Eldar Həsənovdan iki mesaj

Eldar Həsənovdan iki mesaj

 Sabiq baş prokuror cəmiyyətin dəstəyini qazanmağa çalışır

 

Azərbaycanın sabiq baş prokuroru, Azərbaycan Respublikasının Serbiya Respublikasında və Monteneqroda Fövqaladə və Səlahiyyətli səfiri Eldar Həsənovun ölkə mətbuatını yenidən yadına salması və  müsahibə verməsi   gözlənilən idi. Çox qısa zaman öncə hakimiyyətə yaxın mediada Eldar Həsənovun terrorçu PKK təşkilatı ilə əlaqələrinin olduğunu ehtimal edən yazı dərc olunmuşdu. Qeyd edək ki, həmin yazıda Rumuniya mətbuatında dərc olunan jurnalist araşdırmalarına istinad olunmuşdu. Məsələ ondan ibarətdir ki, noyabrın əvvəllərində Rumuniya mətbuatında rumın biznesmenlərinin Azərbaycandakı korrupsiyalaşmış və kriminal biznes əlaqələri barədə səs-küylü jurnalist araşdırması dərc olunub. Həmin yazılarda Azərbaycanın Konstansa şəhərindəki keçmiş fəxri konsulu, keçmiş milyarder Qabriel Komeneskunun və onun rumın xüsusi xidmət orqanları ilə sıx əlaqələrindən, habelə Azərbaycanın Rumıniyadakı keçmiş səfiri, keçmiş baş prokuror və Serbiyadakı hazırkı səfir Eldar Həsənovla əlaqələrindən bəhs edilir. Həmin araşdırmada Eldar Həsənovun terrorçu PKK təşkilatı ilə əlaqələrinin olmasına eyham vurulub. Belə ciddi ittihamın Azərbaycan hakimiyyətinə yaxın mediada təkrarlanması sabiq baş prokuroru danışmağa vadar edib. Müsahibəsinin əvvəlində Eldar Həsənov məmur kimi ömrümün bir payının sovet dövrünə düşdüyünü, daha böyük hissəsinin özünün təbirincə desək xoşbəxtlikdən müstəqillik dövrümüzə təsadüf etdiyindən söz açır. Jurnalistin onu müstəqillik tariximizin ilk səhifələrini  yazanlardan biri adlandırmasına sabiq baş prokuror etiraz etmək əvəzinə Bəxtiyar Vahabzadənin yaratdığı "Gülüstan " poeması ilə milli şüurunun oyanmasından və müstəqillik hərəkatında yer almasından danışır. Daha sonra isə mərhum Heydər Əliyevə bağlılığından, sədaqətindən geniş söhbət açır. Qanı, canı və varlığı ilə torpağını, Vətənini sevdiyini vurğulayır. Jurnalistin onu "böyük vətənpərvər, ədalətli və təvazökar insan , həm də  liderlik xüsusiyyətlərinə malik”  şəxs kimi təqdimatını da normal qarşılayır və təsdiqləyici cavablar verir. Cəmi 5 il baş prokuror, Avropanın siyasi cəhətdən əhəmiyyət kəsb etməyən ölkələrində səfir işləyən bir şəxsin özünün liderlik keyfiyyətlərini harada üzə çıxardığı məlum deyil. Eldar Həsənov şəxsi sücaəti ilə fərqlənməyib, hansısa hərəkata rəhbərlik etməyib, dövlət başçısı olmayıb, onun hansı liderlik keyfiyyətlərindən söhbət gedə bilər?

Ancaq sabiq baş prokuror bütün bunları haqqı kimi qəbul edir. Onun baş prokuror olduğu dövr indidən fərqli olaraq ikitirəlik dövrü idi. Baş prokurorluqda siyasi oyunlar oynalırdı. Çünki, onun özü belə oyunlara maraqlı idi. Ancaq Zakir Qaralov baş prokuror təyin edildikdən sonra belə oyunlara son qoyuldu.

İndi də adı terror təşkilatı PKK ilə əlaqədə hallanan sabiq baş prokuror vətənpərvər libasına girib, özünü qorumağa çalışır. Ancaq haqqında yayılan iddianı təkzib etməyə çalışmır. Görünür, Eldar Həsənov bu məsələnin çox da dövriyə olunmasını istəmir. Buna görə də bu ittiham haqqında heç bir fikir bildirmir.

Adının açıqlanmasını istəməyən ekspertin sözlərinə görə Eldar Həsənovun belə geniş müsahibə verməsi Azərbaycanda baş verən siyasi proseslərlə bağlı da ola bilər. Məlum olduğu kimi, artıq Azərbaycanda vitse-prezidentlik vəzifələrinin yaradılmasının hüquqi əsası qoyulub. Prezident istənilən zaman vitse-prezident təyin edə bilər. Görünür, Eldar Həsənov vitse-prezidentlərdən biri olmağa çalışır. Bununla bağlı təklif gözləmədən özünün varlığını xatırlatmaq istəyir. Ancaq ehtimal olunan bu təyinata qarşı çıxanların da olacağını bildiyindən hər kəsə xoş mesajlar verməyə çalışır. Baş prokuror olanda əleyhidarlarından birinin oğlunu himayə etməsindən danışır və düşmənlərinə barışıq mesajı verir. Ancaq onun bu mesajlarının işə yarayacağını düşünmək çox çətindir. Çünki, artıq 2000-ci illərin əvvəli deyil. Ölkədə dəyişikliklər baş verir və iqtidarın indi keçmiş məmurlara deyil, istedadlı gənclərə ehtiyacı var. Ekspertlər də hesab edir ki, vitse-prezidentlik institutunun yaradılmasının özü də hakimiyyətin yüksək təbəqəsəində gənclərin iştirakını təmin etməyə xidmət edə bilər. Eldar Həsənov isə bütün iddialarına baxmayaraq hazırda hakimiyyətə hansısa üstünlüklər gətirmək imkanında deyil. Onun kimi icraçılar Bakının özündə yetərli qədərdir. Artıq 90-cı illərin ortaları da deyil. Azərbaycan özünün inkişaf mərhələsində Eldar Həsənov kimilərinə ehtiyac duyulan dövrünü geridə qoyub. İndi ona sərt idarəçilər deyil, çevik islahatçılar lazımdır. Prezident İlhan Əliyevin bir sıra struktur islahatları və kadr təyinatları da göstərir ki, dövlət başçısı geriyə, keçmişə deyil, gələcəyə baxır. Həmin gələcəkdə isə Eldar Həsənov kimi idarəçilərə yer yoxdur. Bu vəziyyəti isə müsahibə vərmək və özünü reklam etməklə  dəyişmək mümkün deyil.

Azad Aydın,
"Yeni Sözçü" qəzeti


Oxşar Xəbərlər

Xəbər lenti