DƏRS YÜKƏ ÇEVRİLƏNDƏ… –Təhsil mütəxəssisləri çıxış yolunu nədə görürlər?

DƏRS YÜKƏ ÇEVRİLƏNDƏ… –Təhsil mütəxəssisləri çıxış yolunu nədə görürlər?

 

Müasirləşən dünyada yaşam şərtləri demək olar ki, hər gün dəyişir. Bütün sahələrdə ənənəvi dəyərlər yeniləri ilə əvəz olunur və artıq bu, zamanın tələbinə çevrilib. Dəyişən şərtlərə uyğun tədris prosesi də təkmilləşmək məcburiyyətindədir.
 Bu gün inkişaf etmiş ölkələrin təhsil sistemində şagirdlərin psixoloji inkişafı, dünyagörüşü, tədrisin daha kreativ, modern, əyləncəli üsullarla aparılması əsas sayılır. Təhsilin inkişafı, yeni təlim metodlarının tətbiqi, nəticəyönümlü tədrisə maraq və şəxsiyyət yetişdirilməsi kimi mühüm strateji amillər ilk yerdə durur.

Məsələn, uşaqlar müasir üsullarla bağça və ibtidai siniflərdə əyləncəli zəka oyunları oynayır və yaşa uyğun bilikləri zövq alaraq öyrənirlər. Riyaziyyat və digər dəqiq elmlərdə mücərrəd anlayışları öyrətməyin ən səmərəli yolunun musiqi, dram, ya da idman olduğu düşünülür. Əslində, elmi və elmi olmayan öyrənmə üsulları arasında qurulan bu tarazlıq uşaqların daha yaxşı bilik əldə etməsinə və tətbiq edə bilməsinə yardımçı olur.

Bəs hazırda Azərbaycanda orta təhsil sistemi növbəti pilləyə, özü də inkişaf etmiş ölkələrin ali təhsil proqramına adekvatdırmı? Orta məktəblərdə tədrisin üsul və metodlarına yanaşma tərzində yeniliklər tətbiq olunurmu? Bu istiqamətdə olan çatışmazlıqlar nələrdir? Yeni hazırlanan "Ümumi təhsil haqqında” qanun layihəsində tədrisin modernləşdirilməsi ilə bağlı hansı məsələlər öz əksini tapıb? Bu və buna bənzər suallara təhsil mütəxəssisləri ilə aydınlıq gətirməyə çalışmışıq.

 

Nəticələrin əldə olunması müəllimin hazırlıq səviyyəsindən asılıdır

 

İlk həmsöhbətimiz 21 yaşından müəllimlik fəaliyyətinə başlayan və ömrünün 50 ilə yaxın bir dövrünü pedaqoji fəaliyyətə həsr etmiş Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylidir.

Ali qanunverici orqan tərəfindən məhz bu yöndə mühüm sənədlərin qəbul olunmasında əhəmiyyətli rolu olan və yüksək pedaqoji təcrübəyə sahib akademik bu sahədəki problemlərə və çatışmazlıqlara dərindən bələddir.

İsa Həbibbəyli deyir ki, Azərbaycan təhsil sistemi son illərdə daha da yeniləşmiş və təkmilləşdirilmişdir. Bu nailiyyətlərin başlıca səbəbi Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi dövlət quruculuğu siyasətində elm və təhsilin inkişaf etdirilməsi məsələsinin mühüm yer tutmasıdır. "Təhsil haqqında” qanun və həmin qanuna son vaxtlar edilmiş dəyişikliklər ölkədə təhsilin bütün pillələrinin inkişaf etdirilməsinə stimul verir: ” Dövlət səviyyəsində qəbul edilmiş "Milli təhsil strategiyası” ölkəmizdə təhsilin yeni hədəflərə doğru istiqamətləndirilməsi üçün meydan açır. Son illərdə Milli Məclisdə qəbul edilmiş "Məktəbəqədər təhsil” və "Peşə təhsili haqqında” qanunlar təhsilin bu pillələrinin dünya təcrübəsi və ölkə reallıqları əsasında yenidən qurulmasına təkan verib”.

Hazırda Milli Məclisdə müzakirə prosesində olan "Ümumi təhsil haqqında” qanun layihəsində orta məktəblərin inkişafı ilə əlaqədar əhəmiyyətli müddəalar olduğunu söyləyən İsa Həbibbəyli deyir ki, Təhsil Nazirliyinin təqdim etdiyi və hər il geniş ictimaiyyətlə birlikdə müzakirəsini keçirdiyi illik hesabatlar bu sahədəki dinamik inkişafı ardıcıl olaraq izləməyə imkan verir. Haqqında bəhs olunan qanunvericilik sənədləri və təhsilin idarə olunmasının baş qərargahı olan Təhsil Nazirliyinin həyata keçirdiyi islahatlar, akademikin fikrincə, məktəb-müəllim-şagird-valideyn münasibətlərini normal məcrada inkişaf etdirməyə bələdçilik edir: "Hazırda tədris prosesində innovativ imkanlardan geniş istifadə olunur, şəxsiyyətin inkişafına və keyfiyyətə əsaslanan təlimə üstünlük verilir. Bu istiqamətdə nəticələrin əldə olunması isə müəllimin hazırlıq səviyyəsindən və pedaqoji-metodiki bacarıqlarından asılıdır”.

 

Proqram yeniləşməli və sadələşdirilməlidir

 

İsa Həbibbəyli də təsdiq edir ki, təhsil proqramlarının ağırlığından müəllimlər, valideynlər, şagirdlər, hər biri şikayət edir və bu halda təhsil proqramları məsələsinə, kurikulumlara yenidən qayıtmağa ciddi ehtiyac var: "Etiraf etmək lazımdır ki, müstəqilliyin başlanğıc illərində və bir qədər sonra hazırlanmış tədris proqramlarında tələskənliyə yol verilmişdir. Təhsil proqramları və buna uyğun olaraq dərsliklər yeniləşdirilməli və sadələşdirilməlidir. Azərbaycançılıq baxımından da təhsil proqramları və dərsliklər müasir tələblərə heç də tam cavab vermir. Yaxşı cəhətdir ki, hazırda Təhsil Nazirliyində təhsil proqramlarının sadələşdirilməsi və millilik zəminində yeniləşdirilməsi istiqamətində iş aparılır. Yaxşı olar ki, yeni hazırlanmış proqramlar geniş təhsil ictimaiyyətinin müzakirəsinə verilsin. Biz həmin yeniləşdirilmiş proqramları və dərslikləri Təhsil Nazirliyi ilə birlikdə Milli Məclisin Elm və təhsil komitəsində deputatların iştirakı ilə müzakirə etməyi faydalı hesab edirik və buna hazırıq”.

 

Sinif otağında bağçadakından daha çox oyuncaq var idi…

 

İsa Həbibbəylinin fikrincə, "əzbərləmək bilik qazanmaq deyil və əzbər öyrənilən nə varsa, bir vaxtdan sonra yaddaşlardan silinib gedir, dünyagörüşünə çevrilə bilmir”. Akademik həmçinin qeyd edir ki, dərsdə öyrədilənləri əzbərlətmək yox, dərk olunmuş şəkildə mənimsətmək lazımdır. Tələbkarlıq adı altında yaradılan psixoloji gərginlik şüurlu dərkolunma prosesinə mane olur. Məktəbdə, dərslərdə şagird özünü sərbəst və rahat hiss etməli, diqqətini bilik öyrənməyə yönəltməlidir. Dərk olunmuş təlim şagirdi həm də həyata hazırlayır: "Əlbəttə, dünyada yaş səviyyəsindən asılı olaraq tədris prosesində müxtəlif vasitələrdən istifadə edilir. İbtidai siniflərdə əyləncəli üsullardan istifadə etmək fayda verə bilər. Məsələn, 2005-ci ildə Amerika Birləşmiş Ştatlarında Çikaqo yaxınlığındakı Oyk-Park məktəbində Nobel mükafatı laureatı, yazıçı Ernest Hemenqueyin vaxtilə birinci sinifdə oxuduğu sinif otağına baxmağa getmişdim. Sinif otağında bizim bağçalarda olduğundan da çox oyuncaqlar var idi. Öyrəndim ki, şagirdlər sinifdən-sinfə keçdikcə oyuncaqların sayı azaldılır və onları digər texniki vasitələr, məsələn, kompüterlər əvəz edir. Fikrimcə, yuxarı siniflərdə əyləncəli tədris üsulu fayda verə bilməz. Bu yaş həddi üçün dialoq, müqayisə, təhlil üsulları daha məqbul sayıla bilər”.

Akademik onu da diqqətə çatdırır ki, təhsildə yeni üsul və vasitələrdən istifadə etmədən müasir səviyyəyə gəlib çatmaq mümkün deyil. Müəllim daim tədris üçün yeni üsul və vasitələrin sorağında olmalıdır: "Bununla belə, təhsil sistemində sınaqlardan çıxmış davamlı ənənələrdən də yaradıcı şəkildə istifadə olunması unudulmamalıdır. Yeniləşmə ilə ənənəvi tədris üsullarının ortaq balansı tapılmalıdır. Ultra yenilikçilik lazımi səmərə vermir”.

 

Orta təhsil pilləsində sistemli islahatlar aparılacaq

 

"Ümumi təhsil haqqında” yeni qanun layihəsi artıq parlamentdə birinci oxunuşdan keçib. Qanun layihəsində yuxarıda sadalanan məsələlərin hansı formada əksini tapmasına aydınlıq gətirən Milli Məclisin Elm və təhsil komitəsinin sədri məlumat verir ki, yeni sənəd bu istiqamətdə ölkəmizdə aparılan təhsil siyasətini, məktəbin idarə olunmasını və tədrisin təşkili ilə əlaqədar məsələləri özündə əks etdirir: "Burada dövlət ümumi təhsil müəssisələri ilə yanaşı, özəl təhsilin və bələdiyyə təhsilinin də fəaliyyətini tənzimləyən müddəalar var. Həmçinin qanun layihəsində təqvim ilinin sonuna qədər 6 yaşı tamam olanların birinci sinfə qəbul edilməsi, 5 yaşından məktəbəhazırlıq qruplarının təşkili, X-XI siniflər üçün tədrisin təmayüllü qruplarda aparılması, məktəblərə yerləşdiyi ərazi prinsipinə görə şagird qəbulunun aparılması, vahid geyimin tətbiqi və digər məsələlər ilk dəfə olaraq öz əksini tapıb.”

İsa Həbibbəyli hesab edir ki, "Ümumi təhsil haqqında” qanunun qəbul edilməsi ilə tam orta təhsil pilləsində sistemli islahatlar aparılacaq və əhəmiyyətli nəticələr əldə olunacaq.

 

Təhsilin məzmunu, bu günü və gələcəyi

 

Keyfiyyətli tədris təhsil verənin bilik və bacarığını necə tətbiq etməsi ilə birbaşa bağlıdır. Bu sahədəki üstün təcrübəsi sayəsində sadə müəllimlikdən ən yüksək postlardan birinə qədər yüksələn – təhsil nazirinin müavini, psixologiya üzrə fəlsəfə doktoru Məhəbbət Vəliyeva təhsilin məzmunu, bu günü və gələcəyi ilə bağlı atılacaq addımlardan məlumat verir.

Məhəbbət Vəliyeva bildirir ki, Azərbaycan Respublikası Prezidetinin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət strategiyası”nda müəyyən olunmuş istiqamətlər üzrə ciddi islahatlar aparılır. Təhsil alanlarda yeni məzmunlu səriştənin formalaşdırılması, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, məktəblərin maddi-texniki bazasının, infrastrukturunun yenilənməsi, müasir tələblər baxımından təhsil müəssisələrinin idarə olunması, maliyyə sisteminin təkmilləşdirilməsi həyata keçirilir: "Bu gün səriştə əsaslı məzmuna sahib olan hər bir təhsil alan, nəinki nəzəri biliklərlə silahlanmış olmalı, eyni zamanda, onu təcrübədə, həyatda tətbiq etməyi bacarmalıdır. Bu mənada əsas baza hissəni saxlamaqla, təhsilə dünyada sınanılan elmi yenilikləri, rəqəmsal bacarıqları, innovasiyanı tətbiq etməliyik. Hazırda beynəlxalq təcrübəni öyrənib, yerli kontingentə tətbiq etmək Təhsil Nazirliyi qarşısında duran ən zəruri vəzifələrdən biridir”.

 

Prioritet vəzifə: müasir təhsil verənlərin hazırlanması

 

Nazir müavini qeyd edir ki, bu gün şagirdlərimizin beynəlxalq elmi yarışlarda daha yaxşı nəticələr əldə etməsi təhsilimizin inkişaf etdiyini göstərir, amma bu o demək deyil ki, hər şeyə nail olunub: "Başa düşürük ki, biz inkişaf etdikcə, inkişaf etmiş ölkələrin təhsil sistemi daha irəli gedir və onlara çatmağa çalışırıq. Bu mənada yeniliklərə daha çox sürətlə yiyələnmək vasitələrindən biri, təhsil sahəsində texnologiyaların tətbiqidir. Son illər məktəblərimizdə yaradılan yeni şərait, infrastruktur, İKT avadanlıqları ilə təchizat işi xeyli yaxşılaşır, amma bununla yanaşı, bütün bu yeniliklərdən istifadə etməyi, onu gündəlik həyatda tətbiq etməyi bacaran təhsil verənlərə və onların hazırlığına ehtiyac var. Qarşıda duran prioritet vəzifələrdən biri də məhz müasir təhsil verənlərin hazırlanmasıdır”.

Təhsil prosesini uşaqlar üçün maraqlı və əhəmiyyətli etməyin yollarından birinin də texnologiyadan bacarıqla istifadə etmək olduğunu söyləyən Məhəbbət Vəliyeva deyir ki, məlumat bolluğu olan dövrdə, heç bir İKT avadanlığı istifadə etmədən, quru dərs keçməklə şagirddə maraq yaratmaq mümkün deyil: "Bugünkü gənclər texnologiyanın ən geniş istifadəçisidir və buna maraq göstərirlər. Bunlar şagird üçün bir öyrənmə vasitəsi olmalıdır. Müəllim məzmunu düşünüb, İKT tətbiq etməklə şagirdlərə ötürməlidir. Artıq bu ilin sentyabr ayından etibarən məktəblərimizdə yeni innovativ yanaşmaların tətbiqinə başlayacağıq. Bunun üçün pilot məktəblər müəyyənləşdiriləcək. Oradakı təcrübə sınaqdan keçdikdən sonra paralel olaraq ölkənin başqa məktəblərinə də ötürüləcək”.

 

Fərqli düşünən valideyn və şagirdlər…

 

Məhəbbət Vəliyeva məlumat verir ki, beynəlxalq təcrübədə şagirdlər məktəbdənkənar vaxtda tamamilə müasir və gələcəkdə onlara lazım olacaq bacarıqlara yiyələnirlər. Azərbaycanda da qabaqcıl məktəblərdə təhsil alan şagirdlər dərslərlə yanaşı, beynəlxalq olimpiadalara, idman, yaradıcılıq müsabiqələrinə hazırlaşırlar. Və bilirlər ki, bu bacarıqlara yiyələnmək onların gələcəkdə mütəxəssis kimi formalaşmasında, həyatda öz yerlərini tapmalarında böyük rol oynayır: "Təəssüf ki, fərqli düşünən valideyn və şagirdlər də var ki, onların əsas məqsədi yalnız ali məktəbə hazırlıqdır. Təhsil Nazirliyi olaraq hazırda məktəbin imkanlarından və resurslarından düzgün istifadə etməyin yollarını düşünürük. 11-ci sinfi bitirib həyata atılan gənc, nəzəri biliklərə malik olmasa belə, həyatda ona lazım olan bacarıqlara yiyələnməlidir. Amma bu bacarıqlar yalnız 45 dəqiqə dərs müddətində şagirddə formalaşdırıla bilməz. Bunun üçün dərsdən sonra müxtəlif fəaliyyətlərin mövcud olması lazımdır. Elə bu məqsədlə də nazir Ceyhun Bayramovun əmri ilə bu il məktəblərin reytinq göstəriciləri yalnız buraxılış imtahanlarının nəticəsinə əsasən deyil, o cümlədən də şagirdlərin olimpiadalarda, bilik yarışlarında, müsabiqələrdə iştirakı əsasında gətirilən uğurların ölçülməsi nəticəsində müəyyənləşəcək. Bu il ölkə üzrə müxtəlif yaş qruplarında olan şagirdlər idmanın 4 növü üzrə müsabiqələrdə iştirak edəcəklər. Həmçinin yaradıcılıq müsabiqələrinin, sərgilər, bədii qiraət, teatr tamaşalarının göstərilməsi nəzərdə tutulur. Bunlar şagirdlərin başqa imkanlarının da üzə çıxarılmasına kömək edəcək”.

 

Müəllim dərsə yaradıcı yanaşmırsa…

 

"Əgər müəllim dərsə yaradıcı yanaşmırsa, ona vacib, canlı bir proses kimi baxmırsa, o zaman dərs çox quru, sönük keçəcək və bu, uşaqda maraq yaratmayacaq, onda heç bir əqli proseslərin formalaşmasına kömək etməyəcək” – söyləyən nazir müavini vurğulayır ki, 21-ci əsrin vacib bacarıqları arasında, şagirdlərdə başqaları ilə ünsiyyət, vaxtında və düzgün qərar vermə, yeniliklərə açıq olma, texnologiyadan istifadə, müxtəlif mənbələrdən aldığı məlumatı mənimsəyib yenidən təqdim etmə bacarığı formalaşdırılmalıdır. Şagirddə tədqiqatçılıq bacarığı olmalıdır və o, sadəcə bir kitab, nağılla kifayətlənməməlidir ki, bunun üçün müəllimdən böyük yaradıcılıq tələb olunur.

 

Dərs yükünün ağırlığından şikayət

 

Nazir müavini bildirir ki, dərs yükünün ağırlığından şikayət edən valideynlər var və onların arasında haqlı olanlar da mövcuddur: "Təbii ki, dərs proqramının öhdəliklərini yerinə yetirmək lazımdır, amma proqramın tələblərini hansı müəllimin necə yerinə yetirməsi artıq fərdlərə aiddir. Çünki müəllim dərslikdəki tapşırığı anlaşılan dilə çevirməklə, dərsi yaradıcı qurmaqla, müxtəlif vasitələrdən istifadə etməklə şagirdə çatdırır və bununla da həm keyfiyyətə nail olur, həm də dərslikdən başqa alternativ öyrənmə üsullarını şagirdə təqdim edir. Nəticədə proses ona ağır və yüklü görünmür. İkinci qrup müəllimlər var ki, dərslikdə verilən materialla kifayətlənir və alternativ vasitələr axtarmır. Nə şagird yüklənir, nə də müəllim əlavə əziyyət çəkir, amma şagirdin hansı səviyyədə faydalanmasına gəldikdə, aydın məsələdir ki, bu, birinci ilə müqayisədə çox da yaxşı nümunə deyil. Üçüncü kateqoriya müəllimlər isə nəinki dərsliklə kifayətlənir, eyni zamanda, dərslikdən əlavə lazımsız resurslardan istifadə edir. Bəzən müəllim heç bir mənbədə məlum olmayan, müəllifi tanınmayan, etibarsız mənbələri sinifə gətirməklə şagirdlərin fəaliyyətini "genişləndirir”, başqa tərəfdən də çoxsaylı ev tapşırıqları verməklə onları yükləyir. Bu da müəyyən uşaqlar üçün həm maraqsız, həm də yorucu görünür. Bəzən müşahidə edirik ki, sosial şəbəkələrdə hansısa mətndən bir parça qoyublar və böyük tənqid atəşinə tutulur ki, Təhsil Nazirliyi hara baxır? Günah həmin vəsaiti dərsdə tətbiq edən müəllimdədir”.

 

Öyrənmə prosesini rəngarəng etmək lazımdır

 

Əlavə tapşırıqlarla şagirdlərin yüklənməsi məsələsinə də aydınlıq gətirən Məhəbbət Vəliyeva söyləyir ki, birinci sinif şagirdinin yazı yazmaq bacarığı vacibdir: "Digər tərəfdən də rəqəmsal texnologiyanın tətbiqindən danışırıq və başa düşürük ki, orada xəttin gözəlliyi o qədər də önəmli deyil və bu mənada şagirdlərdə vacib bacarıqlar formalaşdırılmalıdır. Müəllimlər şagirdə fərdi yanaşmalıdır, onların maraq dairələrini öyrənib, tədris prosesini hər birinin ehtiyacına uyğun qurmalıdır. Bunun üçün müəllimdən əlavə vaxt, öz üzərində işləmək, yaradıcılıq, öz peşəsinə vurğunluq tələb edilir. Amma təəssüf ki, heç də bütün müəllimlərimiz peşəsinin vurğunu deyil. Belə olduqda müəllimlər şagirdin nəticə əldə etməsinin yeganə yolunu onu yükləməkdə görürlər. Düşünürlər ki, şagird çox yazarsa, eyni tapşırığı bir neçə dəfə yerinə yetirərsə, onda vərdiş formalaşdıracaq və biliyi möhkəmlənəcək. Amma bu, yanlış yoldur. Şagirdin öyrənmə prosesini maraqlı etmək üçün onun rəngarəngliyinə çalışmaq lazımdır”.

 

Savadsız müəllimi sistemdən kənarlaşdıranda…

 

Nazir müavini onu da diqqətə çatdırdı ki, müəllimlərin diaqnostik qiymətləndirilməsi zamanı məlum oldu ki, bu gün məktəblərimizdə öz ixtisasını 20-30 faiz bilən müəllimlər var. Bu müəllimlər zamanında, müxtəlif şəraitlərdə təhsil sisteminə daxil olub və indi də çalışırlar: "Qiymətləndirmədə aşağı nəticə göstərən müəllimlər üçün nazirlik əlavə olaraq ixtisasartırma təlimləri təşkil etdi və onlardan bəziləri öz nəticəsini həqiqətən, yaxşılaşdırdı. Elə müəllimlərimiz də var ki, bu gün öz ixtisasları üzrə 0-9 bal arası nəticə göstəriblər. Aralarında da elələri var ki, bu yaşdan sonra onları yenidən hazırlamaq mümkün deyil. Bundan sonraki dövr sertifikatlaşdırma mərhələsidir ki, bu da həmin müəllimlərin öz üzərində ciddi çalışmasını tələb edir. Bundan bir ajiotaj, narahatçılıq da yaratmaq lazım deyil. Əlbəttə ki, heç bir valideyn istəməz ki onun övladına savadsız müəllim dərs desin. Bir savadsız müəllimi sistemdən kənarlaşdıranda da, o müəllim harasa şikayət edəndə də, hamı bunu anlayışla qəbul etməlidir”.

 

Uşaqların psixi inkişafla bağlı yaş dövrləri hökmən nəzərə alınmalıdır

 

O da həqiqətdir ki, təhsil sisteminin məqsədi gənc nəslə yalnız bu və ya digər fənnə aid biliklərin verilməsi deyil, həm də hərtərəfli şəxsiyyət yetişdirməkdir və burada da psixoloji məqamlara daha çox diqqət yetirilməlidir.

Şəxsiyyətin formalaşması və inkişafı haqqında yeni konseptual model yaratmış, təlim prosesində mənimsəmənin effektivliyini artırmaq üçün öyrənmənin dərketmə modelini irəli sürmüş Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyevə bu istiqamətdə suallarımızı ünvanladıq.

36 illik pedaqoji fəaliyyətlə məşğul olan Bəxtiyar Əliyev zəngin təcrübəsinə əsaslanaraq bildirir ki, təhsilin şəxsiyyətyönümlü və humanistləşdirilməsi həyata keçirilən islahatların əsas məzmununu təşkil edən məsələlərdəndir: "Təkcə yüksək bilik, bacarıq, vərdişlərə yiyələnmiş mütəxəssisin deyil, vətəndaş mövqeyində olan, vətənini sevən və öz müstəqil dövləti üçün düşünən, milli dövlətçiliyə töhfəsini verən şəxsiyyətin formalaşdırılması vacib məsələlərdən biri kimi təhsildə qarşıya hədəf qoyulub. Çünki milli identiklik olmadan, milli dövlət qurmaq mümkün deyil. Bu baxımdan bütün ümumi təhsilin səviyyələrində, uşaqların psixi inkişafı ilə bağlı yaş dövrləri və xüsusiyyətləri hökmən nəzərə alınmalıdır. Hər bir yaş dövründə uşağın hafizəsinin, diqqətinin, təfəkkürünün, təxəyyülünün xüsusiyyətləri var. Biz bunları nəzərə almadan, tərbiyə və təlim prosesini düzgün qura bilmərik”.

 

Müəllimin dərsə, təlim-tərbiyə prosesinə münasibəti dəyişib

 

"Azərbaycanda təhsil islahatları müvafiq dövlət proqramı əsasında, Prezident İlham Əliyevin imzaladığı "Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq 2013-cü ildən həyata keçirilir və artıq bu istiqamətdə xeyli işlər görülüb”– söyləyən professor Bəxtiyar Əliyev bildirir ki, qarşıya qoyulan hədəflərdən bir çoxuna nail olunub. Artıq 500 baldan çox nəticə göstərən abituriyentlər müəllimlik peşəsini seçirlər. Bu isə o deməkdir ki, ixtisasın məzmunu dəyişdirilib və müəllimin cəmiyyətdə olan nüfuzu geri qaytarılıb. Bununla paralel müəllimlərin diaqnostik qiymətləndirilməsinin aparılması, məktəb direktorlarının imtahanlarla seçilməsi, ixtisasartırmaların günün tələbləri və müvafiq standartlar əsasında qurulması bütövlükdə məktəbə və müəllimin dərsə, təlim, tərbiyə prosesinə münasibətini dəyişib.

 

Əksər hallarda uşaqlar təhsilə hazır deyildilər

 

Deputat deyir ki, söhbət artıq kəmiyyətdən yox, keyfiyyətdən gedir. Real gerçəklikdə təhsilin fasiləsizliyi təmin edilib və 5 yaşlı uşaqların məktəbə hazırlığı məktəbəqədər təhsil müəssisələrində və ya ümumtəhsil məktəblərində həyata keçirilir: "Təcrübə göstərirdi ki, əksər hallarda uşaqlar məktəbdə təhsilə hazır deyildilər və bu hazırlığı, uyğunlaşmanı uğurla keçmədən onların təlim nailiyyətləri qazanması, eyni zamanda, əxlaqi normaları mənimsəməsi çətin idi. Hazırda məktəbəqədər təhsilə hazırlıq təqribən 75 faizə yaxın uşaqla əhatə olunub. Halbuki, 10 il əvvəl ölkə üzrə bu göstərici 5 faiz idi və bu, qısa bir müddətdə əldə olunan inqilabi dəyişiklik, yenilikdir”.

 

Köhnəliklə yeniliyin mübarizəsi

 

Orta məktəblərdə hazırda istifadə olunan dərsliklərin həddindən çox mürəkkəb olması, bu məsələdə uşaqların yaş səviyyəsinin nəzərə alınmaması ilə bağlı səslənən tənqidlərə münasibət bildirən Bəxtiyar Əliyev nəzərə çatdırır ki, dərsliklər və təlim-tərbiyə prosesi müasir tələblərə uyğunlaşdırılmalıdır. Yəni, hazırlanmış dərsliklər o qədər mürəkkəb olmamalıdır ki, uşağın psixi inkişafını ləngitsin, yaxud da o qədər asan olmamlıdır ki, onun inkişafına təkan verə bilməsin: "Həmçinin dərsliklər şagirdin psixi inkişaf səviyyəsinə uyğun tərtib olunmalı, onların müstəqil və tənqidi düşünmək qabiliyyətini inkişaf etdirməlidir. Biz burada çox informasiya vermək yox, müstəqil düşünmə, qərar qəbul etmə və tənqidi yanaşmanı nəzərdə tuturuq. Belə olduqda həmin şagirdlər müstəqil surətdə materialları oxuya, mənimsəyə və tədqiq edə bilərlər. Bəzən isə informasiya ötürülür. Məsələn, kifayət qədər informasiya var, amma şagirdlər onu qəbul edə, bu bacarıq vərdişinə yiyələnə bilmirlər. Çünki tənqidi və müstəqil düşüncə yoxdur”.

Deputat deyir ki, hazırda təhsildə hədəf hər bir şagird, tələbənin öz potensial yaradıcı imkanlarını özü aşkar etmək və onu gerçəkləşdirməyi bacarmasıdır. Müəllim isə bu işdə ancaq köməkçi olmalıdır. Ona görə də ənənəvi təhsildən fərqli olaraq, hansı ki, şagirdə yalnız biliyin ötürülməsi üçün bir obyekt kimi baxılırdı, bu gün isə artıq təhsil alana təhsilin fəal subyekti kimi baxılır. Belə olan halda müəllim yalnız köməkçidir, istiqamət verəndir. Əsas işi görən, o fəallığı göstərən isə bu prosesin mərkəzində dayanan təhsil alandır. Təhsil sahəsində keçirilən islahat ona gətirib çıxarıb ki, müəllim artıq təhsilalanın özünün fəallığını təmin edir və buna köhnəliklə yeniliyin mübarizəsi kimi də baxmaq olar.

 

Uşaqların şəxsiyyət kimi formalaşması

 

Təhsil Nazirliyi tərəfindən "Sağlam təhsil-sağlam millət” adlı pilot proqramın həyata keçirildiyini diqqətə çatdıran AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev bildirir ki, həmin proqramda şagirdin neçə saat dərslə məşğul olması, fasilələrin müddəti, nə qədər fəal olmaları və digər müddəalar nəzərdə tutulub: "Çünki uşaqlarda fizioloji inkişaf prosesi gedir və uzun müddət hərəkətsizlik onların fiziki inkişafına müəyyən problemlər yaradır. Bir tərəfdən bədən, digər tərəfdən də beyin məşq etməlidir. Eyni zamanda, psixoloji xidmət təşkil olunur, təlim fəaliyyəti zamanı yaşanan emosional halların təlim müvəffəqiyyətlərinə təsiri, uşaqların şəxsiyyət kimi formalaşmasına maneə törədəcək halların aradan qaldırılması, sağlam sosial, psixoloji mühitin məktəblərdən ailələrə daşınmasına xidmət etmək əsas götürülür”.

 

Ali məktəblərin məzmun və keyfiyyəti dəyişəcək

 

Bəxtiyar Əliyev hesab edir ki, "Ali təhsil haqqında” qanun layihəsi yaxın zamanda hazırlanıb təsdiq edilərsə, təhsil sahəsindəki qanunvericilik bazası tam təmin edilmiş olacaq. Artıq tədbirlər planı da hazırlanıb və bunlar ali məktəblərin bütün məzmun və keyfiyyətini dəyişəcək: "Deməliyik ki, hazırda ali məktəblərimizin heç də hamısı beynəlxalq standartlara və tələblərə cavab vermir. Bu isə yüksək ixtisaslı, peşəkar kadrların və vətəndaşın formalaşmasına, hazırlanmasına imkan vermir”.

Deputat deyir ki, təhsil sahəsində müəyyən problemlər də var, amma onların həlli üçün təsirli, ardıcıl bir siyasət həyata keçirilir və 2020-ci ildə bu hədəflərə nail olunacaq. Belə olan halda isə yaxın zamanda Azərbaycan təhsili dünyaya mütərəqqi modellərdən birini təqdim edəcək.

 

Pedaqoji fakültələrin buraxılışları ürəkaçan deyil

 

Reallıqdır ki, orta məktəblərdə təhsilin müasir metodlarla tədrisinə daha yaxşı nail olunması üçün müəllimlərin təkmilləşdirilməsinə də böyük ehtiyac var.

Dəfələrlə müxtəlif nominasiyalarda ilin ən yaxşı müəllimi seçilmiş və Azərbaycan dili üzrə kurikulum layihəsində milli məsləhətçi kimi fəaliyyət göstərmiş təhsil eksperti, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq bu sahədə pedaqoji fakültələrin buraxılışlarının ürəkaçan olmadığını vurğulayır.

O deyir ki, məhz bu amil orta məktəblərdə yeniliklərin tətbiq olunmasını ləngidir: "Azərbaycan dinamik inkişaf edən dövlətdir və dünyaya inteqrasiyada heç vaxt ləngimir. 2006-ci ildən yeni kurikulum layihəsinin həyata keçməsi, dərsliklərin yenidən hazırlanması, müəllimlər üçün yüzlərlə treninqin keçirilməsi bunun əyani sübutudur. Lakin etiraf etmək lazımdır ki, müəllimlərin təkmilləşməsi, zamanın tələbinə uyğunlaşdırılması çox ağır prosesdir. İstər "Təhsil haqqında” qanun, istərsə də fənn kurikulumları yetərincə mütərəqqidir, lakin bunun icrasında problemlər hələ də qalmaqdadır. Zənnimcə, bunun əsas amili universitetlərin pedaqoji fakültələrinin buraxılışlarının ürəkaçan olmamasındadır. Bu da Təhsil Nazirliyinin orta məktəblərdə köklü islahatları tam miqyasda aparmaq istəyini həyata keçirməkdə çətinlik yaradır. Bu gün məktəblərimizdə texnoloji imkanlar, infrastruktur çox inkişaf edir, fərdi yanaşma tələbləri daim vurğulanır. Amma bunun müqabilində universitetdən məktəbə gələn gənc kadrlar bu tələblərə demək olar ki, cavab verə bilmirlər”.

Universitet təhsilinin pedaqoji sahədə ümidləri doğrultmadığını və müəllimlərin müəyyən səviyyəyə gəlib çatmasının xeyli zamana və əlavə xərclərə başa gəldiyini söyləyən Şəmil Sadiq bildirir ki, ən mükəmməl tədris modellərindən sayılan Finlandiya təhsilinin birinci uğuru müəllimlərin hazırlanmasındakı düzgün metodlardır: "Bu problemin bir əsas qaynağı da valideynlərdir ki, onlar da zamanın tələblərinə uyğunlaşmasa, biz təhsili istədiyimiz səviyyəyə qaldıra bilmərik. Günümüzün şagirdi çeviklik, praktik zəka və analitik olmağı tələb edir, amma təhsil verənlər buna cavab verə bilməyəndə yazılan bütün qanunların, layihələrin tələbəni ödəyə bilmirik. Onun üçün də düşünürəm ki, qarşıdakı illərdə müəllimlərin təkmilləşdirilməsi üçün ciddi və davamlı layihələrə ehtiyac var”.

 

Uşaqlar bilgi yüklü robota çevrilə bilər

 

"Birmənalı şəkildə deyə bilərəm ki, bugünkü orta məktəb tədris proqramı insan yetişdirmək üçün çox ağırdır”– deyən fəlsəfə doktoru izah edir ki, daha çox bilgi yönümlü təhsil sisteminə malik olduğumuzdan şagirdlərin yükünün ağırlığı xüsusi diqqət cəlb edir. Dünya təhsil sistemində yanaşmalar çoxdan dəyişib. Artıq elm, bilik öyrənməyin yeri universitetlər, elm mərkəzləridir. Məktəb isə ilk olaraq tərbiyə müəssisəsi olmalıdır. O tərbiyə ki, içində milli ideologiya, əxlaqi dəyərlər, insani münasibətlər, özünüifadə, bacarıqlar və digər meyarlar daşısın: "Lakin bu gün bizim şagird, valideyn və müəllimi sadəcə, universitet birləşdirir. Hər kəs bu yarışın içindədir. Tədris proqramı vətəndaş yetişdirməyə köklənmədikcə, bu acınacaqlı durumu davamlı yaşayacağıq. Uşaqlar bilgi yüklü bir robota çevriləcək ki, bu da milli dövlətçilik yönündə zərərli addımdır”.

 

Şagirdi necə yaxşı vətəndaş etməli

 

Şəmil Sadiq qeyd edir ki, universitetlərə qəbul proqramının yaddaş yüklü olması müəllimləri öz müqəddəs funksiyalarını unudub şagirdlərə bilik əzbərlətdirməklə məşğul edir ki, bu da heç bir halda ümummilli və bəşəri məqsədləri ifadə etmir.

Bugünkü təhsil, toxunaraq öyrənməyi tələb edir, nəzəri biliklərin əzbərlədilməsini yox. Hər bir uğurlu insan məktəbdə əzbərlədiyi tərifə görə deyil, əldə etdiyi bacarığa görə həyatda yaşamını asanlaşdırır və cəmiyyətə də faydalı olur: "Nəzəriyyələr önəmlidir, amma o nəzəriyyələr praktika zamanı mənimsəniləndə daha davamlı olur. Şagird qrammatikanı mənimsəyib, düzgün və səlis danışmırsa, tarixi faktları əzbərləyib millətini tanımırsa, biologiyadan beş alıb bir dostunun qolu çıxdığı zaman ona ilk tibbi yardım göstərmək bacarığı yoxdursa, fizikanın düsturlarını, təriflərini öyrənib bir məftili o birinə bağlaya bilmirsə, riyazi düsturu əzbərləyib, ailə büdcəsini idarə etməyə qadir deyilsə, bütün şair və yazıçılarımızın həyat və yaradıcılığını öyrənib, insani dəyərlərə hörmət etmirsə, sevməyi, sevilməyi bacarmırsa, ünsiyyət problemindən əziyyət çəkirsə, o insan ölkəyə necə yaxşı vətəndaş olacaq?!”.

 

Qiymət, imtahan, valideyn qorxusu…

 

Fəlsəfə doktoru söyləyir ki, Təhsil Nazirliyinin son dövrlərdə müəyyənləşdirdiyi ən böyük tələblərdən biri həyati bacarıqlara uyğun tədrisdir. Lakin hələ də müəllimlərimizin əksəriyyəti ya bu yöndə işləyə bilmir, ya da valideynlərimiz tərəfindən buna imkan verilmir: "Bir müəllim dərsini oyun və əyləncə əsasında keçməyə cəhd edəndə, təəssüflər olsun, valideynlərimiz bunu klassik baxışla qəbul etmir, "bu necə dərsdir, bizim vaxtımızda belə deyildi” deyib, müəllimi kreativ təşəbbüsündən çəkindirməyə cəhd edir. Tədrisə yanaşma çoxdan dəyişilməlidir, şagird məktəbdə xoşbəxt olmalıdır, ola bilmirsə, demək, məktəb işini düzgün qura bilməyib. Bizim şagirdlər bu gün məktəbə çox hallarda getməyə məhkum olduqları yer kimi baxırlar, ona görə də öyrəndikləri ruhlarına hopmur. Bunun yeganə səbəbi ağır düsturların, mühazirə xarakterli çıxışların, məcburi öyrədilmə cəhdlərinin problemidir”.

Araşdırmadan da göründüyü kimi, təkcə orta məktəblərdə təhsilin modern üsl



Oxşar Xəbərlər

Xəbər lenti