "Özünüməşğulluq proqramı”nın icrası çərçivəsində vətəndaşlara iri və xırda buynuzlu 30 min baş heyvan paylandığı haqqında məlumat var. Nazir Sahil Babayev özünə bəraət qazandırmaq üçün yalnız paylanan heyvanların 1 faizi ilə bağlı narazılıq olduğunu deyir. Ancaq nazir, əksər məmurlar kimi, həmin xəstə heyvanlara xərclənən büdcə pullarının onun şəxsi sərvəti olmadığının fərqində deyil. İxtisasca hüquqşunas, hətta hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə malik olan Sahil Babayev dərk etmir ki, istifadə etdiyi hər manat büdcə pulunun hesabını verməlidir. Buna görə də,  heyvanların qiymətinin ödənişlər daxil olmaqla 1800 manatdan yuxarı olmadığını, ödənişlər çıxılandan sonra hər baş heyvanın təxminən 1300-1400 manata alındığını bildirir. Bu prosesin digər maraqlı tərəfi heyvanların alınma prosesinin şəffaf olmamasıdır. Buna görə də vətəndaşlarda həmin prosesdə qaranlıq məqamların mövcudluğu ilə bağlı narahatlıqlar var. İqtidaryönlü mediada yer alan məlumata görə, heyvanların alınması ilə tenderdə qalib gəlmiş 2 şirkət – "Aqri Kon” MMC və "Bis Co” MMC konsorsiumu məşğul olur. Qeyd edək ki, "Aqri Kon” MMC ötən ilin yayında yaradılıb. Dövlət qeydiyyatından 28 iyun 2018-ci ildə keçən "Aqri Kon” MMC-nin nizamnamə fondu cəmi 10 manatdır. Umudov Elman Teyyub oğlunun direktor olduğu bu müəssisənin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 121, mənzil 1-dir. Məlumat üçün qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özü də Nəsimi rayonu, Salatın Əsgərova küçəsində yerləşir. Ötən ilin yayında yaradılmış bir şirkətin belə böyük tenderin qalibi olmaq üçün hansı maddi-texniki bazaya sahib olması haqqında da heç bir məlumat yoxdur. Barəsində mətbuatda əksini tapan məlumatlara münasibət bildirməkdən yayınan nazir Sahil Babayev ötən ilin yayında yaradılmış bir şirkətin tenderdən qalib çıxması ilə bağlı cəmiyyətdəki şübhələrə aydınlıq gətirməlidir.

"Özünüməşğulluq proqramı”nın faktiki olaraq iflasa uğraması, bu proqramın piar effektinin hakimiyyətin əleyhinə işləməsi və ümumiyyətlə Sahil Babayevin 11 ay öncə ona göstərilən etimadı doğrultmaması onun karyerasını təhlükəyə atıb. Kadr siyasəti ilə bağlı yaranmış narazılığın üzərinə xəstə heyvanlarla bağlı məqamı da gələndə, nazir Sahil Babayevin etimadı qətiyyən doğrultmadığı aydın görünür.

Məlumata görə, çox yaxın zamanlarda Sahil Babayevin vəzifəsindən azad edilməsi gündəmə gələcək. Onun yerinə isə, Kənd təsərrüfatı naziri İman Kərimov təyin oluna bilər. Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətində şəffaflığı, çevikliyi artırmağa nail olan İman Kərimov, subsidiyalar ətrafında korrupsiyanı da minimum səviyyəyə sala bilib. Bu isə, ona göstərilən etimadı bir qədər də artırıb. İqtidar dəhlizlərində gəzən şaiyələrə görə, Sahil Babayev vəzifəsini yaxın zamanlarda həyata keçiriləcək struktur islahatları çərçivəsində itirəcək. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iki qurumla birləşdirilərək yeni nazirlik yaradılacağı gözlənilir. Bu prosesin gedişində isə, Sahil Babayev vəzifəsini qoruya bilməyəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi layihələrlə bağlı yerlərdən redaksiyamıza daxil olan məlumatları araşdırmağa çalışırıq. Mövzunun aktuallığını, vətəndaşların narazılığını nəzərə alıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətini daha ayxından izləməyə çalışacağıq. Sahil Babayevin və onun rəhbərlik etdiyi Nazirliyin rəsmilərinin deməyə sözü varsa, onları da dinləməyə hazırıq. Ümid edirik ki, "Aqri Kon” MMC-nin direktoru Elman Umudov da rəhbərlik etdiyi şirkətin Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elan etdiyi tenderdə necə qalib gəlməsinə aydınlıq gətirməkdən çəkinməyəcək.

 

Azad Aydın,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}