Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
"Biz sadəlövhcəsinə inanırdıq ki, Razim ağanı törətdiyi əməllərə görə yəqin həbs edərlər. Heç demə kişinin başını tumarlayıb yuxarı aparıblar... Vəssəlam! "5-ci kalonna” budur!”
Məqalə yazmağın klassik üslubundan əl çəkib, tamam başqa tərzdə söz demək istəyirəm. Yəqin ki, bir azdan niyyətimi biləcəksiniz. Gördüklərimi, bildiklərimi, nəhayət məni əvvəl-axır gora aparacaq dərdlərimi fraqmentlər halında qələmə alıram.
Son vaxtlar bizim gülməşəkər qələm ərbabı tez-tez "5-ci kalonna" sözünü işlədir. Bu söz İspaniyanın məşhur dövlət xadimi general Frankodan yadigar qalıb. 1938-ci ildə onun başçılığı altında ordu sol qüvvələrin nəzarəti altında olan Madridə həmlə edir.
Əməliyyat müşavirlərinin birində Franko xəritə üzərində hücum planını cızarkən "5-ci kalonna” sözünü yazır. Təəccübünü gizlədə bilməyən bir zabit soruşur: - Cənab general, axı bizim göz qarşısında cəmi dörd hücum kalonnamız var, bu beşinci haradanm çıxdı?
Franko cavab verir:- Mənim 5-ci kalonnam Madridin içindədir, vaxt gələndə o, sözünü deyəcək...
...Həlledici döyüşlər başlayanda, "5-ci kalonna” Madridin özündə respublikaçıları arxadan vurdu və məsələ bitdi.
O vaxtdan bu söz hər yerə yayıldı. Ölkə daxilində düşmənə hər cür kömək göstərən, camaatın arasında nifaq toxumları səpən, inamsızlıq yaradan, xülasə hər dürlü təxribat törədənlərdən danışanda bu sözdən istifadə edirlər. Yarım əsrdir mətbuatdayam, elmi məqalələrimin sayı-hesabı yoxdur. Gizlətmirəm, özlərini demokratiya uğrunda mübariz, istiqlal fədailəri kimi qara kütləyə sırıya bilmiş macəraçılara nifrət etmişəm. Çünki qondarma hərəkatın, onun məkrlə bütləşdirilən "xadimlərinin” kim tərəfindən idarə olduğunun əla bilirdim. Çox biləməyim də mənə baha başa gəldi...
Ölkənin başının üstünü almış fəlakəti duyub, xalqı xabi-qəflətdən bidar etmək istəyənləri bir-bir dənlədilər. Aqibət göz qabağındadır...
Məmləkətin tən yarısı yox, sayı on milyona çatmış xalq Xəzərin sahillərinə sıxışdırılıb, neçə-neçə bölgənin itirilməsində əli olanlar neynim demədən yaşayırlar, inam qırılıb, heç kim heç nəyə inanmır, cəmiyyətdə mənəvi cırlaşma (deqredasiya) son həddə çatıb. "Yoxdur” sözü eşidilməsə də, amma hamı narazıdır. İnternetdə baş verənlərlə, qəzetlərdə çap olunan xəbərlərlə tanış olursan, ayağının altından yer qaçır. Qətl-qarət, zinakarlıq, intihar halları ölkəni başına alıb. Müharibə vəziyyətində olan ölkədə əgər belə ab-hava varsa, cinayət aləminin məşhur simaları az qala əfsanəvi Robin-Qud kimi təbliğ olunurlarsa, Dubay yoluna düşmüş "qızlara” evlənmək üçün oğlanlar sinov gedirlərsə, deməli bu xarabada pak mənəviyyatdan, ideoloji işdən ancaq axmaqlar danışa bilərlər.
Bakı, vitrinləri ləl-cəvahiratla dolu maqazini xatırladır, hər yer alışıb yanır, bərq vurur, sərvətdən göz qamaşır, musiqidən qulaq tutulur... Arxada isə dar həyətdə nəcasat iyindən, üfunətdən durmaq olmur, çirkab hər yanı basıb... Güzəranımız budur!
Mətləbdən yayınmayaq, axı biz "5-ci kalonna”dan danışırdıq. Bu imansız guruhun əsas solistləri Prezident sarayında oturublar. Məhz bu nakəslər Prezidentə, birinci vitse-rezidentə ünvanlanan vacib məlumat və haqlı şikayətlərin qarşısını alırlar. Kimdir bunlar?
Azərbaycanı göz qabağında tarac edən, ellik zəmanətlə bir-birilərinə bağlı olan tüfeyli məmurların, təyin olunmuş "millət vəkillərinin” əlaltıları, əziz-giramları, övladları
Bu haramzadalar ancaq sadiq təbəəlik izhar edən mədhiyyə dolu şanlı namələrə yaşıl işıq yandırırlar. "5-ci kalonna” budur!
Vacib ricət
...Heydər Əliyevi təzə-təzə MK-nın birinci katibi təyin etmişdilər. Onu çoxu heç sifətdən də tanımırdı. Şayiələr baş alıb gedirdi... Təzə katibin təğyiri-libas olub küçə, bazarı gəzməsi, maqzinlərə baş çəkməsi barədə hamı danışırdı. Səhv etmirəmsə ”Azneft” sistemində işləyən bir məmur "Atəşgah” restoranında oğlu üçün toy eləmişdi. Masabəyi də tanınmış sənətşünas Mürsəl Nəcəfov idi, indiki eyş-işrətlə müqayisədı bu toy demək olar ki, heç nə sayıla bilərdi.
Bu toyda nə fəxri adlara layiq görülmüş "patentli” pozğun vardı, nə də on min manat ənam alan tanınmış "mavi”. Heydər Əliyev təzə vəzifədə zəhmini bu məmura göstərməklə hamının gözünün odunu almaq qərarına gəldi. Çox keçmədi ki, Mərkəzi Komitədə xüsusi iclas çağrıldı, toy yiyəsinin nəinki özünü, hətta oğlunu da işdən çıxartdılar. Mürsəl Nəcəfova necə göz ağartdılarsa kişi uzun müddət özünə gələ bilmədi.
Bu andıra qalmış müstəqillik dövründə isə formalaşmış dinin, imanın, insafın nə olduğunu bilməyən nuvoriş (yəni, görməmişlər) zümrəsi həyasızlıqda yeganədir. Söz demək də olmur, artıq-əskik edəcəksən, səni məhkəməyə verəcəklər, ay haray, qoymayın, bu filan, filan şudə bizi təhqir edir, nüfuzumuza rəxnə vurur. Marionetə dönmüş hakimlər də yuxarıda oturmuş yırtıcının göstərişinə tabe olub evini yıxacaqlar.
Milli məclisin spikerinin müavini Ziyafət (Maşallah, ada baxın!) Əsgərov Bakının ən bahalı ən təmtəraqlı restoranında toy büsatı qurur.
Yalan–doğru onu deyirlər ki, belə restoranda bir yerin qiyməti iki yüz manatdır. Belə yerlərdə verilən təamlar bizim orta əsr əmirlərimizin yuxusuna da girməyib. Tarixdən bilirik ki, qanlar bahasına, ölüm-zülümlə müstəqillik qazanmış ölkələrdə hakimiyyətə gələnlər xalqın gözündən düşməmək üçün bir müddət özlərini imam övladı kimi aparıblar.
Bizdə isə elə birinci saatdan talan-tarac başladı. Bu illər ərzində şahidi olduğumuz dəhşətlər, dərəbəylik sübut elədi ki, torpaqlarımızı işğal edən erməni nacinslər bizim soyğunçu, şərəfsiz vəzifə yiyələri ilə müqayisədə daha insaflıdırlar. Erməni niyyətini gizlətmir, o rusa arxalanıb üstümüzə gəlir, istədiyini də alır, açıqdan açığa deyir ki, özünü qoru, sərvaxt olmasan olan-qalanınıza sahib duracağıq.
Bizimki isə əvvəlcə heykəl ucaldır, fəvvarədən zaddan səhmanlayır, bər-bəzəkli muzey, ya da mərkəz inşa etdirir. Və sonra da Prezident sarayında oturmiş hamısının kölgəsində talana başlayır. Vaxt-vədə tamam olanda belə "vətənpərvəri” ya yuxarı aparırlar, ya da keçirdirlər başqa rayona, yəni get oranı da abıra sal.
...Razim Məmmədov adlı bir subyekt düz on iki il Xətai rayonun altını üstünə çevirdi. On minlərlə ağac, bəzək kolu kəsildi. Harada gəldi bir göydələn ucaldıldı, səkilər də hərraca qoyuldu. Yüzlərlə məqalə, şikayət məktubu çap olundu, hətta Prezidentin özünə də kollektiv müraciətlər ünvanlandı. "5-ci kalonna” xalqı açıq-aşkar iqtidarın üzərinə qaldıran bu unikumu qorudu. Onun iş başında olan əlaltıları hələ də bəd əməllərindən qalmırlar. Bizim məhəllədə yaşıl terror davam edir, ağaclar kəsiləndən sonra biz bilirik ki, həyətimiz də hansısa yırtıcıya satılacaq. Yaxşı fənd tapıblar, ağaclar kəsilir, sonra hər yer boşalandan sonra ekologiya işlərinə baxan bir dılqır gəlib yazır ki, burada yaşıllıq-filan yoxdur, kim nə istəsə tikə bilər.
Neçə ildir özümüzə əl qatmışıq ki, bizim Əhmədlidəki evlərin çoxu iki ballıq zəlzələyə da davam gətirməyəcək. Niyəsini dəfələrlə izah etmişik, fövqaladə tədbirlərin görülməsini vacib saymışıq. Kəmaləddin ağanın nökər-naibi bir dəfə də olsun maraqlanmayıb ki, biz niyə, nə üçün həyəcan təbili çalırıq. Neçə il bundan əvvəl 127 sakinin imzası ilə hörmətli Prezidentə müraciət etdik, vəziyyəti bildirdik. Nə səs, nə səmir, cavab verən də olmadı, bizi adam yerinə qoymadılar. Razim ağanı qoruyanlar bir daha sübut etdi ki, ölkənin yiyəsi yoxdur. Onu bu yaxınlarda işdən çıxarıblar, biz sadəlövhcəsinə inanırdıq ki, Razim ağanı törətdiyi əməllərə görə yəqin həbs edərlər. Heç demə kişinin başını tumarlayıb yuxarı aparıblar.... Vəssəlam! "5-ci kalonna” budur.
Yenə də ricət
Parisdə məşhur Notrdam kilsəsi od tutub yandı. Bu gözəl abidənin Fransa üçün nə demək olduğunu hamı bilir. Bütün səlib dünyası ayağa qalxdı... İkicə günün içində bir milyard avro yığıldı... Hal-hazırda o maqnat, o imkanlı ziyalı yoxdur ki, bu kilsənin bərpası üçün pul kisəsinin ağzını açmasın. Mən hələ KİV-də qalxan haray-həşirdən danışmıram...
Bağdadda qədim məscidlər tar-mar ediləndə, misilsiz muzey sərvətləri talan olunanda, müsəlmanların heysiyyətini təhqir edərək ABŞ əsgərləri məscidlərdə basketbol oynayanda səlib dünyasının nə bir ziyalısı, nə də bir rəsmi dövlət xadimi səsini çıxartmadı. Halbuki Bağdad muzeylərindən oğurlanmış eksponatlar qiymət məsələsində yüz Nort-dam kilsəsindən üstündürlər. Bu barədə çox danışmaq istəmirəm.
İndi isə üzümü Ziyafət ağaya tutub üç-dörd kəlmə deməliyəm. Əvvəla, dəbdəbəli toyunuzdan söhbət açdığımıza görə qəzeti sığma-boğmaya salmayın. Mənimlə işiniz olsun, həmkarınız, özünə "Heydər Əliyevin bioqrafı” titulunu götürmüş Elmira Axundova düz 20 ay qocalıq təqaüdümü əlimdən aldı. Ayda ancaq 95 manatla dolandım. Cərimə bitəndən sonra indi 200 manat alıram. Bu pul ölümə də bəs edir, dirimə də, müalicə olunuram, kommunal xərcləri ödəyirəm, binamus quldurlara məxsus olan restoranlara, əyləncə mərkəzləriunə gedirəm, o konsert yoxdur ki, orada bizim oliqarxların əziz–giramları ilə bir cərgədə oturmayım (əlbəttə ki, burada ən bahalı fransız ətirlərindən bihuş olmağımı daha demirəm), axşamlar da ləziz təamlardan nuş edəndən sonra otururam televizorun qarşısında, yarım kilosunu 250 manata aldığım əla dəmlənmiş çay öz yerində və başlayıram Rasim Musabəyova, Elman Nəsirova qulaq asmağa.
Kişilərin dəhanlarından dürr tökülür, məəttəl qalıram, adamda da bu qədər savad olar? Belə ideoloqları olan millət xoşbəxtdir...