Mikayıl Müşfiqin ikinci qətli

Mikayıl Müşfiqin ikinci qətli

 


Ziya Məmmədovun kadrı ölkəni qarışdırdı

Saleh Məmmədovun rəhbərlik etdiyi "Azəravtoyol” ASC –i qırmızı terrorun qurbanı olmuş böyük şairin heykəlini əvvəl dağıdıb, etirazla qarşılaşdıqdan sonra bərpa etməklə cəmiyyəti sevindirəcəyini güman edirmiş.

Paytaxtın İnşaatçılar prospektində, "Statistika dairəsi” adlanan ərazidə qırmızı bolşevik terrorunun qurbanı olmuş görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin heykəlinin sökülməsi ölkə ictimaiyyətini ayağa qaldırdı. Ziya Məmmədovun sonuncu kadrı olan Saleh Məmmədovun rəhbərlik etdiyi "Azəravtoyolservis” Açıq Səhmdar Cəmiyyətinin görkəmli şairin heykəlini sökməsinə ən sərt etiraz isə ziyalılardan gəldi. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri, profsessor Nərgiz Paşayeva bunu vandalizim və barbarlıq adlandırıb. Professor bildirib ki, bu hadisə böyük şairin xatirəsinə qarşı törədilmiş günahdır və təhqirdir. Professor Nərgiz Paşayeva müvafiq dövlət orqanlarını və ictimaiyyəti bu vandalizm aktına təcili müdaxilə etməyə, habelə bu barbarlığa yol verən "Azəravtoyol” rəhbərliyini cəzalandırmağa çağırıb.

Qeyd edək ki, professor Nərgiz Paşayevanın bu mövqeyi cəmiyyət tərəfindən dəstəklənib və mediaya açıqlama verən ziyalılar da "Azəravtoyolservis” ASC-ini kəskin tənqid ediblər. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu hadisədən hiddətləndiyi açıqlanıb. Habelə Heykəltaraşlar, Yazıçılar İttifaqı, Rəssamlar İttifaqı Stalin repressiyalarının qurbanı olmuş şairin heykəlinə qarşı bu vandalizm əməlini kəskin pisləyib. Rəssamlar İttifaqının heykəltaraşlıq bölməsinin rəhbəri, xalq rəssamı, görkəmli heykəltaraş Xanlar Əhmədov "Azəravtoyol”un Müşfiqin heykəlini dağıtmasını əsl vandalizm aktı kimi qiymətləndirib.

İctimaiyyətin, xüsusilə də görkəmli ziyalıların sərt etirazından sonra Ziya Məmmədovun kadrı olan Saleh Məmmədovun rəhbərlik etdiyi "Azəravtoyol” ASC-i açıqlama ilə çıxış edərək Mikayıl Müşfiqin heykəlinin sökülməsini "Sovetski”də aparılan yenidənqurma və genişləndirmə işləri ilə əlaqələndirib. "Azəravtoyol” ASC-i rəhbərliyi ictimayyəti sakitləşdirməyə çalışaraq büstün təmir və yenidənqurma işləri başa çatandan sonra yenidən yerinə qaytarılacağını da vəd edib.  "Azəravtoyol” ASC-i heykəli Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırmadan, nazirliyə xəbər vermədən sökməsi, ictimaiyyətin etirazından sonra belə bir açıqlama verməsinin özü də Azərbaycan cəmiyyətinə qarşı hörmətsizlik hesab olunmalıdır. Belə görünür ki, Ziya Məmmədovun kadrı Saleh Məmmədovun rəhbərlik etdiyi "Azəravtoyol” ASC –i qırmızı terrorun qurbanı olmuş böyük şairin heykəlini əvvəl dağıdıb, etirazla qarşılaşdıqdan sonra bərpa etməklə cəmiyyəti sevindirəcəyini güman edirmiş. Qeyd edək ki, bolşevik terrorunun qurbanı olmuş Mikayıl Müşfiqin heykəl 1970- ci ildə qırmızı qranitdən, heykəltaraş Münəvvər Rzayeva tərəfindən hazırlanıb. Mikayıl Müşfiqin heykəlinin ucaldılması ideyası isə mərhum prezident Heydər Əliyevin Azərbaycan şair və ədiblərinin xatirəsinin əbədiləşdirməsi siyasətindən doğub.Bu mənada Azərvatoyol” ASC –i qırmızı terrorun qurbanı olmuş böyük şairin heykəlini dağıtması həm də mərhum prezident Heydər Əliyevin xatirəsinə hörmətsizlik kimi qəbul olunmalıdır.

A.Nəbiyev,

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti