“PUTİN 2024-CÜ İLƏ QƏDƏR SSRİ-nin BƏRPASINI İSTƏYİR” - “Lukaşenkonu küncə sıxışdırıb...” + VİDEO

“PUTİN 2024-CÜ İLƏ QƏDƏR SSRİ-nin BƏRPASINI İSTƏYİR”

 

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin məşhur jurnalist Slavik Şusterin proqramındakı çıxışı Ukraynada böyük rəğbətlə qarşılanıb. 

Dekabrın 6-da efirə gedən verilişdə əvvəlcə Ukrayna prezidenti Vladimir Zelenski, daha sonra Radadakı müxalif partiyaların təmsilçiləri çıxış ediblər.

Proqramın əsas mövzusu V.Zelenskinin V.Putinlə gözlənilən görüşü olub. Pyotr Poroşenkonun partiyasını təmsil edən sabiq parlament sədri Andrey Porubiy və parlamentdə təmsil olunan digər partiya sədri, tanınmış musiqiçi Svyatoslav Vakarçuk V.Zelenskinin xarici siyasətini tənqid ediblər. Həmçinin, onun Putinlə danışıqlarda güzəştlərə gedəcəyindən, hətta kapitulyasiya analmı daşıyan razılıqlara imza atacağından ehtiyatlandıqlarını bildiriblər.

 

 

Lakin proqramda iştirak edən Mixeil Saakaşvili və Ukraynanın birinci prezidenti Leonid Kravçuk V.Zelenskini müdafiə ediblər. Xüsusilə Saakaşvilinin fikirləri auditoriya tərəfindən olduqca müsbət qarşılanıb. Saakaşvili çıxışında deyib ki, Gürcüstandakı prezidentliyi dövründə Putinlə danışıqlarının 30-dan çox raundu olub.

Sabiq prezident bildirib ki, Putinin məqsədi aydın və dəqiqdir: "O, hardasa 2024-cü ilə qədər, hansısa miqyasda SSRİ-nin bərpasını istəyir. O, Moldovada müəyyən addımlar ataraq, hakimiyyətə rusiyayönümlü hökuməti gətirdi. O, müxtəlif oyunlarla praktiki olaraq, Lukaşenkonu küncə sıxıb. Və o, Ukraynanı daha da zəiflətmək istəyir...”

Saakaşvili daha sonra deyib ki, Putin Rusiyada müxalifəti məhv etdiyi üçün ölkəsində formal da olsa tam ictimai dəstəyə malikdir. Ona görə də istənilən danışıqlarda özünü rahat hiss edir. 

V.Zelenski isə hələ danışıqlar başlamamışdan Ukraynada müxtəlif təzyiqlər və təhdidlərlə üz-üzə qalıb. İnsanları "Maydan”a çıxmağa, çadırlar qurmağa çağıranlar var. Bu da belə vacib danışıqlar öncəsində təkcə Zelenskinin deyil, ümumilikdə Ukraynanın xeyrinə olmayan bir durum yaradır. Sabiq prezident hesab edir ki, belə ümummilli məsələlərdə müxalifət mütləq prezidenti dəstəkləməli, milli birlik nümayiş etdirməlidir.

Saakaşvilinin fikrincə, Zelenskinin təcrübəsiz olması heç də həlledici rol oynamır. O, qeyd edib ki, hətta Zelenskini Ukraynanın indiyə qədər hakimiyyətdə olmuş prezidentləri sırasında ən yaxşı dövlət başçısı hesab edir. Və Putinin Zelenskini aldada, danışıqlarda məğlub edə biləcəyini düşünmür.

 

Saakaşvili bildirib ki, siyasətçilər belə vacib məsələlərdə reytinq arxasınca qaçmamalıdırlar: "İmkan vermək olmaz ki, Putin, yaxud Ukraynanın düşməni bizim fikir ayrılıqlarımıza baxıb gülsün... Mən Zelenskini çox yaxşı başa düşürəm. Onun mativasiyasını anlayıram... Mən ilk görüşdən əvvəl(Putinlə görüş nəzərdə tutulur-red.) Moskvadakı Georgi kilsəsinə gedib, dua etdim ki, görüş uğurlu alınsın. Mənim fikrimcə, gəlin "Maydan”a yox, kilsəyə gedək və danışıqların uğurlu alınması üçün dua edək.”

Saakaşvilinin fikrincə, Ukraynadakı münaqişənin həlli açarı Putinin cibindədir və o görsə ki, Ukraynanın bütün siyasi spektri bu məsələdə birlik göstərir, istər-istəməz rəsmi Kiyevin mövqeyilə hesablaşmalı olacaq. Ondan sonra çıxış edən Ukraynanın birinci prezidenti Leonid Kravçuk da Saakaşvilinin fikirlərilə həmrəy olduğunu bildirib və Zelenskini dəstəklədiyini söyləyib.

Cəlal 



Oxşar Xəbərlər

Xəbər lenti