8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Neftin qiyməti son 8 ayda ən aşağı səviyyəyə düşüb. "Brent" markalı neftin 1 barelinin qiyməti artıq 59 dollardan ucuz satılır. Ötən həftə proqnozlaşdırdığımız kimi, neftin dünya bazar qiymətində azalmaların davam etməsi gözlənilən idi və yeni qiymət düşüşləri istisna olunmur.
Sozcu.info xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, ABŞ-ın sentyabr ayından etibarən daha 300 milyard dollarlıq Çin məhsuluna əlavə 10 faiz idxal vergisi tətbiq etmək istəyi ticarət müharibəsində yeni mərhələ başladıb. "Ticarət müharibəsinin genişlənməsi qlobal iqtisadi artım tempini aşağı salaraq neftə olan tələbi azaldır. Digər tərəfdən, qlobal iqtisadi gərginliyin artması fonunda Çinin İran neftinin idxalını bərpa edəcəyi də müzakirə mövzusudur. Bu baş verəcəyi halda neftin 1 barelinin qiyməti 30 dollaradək azala bilər. Şist neft hasilatında da artımların olduğunu nəzərə alsaq, indi qlobal arenada heç nə neft ölkələrinin xeyirinə dəyişmir". Ekspert qeyd edib ki, neftin dünya bazar qiymətində kəskin enişlər olarsa, ölkəmizə daxil olan valyutanın həcmi yenidən azaldacaq. "Azərbaycan ixracatının 90 faizinin enerji məhsulları olduğunu nəzərə alsaq, "qara qızıl”ın qiymətinin ölkəyə daxil olan valyutanın həcminə təsirlərini müəyyənləşdirmək çətin olmaz. Azərbaycan üçün neftin bir barelinin qiymətinin 60 dollardan aşağı olmasının fiskal, 50 dollardan az olmasının isə monetar təsirləri var. Neftin bir barelinin 2019-cu ilin dövlət büdcəsində qiyməti 60 dollar nəzərdə tutulub. Mərkəzi Bank üçün isə 50 dollardan aşağı neft qiyməti "qırmızı zonaya” daxil olmaq anlamına gəlir. Çin valyutası ilə yanaşı Rusiya rublu da mövqeyini qoruyub saxlamaqda çətinlik çəkir. Göründüyü kimi, qlobal və regional valyuta bazarında da volatillik yüksək olaraq qalır. Bu baxımdan neftin qiymətində azalmalar davam edərsə, ölkəmizdə dollara tələb yüksələcək. Təbii ki, bu halda məzənnənin necə dəyişməsi yenə Mərkəzi Bankdan asılı olacaq. Amma bütün hallarda neft ölkələri yeni neft şokuna indidən hazırlaşmalıdırlar", - deyə V.Bayramov əlavə edib.