Bacı və qardaşın amansızlıqla qətlə yetirilməsinin qorxunc TƏFƏRRÜATI : 4 min manata görə...

 

 

Bakıda dəhşətli qətl törətməkdə təqsirli bilinən şəxsin məhkəməsi başlayıb. 20 yaşında 2 nəfərin qatili olan şəxsin ifadəsi məlum olub.

Sozcu.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bacı və qardaşı öldürməkdə, analarına isə ağır xəsarət yetirməkdə təqsirləndirilən Azər Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. İşə hakim Faiq Qəniyevin sədrliyi ilə baxılır.

İstintaqdakı ifadəsində Azər Cəfərov qətli törətməsinin səbəbini açıqlayıb. Əməlini etiraf edən A.Cəfərov söyləyib ki, zərərçəkmiş, mərhum bacı və qardaşın anası Lətifə Məmmədova onun arvadı Miranə Səmədovanın doğma xalasıdır və onlarla yaxın münasibətləri olub.

O, deyib ki, Lətifə Məmmədova oğlanları Samir, Fərid, Saqil və qızı Fəridə ilə birlikdə yaşayıb: "Evlərimiz yaxın idi. Gediş-gəlişimiz olurdu. Hadisə günü Əmircan qəsəbəsinə getdim. Arvadımı və uşağımı anamgilə düşürdüm. Sonra taksi kimi işləmək üçün şəhər mərkəzinə qayıtdım. Həmin gün yaşadığım həyətin arxa tərəfində hasar üçün taxtaları daşımaq lazım oldu. Bu səbəbdən də evə qayıtdım. Taxtaları daşımağa kömək lazım olduğundan qonşuluqda yaşayan Lətifə Məmmədovanın oğlu Saqili çağırdım. Lətifə həyətə çıxdı. Ona həyətdəki taxtaları daşımağa kömək lazım olduğunu dedim. Lətifədə Saqili çağırdı. Saqil ilə birlikdə bir müddət həmin işi gördük".

A.Cəfərov əlavə edib ki, həmin ərəfədə ona maşınınIN kreditini ödəmək, gündəlik xərclik, övladının müalicəsi və borclarını qaytarmaq üçün pul lazım olub: "Taksi işləməklə bu ehtiyacları ödəyə bilmirdim. Lətifənin böyük oğlu Samir bir neçə ay əvvəl işə qəbul olunmuşdu. O, bir neçə dəfə pul yığdığını bildirmişdi. Mən də onların evlərində 4000-5000 manat məbləğində pul olmasını hesab edirdim. Saqillə həyətdə işləyəndə bu yadıma düşdü. Bu zaman Saqilin mənə mane ola biləcəyini fikirləşdim. İlk olaraq onu aradan götürmək istədim. Həyətdəki taxta parçası ilə qəflətən Saqilin başından arxadan bir dəfə möhkəm vurdum. Huşunu itirib yıxıldı. Ayaqlarını, əllərini və boğazını həyətdə olan sintetik materialdan olan kəndirlə bağladım. Maşının yük yerinə qoydum. Həmin vaxt Saqil nəfəs almırdı, nə də tərpənmirdi. Piyada Lətifənin evinə tərəf gedərkən yolda qarşıma oğlu Fərid çıxdı. O, məni evlərinə dəvət etdi. Fəridlə evə daxil olanda Lətifə və qızı Fəridə orada idi. Fəridlə birlikdə evdə yemək yedik. Bu zaman Lətifə məndən oğlu Saqilin harada olduğunu soruşdu".

Bu zaman Azər yalandan Saqilin həyətdə olduğunu, onu gözlədiyini deyib. Daha sonra öldürdüyü şəxsin qardaşı Fəridlə çölə çıxan Azər bir müddət orada gözləyib. Fərid həyətdə dostu ilə söhbət edə-edə evdən uzaqlaşıb. Bundan istifadə edən Azər geri qayıdıb: "Maşını saxladığım yerə qayıtdım. Maşından bıçaq götürdüm. Lətifəgilin evinə gəldim. Qapını döyəndə Lətifə evdən çıxdı. Həyət qapısını açıb ona tərəf getdim. Lətifəyə yaxınlaşan kimi sağ əlimdə hazır vəziyyətdə saxladığım bıçaqla boyun və qarın nahiyəsinə bir neçə dəfə vurdum. Qızı Fəridəni də öldürüb pulları götürməyi fikirləşdim. Lətifənin qışqırıq səsinə Fəridə evdən çıxdı və anasının yerdə qaldığını gördü. O, qışqırmağa başladı. Lətifə Məmmədovaya yetirdiyim bıçaq xəsarətlərindən sonra belə hesab etdim ki, o, öləcək. Çünki Lətifə Məmmədova yerə yıxılarkən xırıldayırdı. Buna görə də mən vaxt itirmək istəmədim. Dərhal Fəridə Qasımovanın üzərinə hücum etdim və əlimdəki bıçaqla onun boğaz nahiyəsindən zərbə endirdim. Bıçaq zərbələrindən sonra Fəridə yıxılıb yerdə qaldı və tərpənmədi. Fəridəni tutub həyətə çıxardım. Onu "Hovo” markalı avtomaşının qarşı bərabərində yerə qoydum. Həmin vaxt məqsədim evdən pulu götürüb tez çıxmaq olmuşdur. Buna görə də evə qayıdıb çarpayının üstündəki qadın pul qabını gördüm. Orada 207 dollar və təxminən 250 manat pul var idi. Həmin pulları götürüb cibimə qoydum. Dərhal oradan uzaqlaşdım. Avtomobilimlə yanacaqdoldurma məntəqsinə gedib, təxminən 41 manata benzin vurdurdum. Sonra maşınımla Əmircan qəsəbəsinə gedərək, həyətdə qana bulaşmış əlimi yudum. Lətifə və Fəridəni bıçaqla vurarkən bıcağın tiyəsi əlimi də kəsmişdi. Anamgildən ailəmi götürüb, Nərimanovda qaldığımız evə gətirdim. Həyat yoldaşıma bu haqda heç nə demədim. O da heç nədən şübhələnmədi. Sonra arvadımın bibisi oğlu Abdulrəhmanın mobil telefonuna zəng edərək, gödəkçə lazım olduğunu xahiş etdim. Onunla Əhmədli qəsəbəsində "Xəzər” adlanan ərazidə görüşdüm. Gödəkçəni alan zaman maşında Abdulrəhmana törətdiyim hadisə barədə danışdım. Abdulrəhman məndən Saqili hara qoyduğumu soruşdu. Ona Saqili vurduqdan sonra qəbirstanlığa atdığımı dedim. Hadisə barədə Abdulrəhmandan başqa heç kimə danışmadım. Abdulrəhman da mənim zarafat etdiyimi fikirləşdi".

Hadisədən bir neçə saat sonra Azər polis əməkdaşları tərəfindən saxlanıldığını bildirib.

Zərərçəkmiş şəxs Lətifə Məmmədovanın da istintaqa ifadəsi məlum olub. L.Məmmədova Azər Cəfərovun evlərinə gəldiyini və gözləmədiyi anda ona zərbə endirdiyini bildirib. Huşunu itirən qadın özünə gəldikdən sonra sürünərək qapıya gəlib. Qapını açan zaman oğlu Samirlə qarşılaşıb. Zərərçəkmiş qadın Azərin iki övladını öldürməsinin və özünü də öldürməyə cəhd etməsinin səbəbini bilmədiyini, münasibətlərinin həmişə yaxşı olduğunu söyləyib.

Törətdiyi dəhşətli cinayət əməlinə görə A.Cəfərova Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 29, 120.2.4-cü (qəsdən adam öldürməyə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29, 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham irəli sürülüb.

Qətl hadisəsi bu il aprelin 2-də Nərimanov rayonunun Keşlə qəsəbəsində baş verib.

Məhkəmənin baxış iclası avqustun 24-nə təyin edilib. /musavat.com/

 




Oxşar Xəbərlər

Xəbər lenti