Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı azadlığa buraxıldı –QƏRAR

Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı azadlığa buraxıldı –QƏRAR

 

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1965-ci il təvəllüdlü Əhmədov Əvəz Hüseyn oğlunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin vəkilləri müdafiə çıxışı edib. Hər iki vəkil bildirib ko, məhkəmə istintaqı dövründə müdafiə etdikləri şəxs barəsində irəli sürülmüş ittihamlar öz təsdiqini tapmayıb. Vəkillər Əvəz Əhmədov barəsində bəraət hökmü çıxarılmasını istəyiblər.

Əvəz Əhmədov isə son sözündə məhkəmənin ədalətli qərar çıxaracağına inandığını deyib. Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən Əvəz Əhmədovun barəsində 2 min manat cərimə cəzası müəyyən edilib.

İttihamda göstərilirdi ki, Əvəz Əhmədov Hörmət Əsgərov adlı şəxsi özünə məxsus Sabunçu rayonu ərazisində yerləşən "Park Plyus” əyləncə mərkəzində girov götürüb. Hörmət Əsgərovdan ona borclu olduğu pulu tələb edib. Daha sonra isə Hörmət Əsgərovun qohumu Rəşad Tahirov həmin borcu qaytaracaqlarını söz verib və buna görə də Hörmət Əsgərovun sərbəst buraxıb.

İttihama görə, Əvəz Əhmədov hədə-qorxu ilə Rəşad Tahirovdan 140 min dollar alıb.

Elan olunmuş ittihamla Əvəz Əhmədov özünü günahkar bilməyib. Onun əməli Cinayət Məcəlləsinin 322-ci (Özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda) maddəsinə tövsif edilib.

O, məhkəmə zalından azadlığa buraxılıb.

Zərərçəkmişlərdən Hörmət Əskərov Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki olub. 2015-ci il dekabr ayında nazir Zakir Həsənov onu vəzifəsindən azad edib. Bildirək ki, Hörmət Əskərov da həbsdədir. O, dələduzluğa görə həbs edilib. Xatırladaq ki, Əvəz Əhmədov qardaşı general-leytenant Əhməd Əhmədovun vəzifədən çıxarılmasından sonra həbs edilib.

Əvəz Əhmədov hər iki zərərçəkmişlə barışıb



Oxşar Xəbərlər

Xəbər lenti