Mürsəl Əliyev həbs oluna bilər? -Milli Geoloji Kəşfiyyat Xidmətinin sabiq rəisi problemlə üzləşib


Sabiq Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov tərəfindən xidməti ərazilərdə ekoloji qanunvericiliyin pozulmasına, xüsusilə yaşıllıqların məhv edilməsinə qarşı zəruri tədbirlər görülməməsinə, məlumat və şikayətlərin vaxtında araşdırılmamasına görə  vəzifəsindən azad edilmiş Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin rəisi Mürsəl Əliyevin ötən ilin iyununda  Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi təyin olunması təəcüblə qarşılanmışdı.

 Çünki, Mürsəl Əliyevin 2013-cü ildə vəzifəsindən azad edilən zaman bu məqsədlə nazir tərəfindən imzalanan əmrin preambula hissəsində yer alan ittihamlar o qədər çox və ciddi idi ki, Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin rəisinin həbsi üçün də əsaslar olduğu qəanəti yaranırdı. Amma nədənsə Mürsəl Əliyev, ancaq Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentin rəisi vəzifəsindən kənarlaşdırıldı və Mineral Xammal Elmi Tədqiqat İnstitutunun direktoru təyin edildi. Məlumatlara görə, o zaman Mürsəl Əliyevin həbsdən yayına bilməsinin səbəbi nüfuzlu akedimiklərdən birinin məsələyə müdaxilə etməsi olub. Məhz həmin akademikin məsələyə müdaxilə etməsi Mürsəl Əliyevin həbsdən yayınması ilə yanaşı Mineral Xammal Elmi Tədqiqat İnstitutun direktoru təyin edilir. 

Hüseynqulu Bağırov Ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edildikdən, onun yerinə isə Muxtar Babayev nazir təyin edildikdən sonra Mürsəl Əliyev yenidən yüksək vəzifə qazanmaq niyətinə düşür. Məlumatlı mənbənin sözlərinə görə, Mürsəl Əliyevin 2013-cü ildə həbsdən yayınmasında müstəsna rolu olan akademik də onun yenidən yüksək vəzifəyə qayıtmasına yardım edib. Ancaq cəmi bir il sonra Mürsəl Əliyev Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev 11 iyun 2020-ci ildə tutduğu vəzifədən azad edilib. 

Redaksiyamıza daxil olan məlumata görə Mürsəl Əliyevin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi vəzifəsindən azad edilməsinin özəl səbəbi var. Belə ki, daş, çınqıl və qum karxanalarının fəaliyyətinin araşdırılması prosesinə Mürsəl Əliyev rəhbərlik edib. Bu araşdırmalar başlayan zaman Azərbaycanda 800-dən artıq daş, çınqıl və qum karxanası olub. Məlumatlara görə, araşdırmalardan sonra həmin karxanalardan yarısının fəaliyyəti dayandırıldı. Fəaliyyəti dayandırılan karxanalara tətbiq edilən ziyanın həcmi 30 milyon manat həddində olub. Məlumatlara görə Mürsəl Milli Geoloji Kəşfiyyat Xidmətinin sabiq rəisi problemlə üzləşibƏliyev bəzi karxanaların cərimələrdən yayınmasına və fəaliyyətini davam etdirməsinə imkan yaradıb. Məsələn, İsmayıllı rayonundakı karxanalardan birinin 500 min manat müqabilində cərimələrdən yayınması və fəaliyyətini davam etdirməsi haqqında redaksiyamıza məlumat daxil olub. Biz həmin 500 min manatın Mürsəl Əliyevə çatdığını iddia edə bilmərik. Ancaq şübhə yaradan məqam Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin bir il öncə etimad göstərib yüksək vəzifə verdiyi şəxsi müəmmalı şəkildə vəzifəsindən azad etməsi dedi-qoduların əsassız olmadığı qənaətini yaradır. 

Redaksiyamıza daxil olan məlumata görə, hazırda hüquq-mühafizə orqanlarının birində Mürsəl Əliyevlə bağlı araşdırılma aparılır. Onun həbsinin də gündəmə gələcəyi istisna olunmur. Mürsəl Əliyevlə bağlı araşdırmanın bir şikayət üzrə aparıldığı da redaksiyamıza daxil olan məlumatlarda öz əksini tapıb. Hələlik həmin şikayətin motivi ilə bağlı tam dəqiq məlumatımız yoxdur. Ancaq yaxın günlərdə bununla bağlı məlumat əldə edəcəyik. Mövzu ilə bağlı Mürsəl Əliyevin də mövqeyini öyrəndikdən sonra araşdırmalarımızı davam etdirəcəyik. 

Vəfa Qafarova,

“Yeni Sözçü”qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti