Azərbaycanda istehsal olunan dondurmaların əksəriyyəti təhlükəli hesab olundu

 

İqtisadiyyat və Səhiyyə nazirlikləri dondurma istehsalı ilə məşğul olan müəssisələrdə yoxlamalar aparıb. Araşdırmalar zamanı ciddi nöqsanlar aşkarlanıb. Bu barədə virtualaz.org saytına İqtisadiyyat Nazirliyindən məlumat veriblər.

İstehsal müəssislərindən götürülmüş nümunələrdə "AER Company Qrup” MMC-nin istehsal etdiyi "Çudo” şokoladlı, "AER” plombir şokoladlı, "AER” plombir vanilli, "Yasif” plombir və "Melisa”, "Band Milk” MMC-nin istehsal etdiyi "Nostalji” plombir, "Briket-krem brule” və vafli stəkanda olan qaymaqlı-şokoladlı, həmçinin fiziki şəxs Sərngül Yusubovanın istehsal etdiyi "Bakinskiy privet” plombir, "Meqapolis” şokoladlı plombir, "Cappuçino” qəhvəyi, "Matryoşka” plombir, "Selena” şokoladlı plombir, "Panda” südlü, "Meçta” şokoladlı plombir, "Arktika” şokoladlı plombir, "Tanqo” şokoladlı və "Tanqo” cemli dondurmalarında bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformlar) miqdarının normativ sənədlərdə nəzərdə tutulmuş miqdardan artıq olduğu müəyyən edilib.

Eyni zamanda, fiziki şəxs Müzəffər Poladovun istehsal etdiyi "Mono Quality” badamlı, "Bakı gecələri” plombir, "Armada”, "Eskimo Yoloçka”, "Yeni şəhər” plombir, "S.A.B.A. Şirkəti” MMC-nin istehsal etdiyi "İçəri şəhər” qəhvəyi, "İçəri şəhər” qəhvəli, "Prestij” çiyələkli, "Prestij” qozlu, "Əsl” plombir, "A.Y.S-60” MMC-nin istehsal etdiyi dondurmalarda bağırçaq çöpü aşkarlanıb.

"AER Company Qrup” MMC və fiziki şəxs Sərngül Yusubovaya məxsus dondurmalarda mezofil-aerob vefakultativ-anaerob mikroorqanizmlərin də miqdarının normativ sənədlərlə müəyyən olunmuş normativdən artıq olduğu aşkar edilib.

Aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar "AER Company Qrup” MMC,”Band Milk” MMC, "S.A.B.A. Şirkəti” MMC, "A.Y.S-60” MMC, habelə fərdi sahibkarlar Müzəffər Poladov və Sərngül Yusubova barədə qeyd olunan dondurmaların istehsalının dayandırılması, bu məhsulların ticarət şəbəkəsindən geri çağırılması kimi məhdudlaşdırıcı tədbirlər tətbiq edilmiş və istehsalat sahəsində müvafiq sanitariya-gigiyenik və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi barədə göstəriş verilib. Sahibkarlara qarşı tədbir görüləcək.

"AER Company Qrup”un özünü mühafizəçi kimi təqdim edən əməkdaşı virtualaz.org saytına bildirib ki, firma müvəqqəti fəaliyyətini dayandırıb. "Hazırda təmir işləri gedir, ona görə də rəhbərlikdən heç kim yoxdur. Müəssisədə yoxlama aparılması ilə bağlı məlumatlı deyiləm”, - firma əməkdaşı əlavə edib. Lakin o, təmir işlərinə nə vaxt başlandığını söyləməyib.

"S.A.B.A. Şirkəti” MMC-nin xanım əməkdaşı isə firmanın bütün əməkdaşlarının hüzür mərasiminə getdiyini, müəssisədə əməkdaş qalmadığından sualları heç kimim cavablandıra bilməyəcəyini söyləyib.

Ülviyyə



Oxşar Xəbərlər

Xəbər lenti