8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sozcu.info Azadlıq Radiosuna istinadla bildirir ki, məlumatı ABŞ prezidentinin vəkili yayıb.
Vəkil, keçmiş prokuror və Nyu-Yorkun keçmiş meri Rudi Giuliani mayın 16-da axşam CNN və "Fox News”a danışıb. Deməsinə görə, Müeller Ağ evə söyləyib ki, Ədliyyə Departamentinin çoxdan təsbit etdiyi hüquqi yanaşmaya əməl edəcək – vəzifədə olan prezidentə ittiham irəli sürülə bilməz.
"Onlar ancaq hesabat hazırlayacaqlar. İttiham irəli sürə bilməzlər. Azından, bir az mübarizə aparandan sonra bunu bizə etiraf etdilər”, – Giuliani CNN-ə deyib.
Vəkilin "Fox News”a bildirməsinə görə, prezidentin toxunulmazlığı səbəbindən Müller təhqiqatını tamamlamalıdır.
Giulianinin fikrincə, Müllerin qərar verməyə bütün faktları var: "1,4 milyon sənəd əldə edib, 28 şahidi dindirib. Ancaq ortaya heç nə qoymayıb… Artıq "yetər” deməyin vaxtı çatıb. Bu prezidentə çox əzab verdik”.
Müllerin sözçüsü Peter Karr Giuliani-nin dediklərini şərh etməyib.
Təxminən bir ildir Müller xüsusi prokuror təyin olunub, Rusiyanın 2016-cı il prezident seçkisinə iddia olunan müdaxiləsini araşdırır.
Senatın kəşfiyyat komitəsi mayın 16-da 14 aylıq təhqiqatının nəticəsini açıqlayıb, Rusiyanın seçkiyə təsir göstərməyə çalışdığını bildirib.Rusiyanın niyyətinin Trampın seçilməsinə yardım etmək, onun opponenti, demokratların namizədi Hillari Klintona zərbə vurmaq olduğu vurğulanır.
Giuliani deyib ki, Müller prezidentin hər hansı yanlışlığa yol verdiyini aşkarlasa belə, Ədliyyə Departamentinin hüquqi rəyinə uyğun olaraq, hesabatını bu quruma təqdim etməlidir. Ancaq ABŞ Konstitusiyasına görə, bu hesabat prezident Konqresdə impiçmenti üçün əsasa çevrilə bilər.
Bu arada Müllerin Trampı dindirmək istəməsi barədə də məlumatlar yayılmışdı.
Müller artıq 19 nəfərə ittiham irəli sürüb. Onların içində prezidentin seçki kampaniyasının keçmiş rəhbəri Pol Manafort, bir neçə köməkçisi də var. Onlar barələrində təhqiqat gedən rusiyalılarla ya əlaqə saxlayıb, ya da bu haqda bilgili olublar.
Tramp dəfələrlə bildirib ki, Rusiyayla onun seçki kampaniyası arasında hər hansı əlbirlik olmayıb.
Rusiya da oxşar iddiaları rədd edir.
Ancaq media Müllerin qanunun başqa bir mümkün pozuntusunu da araşdırdığını yazıb – Tramp istintaqı əngəlləməyə çalışıbmı? Prezident bir il öncə Federal Təhqiqat Bürosunun rəhbəri Ceyms Komini işdən çıxarıb, eləcə də digər hədə və hərəkətlərə yol verib.