ABŞ-dakı küçəyə “Artsax” adı verilməsinə Bakıdakı SƏFİRLİKDƏN REAKSİYA

 

"ABŞ-da yeni bir küçəyə ad verilməsi və ya mövcud bir küçənin adının dəyişdirilməsi ümumiyyətlə, yerli hökumət orqanlarının səlahiyyətlərinə aiddir və bunun mərkəzi hökumətə heç bir aidiyyatı yoxdur”.

Sozcu.info xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidməti Musavat.com-un sorğusuna cavab olaraq bildirib. Qeyd edək ki, ABŞ-ın Kaliforniya ştatının Qlendeyl şəhərində Azərbaycanın ərazi bütövülüyünə böyük hörmətsizlik nümayiş etdirilib. Həmin şəhərin "Merliend” adlı prospektinin adı dəyişdirilərək, ermənilərin Dağlıq Qarabağdakı oyuncaq "respublika”ya verdikləri ada uyğun olaraq "Arsax”adlandırılıb. Xatırladaq ki, bələdiyyə şurası bu qərarı separatçıların lideri Bako Saakyanın martın 12-də ABŞ-a səfərindən sonra vermişdi. Həmin vaxt Azərbaycan bununla bağlı ABŞ-a rəsmi nota da təqdim etmişdi.

Prospekt Uilson və Harvard küçələri arasında yerləşir. Artıq şəhər bələdiyyəsinin işçiləri prospektdəki bütün yol göstəricilərini yeni ada uyğunlaşdırıblar.

Bu günlərdə erməni mediasının bu xəbəri tirajlamasına həm də separatçılara "ithaf olunmuş” prospektdən görüntülərin yayılması bəhanə olub.

Ancaq Bakıdakı ABŞ səfirliyi bu məsələnin rəsmi Vaşinqtonun mövqeyini əks etdirmədiyini bildirdi. Səflirliyin açıqlamasında daha sonra deyilir: "Bu səviyyədə qəbul edilən hər hansı bir qərar Birləşmiş Ştatların Dağlıq Qarabağın statusunu və ya münaqişənin sülh yolu ilə həll edilməsi üçün davam edən səyləri ilə bağlı mövqeyini dəyişmir. ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ Helsinki Yekun Aktının əsas prinsiplərinə, o cümlədən gücün tətbiq edilməməsi, güclə təhdid edilməməsi, ərazi bütövlüyü bərabər hüquq və xalqların öz müqəddəratını təyin etməsinə əsaslanaraq, münaqişənin sülh yolu ilə həll edilməsinə sadiq qalıb”.



Oxşar Xəbərlər

Xəbər lenti