Sumqayıt Dövlət Universitetində “kredit ziddiyyətləri”

Sumqayıt  Dövlət  Universitetində  “kredit  ziddiyyətləri”
İddiaya görə, bu ali təhsil müəssisəsinin tələbələri “Boloniya kreditləri”ni yığa bilmək üçün, banklardan maliyyə krediti almalı olurlar...

Bu günlərdə yolum Sumqayıt şəhərinə düşmüşdü. İş elə gətirdi ki, Bakı-Sumqayıt marşrutu üzrə işləyən taksilərdən birində bu şəhərin sakinlərindən olan bir gənclə yol yoldaşı oldum. Söhbət əsnasında öyrəndim ki, həmin gənc Sumqayıt Dövlət Universitetinin (SDU) IV kurs tələbəsidir. Bu məqam məndə dərhal xüsusi maraq oyatdı. Məsələ bundadır ki, artıq bir neçə müddətdir ki, redaksiyamıza SDU-nun fəaliyyətində yer almı müəyyən neqativ hallara dair məlumatlar daxil olmaqdadır. Elə bu səbəbdən də məqamı fürsət bilib, bəzi məsələlərə həmsöhbətim tərəfindən münasibət bildirilməsini ondan xahiş etdim. Sən demə, gəncin də ürəyi dolu imiş. Şərti olaraq İlqar adlandıracağım bu gəncin dedikləri aldığımız məlumatları nəinki təsdiq etdi, hətta bizə təqdim olunan açıqlamalarım reallıqda SDU-da baş verənlərin heç yarısını belə əks etdirmədiyini də vurğulamış oldu. İlk növbədə İlqar bildirdi ki, 2014-cü ildə Elxan Hüseynovun Sumqayıt Dövlət Universitetinə rektor təyin olunması hər şeydən öncə öz təsirini bu ali təhsil müəssisəsində uzun müddətdən bəri “formalaşmış” qiymətlərin artmasında göstərmiş oldu. Belə ki, keçmiş rektorun dövründə bir imtahana görə tələbələrdən 50 manat pul alınırdısa, keçən ildən bu məbləğ artıq 80 manat civarında müəyyənləşdirilib. Dövlət imtahanının qiyməti isə təxminən 800-1000 manat məbləğində təyin olunub. İlqarın sözlərinə görə, bir çox tələbələr yaranmış bu vəziyyətlə bağlı hazırda olduqca böyük maddi sıxıntılar yaşamaqdadırlar. Məsələ bundadır ki, universitetin boloniya sisteminə keçidi ilə bağlı, müəllimlər bir çox əlavə təsir imkanları da əldə etmiş olublar. Belə ki, tələbələr imtahan kəsirlərinin yaranacağı təqdirdə, sonradan artıq daha çox ödəniş etmək məcburiyyətində qalacaqlarını bilirlər. Buna görə də, hər bir tələbə nə yolla olursa-olsun tələb olunan pulu vaxtında tapıb çatdırmağa çalışırlar. Maraqlıdır ki, İlqar SDU-da imtahanlar dövründə “oxuyan və oxumayan” tələbələr arasında heç bir fərq qoyulmadığını da xüsusilə vurğuladı. Bildirdi ki, pul ödənilməyəcəyi təqdirdə burada imtahandan qiymət almaq faktiki olaraq mümkün deyil. Məhz bu səbəbdən də əksər imkansız tələbələr banklardan kredit götürərək, imtahan pulunu ödəmək məcburiyyətində qalırlar. İlqarın sözlərinə görə, bu gün SDU-da kredit borcu olmayan tələbəyə nadir halda rast gəlmək olur. Maraqlıdır ki, SDU-da həyata keçirilən bu pul yığımları sözün əsil mənasında zəncirvari reaksiyaya səbəb olur ki, universitet rəhbərliyi bu prosesi də əlavə gəlir qaynağı olaraq öz nəzarətinə götürə bilir. Belə ki, qeyd olunduğu kimi, əksər tələbələr imtahanlardan “kəsilməmək” üçün banklardan kredit götürürlər. Təbii ki, bu kreditləri də geri ödəmək tələb olunur. Bunun üçün isə işləmək lazımdır. Deməli, tələbələr artıq universitetdəki dərslərdən yayınaraq, istehsalatda və ya müxtəlif obyektlərdə işləməyə məcburdurlar. Bu isə öz növbəsində külli-miqdarda qaiblərin yaranması deməkdir. Üzürsüz qaiblərin sayında isə aydındır ki, müəyyən olunmuş limit mövcuddur və bu hədd aşılarsa, bu zaman tələbə universitetdən xaric oluna bilər. Elə SDU rəhbərliyinin prosesə nəzarəti əldə saxlamaq üçün təsir vasitəsi kimi yararlandığı məqam da məhz budur. İlqarın dediyinə görə, Elxan Hüseynovun göstərişi ilə universitetdə limitdən artıq qeydə alınmış hər qaibin “silinməsi” 10 manata başa gəlir. Beləliklə də, universitet rəhbərliyi burada təhsil alan tələbələri faktiki olaraq heç bir sərmayə tələb etməyən, havayı işçi qüvvəsi kimi istismar edir.
Yeri gəlmişkən, İlqarın sözlərinə görə Sumqayıt Dövlət Universitetində “silinmə” əməliyyatları tətbiq edilən sahə təkcə qaiblər məsələsi deyil. Həmsöhbətim bildirdi ki, bu gün SDU-da dövlət vəsaitləri də sürəkli olaraq belə “silinmələrə” məruz qoyulurlar. Təbii ki, burada məbləğlər daha böyük olur. İddiaya görə, bu məqsədlərlə universitetdə il ərzində bir neçə dəfə cari və əsaslı təmir işləri “həyata keçirilir”. Daha doğrusu bu işlərin yalnız görüntüsü yaradılır. Lakin elə bu görüntü effekti də külli miqdarda dövlət vəsaitlərinin mənimsənilməsinə kifayət edir. Həmsöhbətim belə bir məqamı da qeyd etdi ki, bu “silinmələrin” həyata keçirilməsində Elxan Hüseynovun əsas yardımçısı qismində İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyev çıxış edir. İlqarın sözlərinə görə 2005-2014-cü illərdə Sumqayıt Dövlət Universitetində xüsusi şöbənin müdiri işləmiş Naib Hacıyevin keçmiş rektorun vəzifədən kənarlaşdırılması məqsədilə o vaxtlar aparılan xüsusi anti-təbliğat kampaniyasının yönləndirilməsində də özünəməxsus rolu olmuşdur...
Təəssüflər olsun ki, mənzil başına çatmağımız səbəbindən, gənc həmsöhbətimdən məni maraqlandıran bir çox digər məsələlər barədə daha ətraflı məlumat ala bilmədim. Amma artıq eşitdiklərim də, bu mövzuda araşdırmaların davam etdirilməsinin vacibliyinə dair məndə kifayət qədər möhkəm əminlik yaratmış oldu. Ümid edirəm ki, aidiyyatı olan qurumlar da materialda irəli sürülən iddialarla yaxından maraqlanacaqlar.
Qarşı tərəfinin mövqeyini dinləməyə hazırıq.
Vəfa Qafarova


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}