ABŞ-ın yeni “birinci xanımı” kimdir?Sosialist dövlətində doğulan “Zoluşka”

ABŞ-ın yeni “birinci xanımı” kimdir?Sosialist dövlətində doğulan “Zoluşka”

 

Amerikada keçirilən president seçkilərinin ardınca Donald Tramp rəqibi Hillari Klinton qarşısında qələbə qazanaraq 45-ci ABŞ prezidenti oldu. Bir anda dünyanın gözü D.Trampla yanaşı, onun həyat yoldaşı Melania Trampın  da üzərində cəmləşdi. Artıq ‘modern Sindirella’ olaraq tanınan Melanianın "first lady” olduğu bir Amerika var.

Donald Trampın ölkəsinin yeritdiyi qaçqın siyasətinə qarşı çıxmasına baxmayaraq, öz həyat yoldaşı Melania Trump da bir qaçqındır. Melania 26 aprel 1970-ci ildə Yuqoslaviyada dünyaya gəlib. Melania Sevnika şəhərində, maşın satıcısı olan bir ata və dərzi anadan ibarət olan orta səviyyəli bir ailənin qızı olaraq dünyaya gəlib. O, memarlıq təhsili alıb, dörd dil öyrənib. 1996-cı ildə isə Melania "burada çörək yoxdur, Nyu Yorkda modelliyi sınaqdan keçirim” deyərək, Amerika röyasının arxasınca düşüb. O, manekenlikdə də uğur qazanıb. Amma Melanianın üzünə əsas şans Amerikaya gələndən iki il sonra gülüb.

Gecə həyatını sevməyən Melanianın yolu həmin illərin ən populyar məkanı olan "Kit Kat Club”a düşüb. Melania bura getmək istəməsə də, onu buna dostu məcbur edib. Orada o, ikinci həyat yoldaşı Marla Maplesdən yeni ayrılan, dönəmin ən varlı, ən güclü və ən populyar iş adamlarından biri olan 51 yaşlı Trampla tanış olub. Milyarder iş adamı 28 yaşındakı modelə ilk görüşdə aşiq olub, amma rədd edilib. Bu olayla bağlı Tramp belə danışır: "Onu gördüm, vuruldum. Telefonunu istədim. Yanımda başqa bir qadın olduğu üçün vermədi. Onu ayaqyoluna qədər izlədim, içəri bir qız dostumu yollayıb, nömrəsini yenidən istədim. Dedi ki, "özü versin”. Ev, iş, nə qədər nömrəm vardısa, hamısını verdim”.

Melania üç ayın içində Trampın Manhettendəki göydələnində, dəyəri 100 milyon dollar olan, qızıl suyuna çəkilmiş pilləkənlərə malik evinə köçüb. Cütlük sevgilərinin ilk dönəmini bir xeyli göz önündə yaşayıb. Beş illik ‘bol açıqlamalı” flirt dönəmindən sonra cütlük Trampa aid olan Palm Beachdəki  58 otaqlı, 33 hamamlı ‘Mar-O–Lago’ malikanəsində evlənib. Taleyin oyununa baxın ki, toyda Trampın rəqibəsi Hillari Klinton da qonaqlar sırasında olub.

Melanianın geyindiyi 300 min dollar dəyərindəki "Christian Dior” markasına aid, bütün zamanların ən ikonik gəlinliklərindən biri uzun müzakirələrə səbəb olub. Model eyni gəlinliklə "Vogue” jurnalının da qapağını bəzəyib. Altı il sonra cütlüyün uşaqları Barronu dünyaya gətirən Melania məhz həmin il ABŞ vətəndaşlığına keçib. Onun barəsindəki məlumatlarda qiymətli daşlar və saat dizaynerliyi də yer alır.

Xarici görünüşü və imicinə görə hər zaman xarizmasız, zəif xarakterli bir həyat yoldaşı görüntüsünü saxlayıb. Melania həyat yoldaşının seçki kampaniyasında hər zaman geridə qaldı. 1999-cu ildə Trampla bir illik sevgili olduğu zaman verdiyi bu açıqlama ilə diqqəti cəlb etmişdi: "Nə zamansa "first lady” olsam, ənənəvi bir imic seçərəm. Jaklin Kennedi ve Betti Ford tərzini dəstəkləyən bir həyat yoldaşı olaram”.

İndi onun həyat yodaşı prezident seçilib. Keçmiş maneken, dərzi qızının birinci ledi kimi özünü necə aparacağı maraq mövzusudur.(Musavat)



Oxşar Xəbərlər

Xəbər lenti