Həbs edilmiş AXCP üzvü ev dustaqlığına buraxıldı –Vəkili Baş prokurora təşəkkür etdi

Həbs edilmiş AXCP üzvü ev dustaqlığına buraxıldı –Vəkili Baş prokurora təşəkkür etdi

 

"Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Mirfeyzulla Seyidov mayın 22-də axşam saatlarında ev dustaqlığına buraxılıb. O, hazırda evindədir”.

 

Sozcu.info xəbər verir ki, bu barədə Mirfeyzulla Seyidovun vəkili Cavad Cavadov "Amerikanın Səsi” radiosuna bildirib.

 

Vəkilin sözlərinə görə, mayın 22-də Nərimanov Rayon Məhkəməsi müdafiə tərəfinin həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatətini təmin edib.

"İctimai dəstəyə görə hüquq-müdafiə təşkilatlarına, mediaya, bütün insanlara təşəkkürümü bildirirəm. Bizim müraciətə müsbət cavab verildiyinə görə, Baş prokurora təşəkkür edirəm”, – vəkil qeyd edib.

Ancaq mayın 21-də Bakı Apellyasiya Məhkəməsi AXCP fəalı Mirfeyzulla Seyidov barəsində seçilmiş həbs-qətimkan tədbirini dəyişməmişdi. Vəkili Seyidovun müdafiəsindən ötrü hüquqi addımların davam etdiriləcəyini bildirmişdi.

Cavad Cavadov həmçinin vurğulamışdı ki, Mirfeyzulla Seyidov bir neçə gün öncə 1 saylı Bakı İstintaq Təcridxanasının kamerasından tibb hissəsinə köçürülüb.

Müdafiəçiləri hesab edirdi ki, Seyidovun vəziyyətinin yaxşılaşmasından ötrü onun tibb hissəsinə köçürülməsi yetərli deyil, müxalifətçinin azad olunması lazımdır: "Onu həftədə üç dəfə dializ proseduruna aparırlar, hər prosedur 4 saat davam edir. Sonra özünə gəlmək üçün daha 4 saat xəstəxanada qalmalı olur. Seyidov həm də diabet və hipertoniya xəstəsidir”.

Bir həftə əvvəl isə vəkil Baş prokurora müraciət edərək, həbs-qətimkan tədbirinin dəyişdirilməsini xahiş etmişdi.



Oxşar Xəbərlər

Xəbər lenti