Rəsul Quliyevin ardınca daha bir mühacir seçkidə iştirak niyyətini açıqladı –HÜSEYN ABDULLAYEVDƏN SƏRT BƏYANAT (VİDEO)

Rəsul Quliyevin ardınca daha bir mühacir seçkidə iştirak niyyətini açıqladı –HÜSEYN ABDULLAYEVDƏN SƏRT BƏYANAT (VİDEO)

 

Hazırda Almaniyada mühacirətdə yaşayan Azərbaycan Milli Məclisinin sabiq deputataı, bəstəkar Hüseyn Abdullayev 2018-ci ildə keçiriləcək prezident seçkilərinə namizəd kimi qatılmaq niyyətini açıqlayıb.

Strateq.az AzPolitika.info-ya istinadla xəbər verir ki, Hüseyn Abdullayev belə bir bəyanatla bu gün çıxış edib. Sabiq deputat özünün "Facebook” səhifəsindəki açıqlamasında deyib: 

"Əziz bacı-qardaşlarım və çox dəyər verdiyim ağsaqqal, ağbirçəklərim!!!

Məlumat üçün sizlərə bildirməliyəm ki, mən – Hüseyn Abdullayev gələn il Azərbaycanda keçiriləcək prezident seçkilərində öz namizədliyimi irəli sürmək niyyətindəyəm.

Əminəm ki, bu yüksək vəzifəyə seçildiyim təqdirdə, dağılmaqda olan iqtisadiyyatımızın bərpa edilməsini, eləcədə, hüquq, məhkəmə, vergi, təhsil, səhiyyə və digər vacib sahələrdə köklü və radikal islahatların aparılmasını təmin etmək gücündəyəm”.

Hüseyn Abdullayev daha sonra xəbərdarlıq edib ki, heç bir təxribat onu yolundan döndərə bilməyəcək: 

"Bilirəm, bu qərara gəlməyim Bakıdakı bir çox xain qüvvələri ciddi şəkildə narahat edəcək və onlar tərəfindən şəxsimə qarşı yönəlmiş çirkin qarayaxma təbliğatlarına start veriləcək. Çünki onlar yaxşı bilirlər ki, mənim Azərbaycana qayıtmağım onların kriminal əməllərinə, cəzasızlığına, korrupsiyasına və qudurğançılığına son qoymaq deməkdir.

Bəri başdan həm onlara, həm də uzun illər onlarla işbirliyində olan bəzi saxta və "cib müxalifəti" funksionerlərinə bəyan edim ki, onların heç bir avantürası məni öz yolumdan və doğma xalqıma xidmət etmək arzusundan çəkindirə bilməz.

Önəmli olan millətimizin istəyi və qərarıdır. Əgər canım qədər sevdiyim Azərbaycan xalqı mənə ehtimad göstərib, bu vəzifəyə layiq görərsə, qayıdıb öz ölkəmə, doğma yurduma və millətimizin xoşbəxt, firavan və hüzur içində yaşamasının təmin edilməsinə çalışaram”.

Xatırladaq ki, bir neçə gün əvvəl başqa bir mühacir – Rəsul Quliyev də 2018 prezident seçkilərinə namizədliyini elan edib.

Strateq.az aşağıda Hüseyn Abdullayevin çoxsaylı bəstələrindən birini – "Mənim ölkəm"i aşağıda oxuculara təqdim edir: 



Oxşar Xəbərlər

Xəbər lenti