İslam Kərimovun ölümü nə vəd edir?

İslam Kərimovun ölümü nə vəd edir?

 


Özbəkistan diktatoru İslam Kərimovun ölməsi haqqında Ferqana.ru saytının israrlı xəbərindən və rəsmi Daşkəndin isə hələlik təkzib xarakterli məlumatından başqa dəqiqi bir məlumat olmasa da, Orta Asiyada maraqları olan bütün dövlətlərin maraqları indi bir nəfərin səhhəti ilə bağlı xəbərlərə yönəlib. Çünki, 27 il ərzində fasiləsiz olaraq Orta Asiyanın ən çox əhaliyə malik respublikasını dəmir əllə idarə edən İslam Kərimovun ölümündən sonra Özbəkistanın ikinci Əfqanıstana çevrilmə təhlükəsi haqqında ekspertlər tərəfindən edilən çoxsaylı xəbərdarlıqları görməzdən gəlmək mümkün deyil. Uzun illərdir Əfqanıstanda məskunlaşan Özbəkistan İslam Hərəkatının da fəallaşacağı gözlənilir. Əgər buraya son zamanlar Əfqanıstanda həm Taliban hərəkatının həm də, "İslam dövləti”nin "xəlifəsi” Bağdadiyə biət edən qüvvələrin fəallaşdığını nəzərə alsaq, ekspertlərin xəbərdarlıqlarının boş sözdən ibarət olmadığı aydın olar. Əgər indi diktatorun ölümü haqqında məlumatlar təsdiqlənərsə və bu hadisə Özbəkistanda vəziyyətin pisləşməsinə şərait yaradırsa belə bir vəziyyətdə Əfqanıstandakı qüvvələrin sərhəddi keçəcəyi gözlənilir. Bu zaman isə Özbəkistan ordusunun effektli ola biləcəyi sual altındadır. Çünki, Özbəkistan ordusu da bütün məmur təbəqəsi kimi diktatora bağlı formalaşmış silahlı qüvvədən başqa bir şey deyil. Bunu hər kəs dərk edir və buna görə diktatorun ölümü Orta Asiyada marağı olan bütün dövlətləri narahat edir. 27 il ərzində Özbəkistanı dəmir əllə idarə edən İslam Kərimovun ölümü həm də Orta Asiya kimi həssas regionda uzun illər ərzində formalaşmış oyun qaydalarını poza bilər. İslam Kərimov Rusiya, Qərb və Çin arasında uğurla manevr edərək Özbəkistanı şəxsi mülkü kimi idarə etməklə yanaşı, Orta Asiyada heç bir güc mərkəzinin əsl söz sahibi olmasına imkan vermirdi. Tacikistanın Moskvanın yeni imperiya planı olan Avrasiya İqtisadi İttifaqında yer almamasını da rusiyalı ekspertlər İslam Kərimovun rəsmi Düşənbəyə təzyiqi ilə əlaqələndirdilər. Moskvada bir çoxları belə hesab edirdi ki, İslam Kərimov Pekinin istəyinə uyğun olaraq Tacikistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasına mane olur. Çünki, Tacikistan uzun müddətdir sözdə Avrasiya İqtisadi İttifaqına qoşulacağını bəyan etsə də, bu istiqamətdə heç bir real addım atmırdı. Bunun əksinə, rəsmi Düşənbə Özbəkistanın vasitəsilə Çinin Tacikistanda iqtisadi mövqelərinin güclənməsinə yardım edirdi. Rusiyanın iqtisadi təsir vasitəsi olan "Qazprom” məhz rəsmi Düşənbənin görünməyən təzyiqləri nəticəsində Tacikistanı tərk etdi. Moskva Düşənbənin bu siyasətinin arxasında da Özbəkistan və Çinin dayandığını düşünür.

Bütün bunlar Moskvada İslam Kərimovla bağlı ciddi narahatlıqlar doğursa da, Rusiya İslam Kərimovun ölümündən qazanclı çıxa biləcəyindən əmin deyil. Əksinə, Rusiya İslam Kərimovun ölümü ilə Orta Asiyada, özünün cənub sərhədləri yaxınlığında stabilliyin pozulacağından, Suriyadakı "İslam dövləti”nin bu bölgəyə transfer edəcəyindən çox qorxur. Hələ bir əvvəl Rusiyada bəzi ekspertlər "İslam dövləti”nin Suriyada məğlub olduqdan sonra Əfqanıstanda peyda ola biləcəyi haqqında xəbərdarlıqlar edirdilər. Rusiyada, hətta bəziləri ABŞ-ı "İslam dövləti”ni Suriyadan çıxarıb, Əfqanıstana, oradan isə Orta Asiyaya aparmaq niyyətində olmaqda ittiham edirdilər. Rusiyalı ekspertləri oxuduqca belə qəanət yaranır ki, Moskvanı qorxudan ən ciddi məsələ də budur. Rusiya radikal islamçıların Orta Asiyada qüvvətlənəcəyi halda onların hədəfi ola biləcəyindən narahatdır. Bu isə Rusiyanın daxilində islamçıların fəallaşmasına səbəb ola bilər. Hətta bu baş verməsə belə Rusiya Orta Asiya üzərindən gələ biləcək radikal islamçılarla mübarizə aparmaq üçün lazım olan resurslara malik olmadığını düşünüb və buna görə də İslam Kərimovun ölümünü arzulamazdı. Ancaq hər bir bəşər övladı kimi İslam Kərimov da fanidir və indi olmasa da günlərin birində öləcək. Rusiya isə İslam Kərimov kimi diktatorların ölümünə hazır deyil. Buna görə, Rusiya Çinlə və hətta Qərblə Orta Asiyada sabitsizliyin yaranmaması üçün əməkdaşlıq edəcəyini proqnozlaşdırmaq olar. Əgər, Rusiya Çinin istəklərinə gedib, İslam Kərimovun taxtına öz adamını otuzdurmaq kimi niyyətə düşsə, bu Özbəkistanda xaosa yol aça bilər. Moskva bunu arzulamırsa, Çinin mövqeyi ilə hesablaşmalı olacaq. Bu isə Çinin bütün Orta Asiyada mövqelərinin güclənməsinə səbəb olacaq. Bütün bunlar bir diktatorunun ölümünün bütöv bir region üçün hansı dəyişiklikərə səbəb ola biləcəyini göstərir. Buna görə də, demokratik rejimlərlə avtoritar rejimlər arasında seçim edərkən hansının daha üstün olduğuna İslam Kərimovun ölümü ilə bağlı məsələ daha dəqiq aydınlıq gətirir. Əgər, İslam Kərimov 27 il ərzində Özbəkistana rəhbərlik etməsəydi və bu illər ərzində hakimiyyətlər 8 və yaxud 10 ildən bir dəyişsəydi, indi bir nəfərin fiziki yoxluğunun yaradacağı problemlər meydana çıxmazdı. Necə ki, ötən il Yunanıstanda 4 dəfə hökumət böhranı oldu, ancaq heç kim xaos təhlükəsi hiss etmədi. Hələlik isə bütün dünyanın diqqəti İslam Kərimovun səhhəti ilə bağlı xəbərlərə yönəlib. Əgər diktatorun həqiqətən öldüyü məlum olsa, Özbəkistan uzun müddət Suriyanı əsas xəbər olmaqdan kənarlaşdıracaq.

Xəqani Cəfərli,

Politoloq



Oxşar Xəbərlər

Xəbər lenti