8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Aysberqin görünən üzü və ya Rahib Hüseynovun iddiaları təsdiq olunur
"Azərbaycan Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Arif Əsgərovun milyonlarla dollarlıq dələduzluqda ittiham edilərək həbs olunmuş baldızı oğlanları Emin və Rahib Hüseynovlar barəsində hər birinin 9 il müddətinə azadlıqdan mərhum edilməsi ilə bağlı məhkəmə qərarına yenidən baxıla bilər. Məsələ bundadır ki, Emin və Rahib Hüseynovlar heç kimin pulunu mənimsəmədiklərində, dələduzluq sxemini Arif Əsgərovun oğlu Elnar Əsgərovun qurduğunda israr edirdilər. O zaman istintaq və məhkəmə bu iddiaları ciddi qəbul etməsə də, Çexiyada yaşayan jurnalist Cavanşir Həsənlinin Arif Əsgərovun övladlarının Avropadakı biznes şəbəkəsi və sərvəti ilə bağlı üzə çıxardığı faktlar Emin və Rahib Hüseynovların iddialarının təsdiqi kimi qəbul oluna bilər.
Araşdırmaçı jurnalistin əldə etdiyi məlumata görə, Arif Əsgərovun oğlu Ürfan Əsgərov Bratislava sakini Elçin Qasımov və Bakı şəhəri, Mirqasımov 2 ünvanında qeydiyyatda olan Elvin Süleymanovla birlikdə 2007-ci il iyulun 13-də ELUREL TRANS S.R.O. şirkətini qeydiyyatdan keçiriblər. Arif Əsgərovun ortancıl oğlu olan Ürfan Əsgərovun ortaq olduğu şirkətin nizamnamə kapitalı Slovakiyanın o zamankı pulu ilə 200 min kron (6639 avro) təşkil edib. Arif Əsgərovun digər oğlu Elnar Əsgərov isə 2009-cu il mayın 16-da şirkətin ortağı olub. 2017-ci ildə Nəqliyyat Nazirliyi ləğv edildikdən və bu səbəbdən Arif Əsgərov nazir müavini postunu itirdikdən sonra onun oğulları ELUREL TRANS S.R.O. şirkətini tərk ediblər. Rahib Hüseynov "Yeni Sözçü” qəzetinin Araşdırma qrupunun üzvləri ilə söhbəti zamanı Əsgərovların xaricdəki biznes şəbəkəsinin əllərindən alınaraq başqa şəxsə verilməsi ilə bağlı şübhələri olduğunu dilə gətirmişdi. İndi üzə çıxan məlumatlar, Rahib Hüseynovun ehtimallarını təsdiq edir.
"Azərbaycan Dəmir Yolları” ASC-də mövcud olmuş dələduzluq sxeminin başında Elnar Əsgərovun dayanması, Arif Əsgərovun korrupsiya ilə məşğul olması kimi iddiaların həqiqətdən uzaq olmadığını Elnar Əsgərovun adına 2005-ci ilin 13 aprelində Londonda TYROLESE (579) LIMITED şirkətinin (şəhadətnamə nömrəsi: 05423339) qeydiyyatdan keçirilməsi haqqında üzə çıxan fakt bir daha təsdiq edir. Bu şirkətin Azərbaycan üzərindən yükdaşımalardan böyük pullar əldə etməsi də yayılan məlumatlar arasındadır.
Arif Əsgərovun böyük oğulları Elnar və Ürfan kimi, kiçik oğlu Azər Əsgərov da atası nazir müavini olanda Londonda şirkət açıb. Kembric Universitetində beynəlxaq əlaqələr üzrə magistr təhsili alan Azər Əsgərov AZTECSA LIMITED şirkətini qeydiyyatdan keçirib. Bu şirkət də Arif Əsgərovun vəzifəsinə xitam verildikdən az sonra – 2017-ci il sentyabrın 26-da ləğv edilib.
Arif Əsgərovun oğullarının xaricdə bizneslərinin sadəcə bu şirkətlərlə məhdudlaşdığı inandırıcı deyil. Rahib Hüseynov Əsgərovların əsas biznesinin Türkiyədə ola biləcəyini qeyd edirdi. Çünki, Arif Əsgərovun ortancıl oğlu Ürfanın həyat yoldaşının Türkiyə vətəndaşı olması bu ehtimalları artırır. Buna görə də, Əsgərovların ölkə xaricindəki biznes şəbəkəsi ilə bağlı araşdırmaların davam etdirilməsi zərurəti var. Bundan başqa, hələ üç il öncə "Yeni Sözçü” qəzetinin Araşdırma qrupu Arif Əsgərovun övladlarının anası Balaxatın Tapdıq qızı Məmmədovanın da biznes fəaliyyəti ilə məşğul olduğunu üzə çıxarmışdı. Belə ki, 08.02.1999-cu ildə qeydiyyata alınmış, 100 min manat Nizamnamə kapitalı olan "Araz ltd” Məhdud Məsuliyyətli Cəmiyyətin üç ortağından biri olan Balaxatın Məmmədova bu şirkətdə hər biri iki yüz manat olan 160 paya və ya 32 min manat sərmayəyə sahib idi. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şössesi 54-də yerləşən "Araz ltd” MMC-nin digər ortaqları isə 160 pay, yəni 32 min manat olmaqla Şəmşirli Şəmşir Cavid oğlu və 180 pay, 36 min manat olmaqla Rzayev Rizvan İlyas oğlu idi.
Şəmşir Şəmşirli hazırda "Azərbaycan Dəmir Yolları” ASC-nin sədri olan Cavid Qurbanovun oğludur və Azərbaycan Respublikasının İstanbuldakı Konsulluğunda attaşe vəzifəsində çalışır. Rzayev Rizvan İlyas oğlu isə Arif Əsgərovun bacanağıdır və "Azərbaycan Dəmir Yolları” ASC-nin idarələrindən birinin rəisidir. Rizvan İlyas oğlu Rzayev 2017-ci ilin oktyabrında Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında səmərəli fəaliyyətinə görə "Tərəqqi” medalı ilə də təltif edilib.
Bütün bu faktları nəzərə alanda, üzə çıxan biznesin Arif Əsgərovun ailəsinə məxsus biznes şəbəkəsinin kiçik bir hissəsi olduğu şübhə doğurmur. Beləliklə, Cavnşir Həsənlinin üzə çıxardığı məlumatları aysberqin yalnız görünən təpəsi hesab etmək olar. Ancaq Arif Əsgərovun övladlarının dələduzluq və korrupsiya yolu ilə Azərbaycanda əldə etdikləri sərvəti hara daşımalarından asılı olmayaraq, sona kimi gizlətmələri mümkün deyil. Bu gizlinlərin üzə çıxarılmasında müstəsna rolu olan "Yeni Sözçü” qəzetinin Araşdırma qrupu da bu istiqamətdə fəaliyyətini davam etdirəcək.
"Yeni Sözçü” qəzetinin Araşdırma qrupu