8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bəzi şəhər və rayonlarda sahibkarların yerli İcra hakimiyyətləri başçıları tərəfindən incidildiyinə dair siqnallar gəlməkdədir. Və bu, heç kimə sirr deyil ki, təzə xəbər də sayılmır. Şübhəsiz ki, illərdir icra başçılarının təhdidlərinə dözən, onların qeyri-rəsmi göstərişləri əsasında qanunsuz ödənişlər edən sahibkarlar arasında bıçağın sümüyə dirəndiyi görəndə bu sahədən gedənlər az olmayıb. Özlərini az qala "əyalət padşahı” kimi aparan, sahibkarlar və iş adamları ilə istədikləri kimi davranan bəzi icra başçıları isə "burda mənəm, Bağdadda kor xəlifə” iddiasından əl çəkənə oxşamırlar... Ta ki, söz-söhbət ölkə rəhbərliyi səviyyəsinədək gedib çatana kimi... Sahibkarlar yerlərdə haqsızlıqla üzləşir, icra başçılarına qeyri-qanuni "haqq" ödəməyə məcbur edilirlər.Yerlərdəki rüşvət, məmur özbaşınalığı, insanlar arasında ayrı-seçkilik mühiti sadə vətəndaşların vəziyyətini çətinləşdirdiyi kimi, sahibkarları da çıxılmaz durumlara salır.
Araşdırmalar da göstərir ki, bir sıra regionlarda kiçik və orta sahibkarlar rayon İcra hakimiyyətlərinin nümayəndələri tərəfindən sıxışdırılır, eyni zamanda insanlara hədələyici münasibət göstərilir. Yerlərdə büdcə vəsaitlərinin mənimsəmələri həyata keçirilir ki, bunun da başında icra başçıları və onların komandaları durur. Məsələn, bir rayon və ya şəhərdəki hansısa parkda, küçədə təmir-abadlıq işlərinə gərək olanda, icra başçıları bunu yerli sahibkarların boynuna qoyur, onları öz büdcələrindən vəsair xərcləməyə məcbur edir. Əvəzində sənədlərdə həmin işlərə guya dövlət büdcəsindən İcra hakimiyyətinə ayrılmış vəsaitin xərcləndiyi öz əksini tapır. Ölkə başçısı İlham Əliyev də dəfələrlə keçirdiyi müşavirələrdə icra başçılarına özlərini yığışdırmaları barədə xəbərdarlıq edərək, "məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir”,- deyə bildirib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı bu məsələni Modern.az-a şərh edərkən bir çox icra başçıları ilə vətəndaşlar arasında müxtəlif problemlərin olduğunu vurğulayıb:
"Bunu bütün icra başçılarına şamil etməzdim. Elə icra başçıları var ki onlar həqiqətən də xalqın içindədir. Problemləri həll etmək üçün bütün potensialını, imkanlarını sərf edirlər. Salyanın icra başçısı Sevindik Hətəmov vaxtilə həmkarlımız olub. O, Salyanda tamam başqa ab-hava yaradıb. Əsl xalqa xidmət nümunəsi ortaya qoyub. Təəssüf edirəm ki, bu cür icra başçılarımızın sayı azdır. Bəziləri ölkə prezidentinin sərəncamını aldıqdan sonra sanki təyin olunduqları rayona, şəhərə dədə-babalarından qalma mülk kimi baxırlar. Belə hallar təəssüf doğurur və narazılığa gətirib çıxarır”.
Deputat bildirib ki, xalqa qarşı laqeyd olan icra başçıları sahibkarlara da, iş adamlarına da eyni halı yaşadırlar:
"İş adamlarına donor, maliyyə, əlavə gəlir mənbəyi kimi yanaşırlar. Bu doğru deyil. Belə hallara son qoyulmalıdır. Onlar ittiham olunmaqla bərabər, ciddi şəkildə tənqid edilməli, qınaq obyektinə çevrilməlidir. Ölkə prezidenti cənab İlham Əliyev dəfələrlə müxtəlif çıxışlarında deyib ki, "xalqın ən böyük xidmətçisi mənəm. Mən sizi təyin edirəm ki, xalqa xidmət edəsiniz”. Ancaq bəzi adamlarda abır-həya yoxdur. Bunu necə eləyəsən? Kim ki daha çox pul qazanmaq istəyir, məmur işləməsin. Həmin adam gedib sahibkarlıqla məşğul olsun. Getsin həmin sahədə pul qazansın. Ancaq dövlət məmuru səlahiyyətindən istifadə edib insanları incitməklə və ən müxtəlif yollarla özünə var-dövlət yaratmalı deyil”. F.Ağamalı qeyd edib ki, yenidən Azərbaycan prezidenti seçilən İlham Əliyev yeni bir xətt götürüb.
"Bu və buna bənzər hadisələrə özünün birmənalı və barışmaz mövqeyini ortaya qoyub. Bir tərəfdən islahatların aparılması ilə ölkədə sahibkarlığın inkişafına mane olan əngəllər aradan qaldırılır. Baxın, ölkə başçısı bununla əlaqədar sərəncamlar imzalayır, sahibkarlığın inkişafına xidmət edən qanunvericilikdə dəyişikliklərin aparılması ilə bağlı Milli Məclis qarşısında təşəbbüslərlə çıxış edir. Başqa bir tərəfdən isə yeni düşüncəli insanları yüksək vəzifələrə təyin edir. Son təyinatlar dediklərimə misaldır. Xüsusi olaraq, Vergilər Nazirliyində, Gömrük Komitəsində təyinatlar və bu sahələrdə ciddi dəyişikliklər, islahatlar dediklərimə misaldır”.
Deputat əminliklə deyib ki, icra strukturlarında da islahatlar aparılacaq.
"Artıq bu islahtların ilkin əlamətləri özünü ifadə etməkdədir. Düşünürəm ki, icra başçıları siyasi yükü öz üzərilərində daşımalıdır. Əslində bu çox şərəfli vəzifədir. "Sahibkarın qazandığı pulun müəyyən və çox hissəsini müxtəlif yollarla almalıyam, götürməliyəm” psixologiyası və həyat tərzi ilə yaşayanlar nə xalqa, nə prezidentə, nə də dövlətə xidmət edir. Bu cür insanlar xalqın dövlətə qarşı etimadını zəiflədirlər. Bu da yolverilməzdir. Bu gün biz çox gözəl bir nümunəni yaşayırıq ki, xalqla-prezident arasında etimad, güvən mühiti var. Məmurların hər hansı bir addımı da buna xidmət etməlidir”.