8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Kapital-Qrup" MMC bina sakinlərinə "kupça" vermir və bununla bağlı müraciətlərə başdansovdu yanaşır
"Mənzil İS" MMC kommunal xidmətlər adı altında sakinlərdən əlavə ödənişlər tələb edir, əvəzində isə qanuni qəbz verilmir
Hazırda ölkədə fəaliyyət göstərən bir sıra MTK-lar (Mənzil Tikinti Korperativləri) müxtəlif yollara baş vuraraq vətəndaşlara kələk gəlir, inşa etdikləri binaları vaxtında təhvil vermir, bəzən isə bir mənzili bir neçə şəxsə satır, alqı-satqı zamanı qanunsuzluqlara yol verməkdən çəkinmir, sakinləri "kupça" (mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarış) ilə təmin etmirlər. Bir sözlə, bu qəbildən olan MTK rəhbərləri vətəndaşların hüquqi savadsızlığından, o cümlədən qanunvericilikdə mövcud olan müəyyən boşluqlardan öz mənafeləri naminə istifadə edirlər. Qeyd edək ki, bu cür tikinti şirkətlərindən biri də "Kapital-Qrup" MMC-dir.
Belə ki, adıçəkilən MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ərazisində inşa etdiyi binanın sakinləri iddia edirlər ki, "Kapital-Qrup" MMC onların mənzillərinə "kupça" vermir və bununla bağlı müraciətlərinə başdansovdu yanaşır. Deyilənlərə görə, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyevin qardaşı, Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Vəli Nağıyevə məxsus olan "Kapital-Qrup" MMC rəsmiləri problemin tez bir zamanda həll olunacağına dair vəd versələr də, sakinlər indiyədək mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışla təmin olunmayıblar. Onlar müvafiq qurumların da məsələyə biganə yanaşdıqlarını vurğulayıblar. Həqiqətən də maraqlı mənzərədir. Necə olur ki, həyətdə bir toyuq hini tikmək istədikdə "uçastkovı", "pojarnı", bələdiyyə, rayon icra hakimiyyəti, o cümlədən ustanın çəkicinin səsini eşidən digər qurumlar dərhal yığışıb sənin nə etdiyinlə maraqlanır, "halallıq" alıb gedirlər, lakin şəhərin mərkəzindəki "Kapital-Qrup" MMC tikinti şirkəti camaatı aldadır, bunu isə görməməzliyə vururlar?! Buradan da belə qənaətə gəlmək olar ki, bu məsələdə Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Vəli Nağıyevin adının hallanması bir sıra orqanları qanunamüvafiq addım atmaqdan çəkindirir. Bunun əzabını isə sadə vətəndaşlar, öz halal zəhmətiylə "Kapital-Qrup" MMC-dən mənzil alan sakinlər çəkir.
Yeri gəlmişkən, nəzərinizə çatdıraq ki, şikayətçilər "Kapital-Qrup" MMC-dən ev aldıqları gündən etibarən zülm çəkdiklərini bildirirlər. Elə bu səbəbdən də onlar bugünlərdə binalarının qarşısında etiraz aksiyası keçiriblər. Bir qədər sonra isə həmin ünvana şirkət rəhbərliyindən nümayəndə gəlib. Sakinlərlə söhbət zamanı şirkətin maliyyə şöbəsinin müdiri olduğunu, eyni zamanda "JEK"in fəaliyyətinə və hüquq işlərinə nəzarət etdiyini deyən, lakin danışığından hüquqi savadının olmadığı açıq-aşkar görünən Asif İsbi oğlu Cəfərov adıçəkilən binanın "Kapital-Qrup" MMC tərəfindən inşa olunduğunu bildirməklə yanaşı, binanın kommunal məsələlərinin "Mənzil İS" MMC-yə həvalə edildiyini qeyd edib. Onun sözlərinə görə, vətəndaşların "kupça" məsələsi "Kapital-Qrup" MMC-nin nəzarətindədir: "Sizin "kupça"nızla "Kapital-Qrup" MMC məşğul olur. Həmin şirkəti də mən təmsil edirəm. Lakin hələlik "kupça"nın nə vaxt veriləcəyini dəqiq deyə bilmərəm. Məsələ yalnız məndən asılı deyil. Onu bildirim ki, "kupça"nın alınması üçün bir sənədimiz çatmır ki, o da torpağın çıxarışıdır".
Gördüyünüz kimi, "Kapital-Qrup" MMC-nin maliyyə şöbəsinin müdirinin sözlərindən belə aydın olur ki, adıçəkilən şirkətin inşa etdiyi binanın yerləşdiyi torpağın sənədi qaydasında deyil. Belə olan halda sakinlərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışla təmin olunması mümkün deyil. Halbuki "Kapital-Qrup" MMC-nin yetkili şəxsləri mənzil alarkən sakinlərə binanın tezliklə dövlət qeydiyyatına alınacağını və bundan sonra onların "kupça" ilə təmin olunacaqlarını bəyan ediblər. Lakin üzərindən bir neçə il keçməsinə baxmayaraq, "kupça"dan heç bir səs-soraq yoxdur. Bu isə haqlı olaraq sakinlərin ciddi narazılığanı səbəb olur. Çünki mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarış olmadıqda vətəndaş öz mənzilinə qeydiyyata düşə bilmir. Bundan başqa, "kupça" olmadıqda gələcəkdə həmin mənzilin varislərə miras verməsi zamanı da ciddi əngəl yarana bilər. Ümumiyyətlə, araşdırmalar göstərir ki, bu tip yeni tikililərin dövlət qeydiyyatına alınmamasının əsas səbəbi ilkin qeydiyyat və tikintinin aparıldığı torpaq sahəsinin sənədlərinin, eyni zamanda tikinti üçün alınan icazə və sərəncamların qaydasında olmamasıdır.
Bu arada, "Kapital-Qrup" MMC-nin Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ərazisində inşa etdiyi binanın sakinləri bildirirlər ki, şirkət rəhbərliyi onlara "kupça" verməməkdə maraqlıdır. Çünki MMC yetkililəri mülkiyyət sənədi verilməmiş binaların idarə edilməsindən külli miqdarda qeyri-rəsmi gəlir əldə edirlər. Deyilənlərə görə, orta hesabla bir binadan ayda 30-40 min manat civarında pul yığılır ki, bunun da böyük bir hissəsi "Kapital-Qrup" MMC rəhbərliyinə çatır. Məhz elə bu səbəbdən də adıçəkilən şirkət sakinlərə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarış verməyə tələsmir. Halbuki "kupça" verildikdən sonra sakinlər su, işıq, qaz və digər kommunal xərcləri indiki kimi baha qiymətə deyil, standart taariflərlə ödəmək imkanı əldə edəcəklər. Bu gün isə bunun tam əksinə olaraq, "Kapital-Qrup" MMC-nin inşa etdiyi binanın kommunal məsələləri "Mənzil İS" MMC-yə həvalə edilib. Bu şirkət isə sakinlərdən əlavə ödənişlər tələb edir, əvəzində isə onlara qanuni qəbz verilmir. Məhz elə buna görə də sakinlər Mənzil Məcəlləsinə uyğun olaraq binanın idarə edicisini (komendant) özləri seçmək istəyirlər. Lakin "Kapital-Qrup" MMC və "Mənzil İS" MMC-nin yetkili şəxsləri buna imkan vermirlər. Çünki bu halda onlar hər ay sakinlərdən topladıqları əlavə və əsassız gəlirdən məhrum olacaqlar. Nəzərinizə çatdıraq ki, bir müddət öncə sözügedən mövzu ilə bağlı "publika"ya açıqlama verən daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının bildirdiyinə görə, Mənzil Tikinti Korperativləri inşa etdikləri binaları ən geci 1 ay müddətində sahə mülkiyyətçilərinə təhvil verib, idarəetmədən uzaqlaşmalıdırlar: "Mənzil Məcəlləsinin 109.5-ci maddəsinin tələbinə görə, Mənzil-Tikinti Kooperativləri 1 ay ərzində mənzil-tikinti kooperativi qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir. Yəni binanın idarəsini mülkiyyətçilərə təhvil verib, çıxmağa borcludur". Nazirlər Kabinetinin bu istiqamətdə vəsaitlərin toplanması üçün tərtib etdiyi normaların olduğunu deyən mütəxəssis qeyd edib ki, bina sakinləri MTK-ın fəaliyyətindən narazıdırlarsa, həmfikir olaraq Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin yaradılmasını tələb edə bilərlər. Onun sözlərinə görə, bina sakinləri birlikdə ortaq qərar alaraq, bu barədə protokolun tərtib edilməsi üçün müraciət etməlidirlər: "Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin yaradılması ilə bağlı protokol tərtib olunduqdan sonra mülkiyyətçilər arasından bir nəfər sədr seçilir. Daha sonra həmin şəxs bütün bina sakinlərinin adından müvafiq mülkiyyət sənədləri ilə birlikdə (mülkiyyət sənədləri, maliyyə arayışları, mənzilin bölgüsünə dair çıxarışlar və.s) protokolu Ədliyyə Nazirliyinə təqdim edilir. Ədliyyə Nazirliyinin müvafiq şöbəsində bu sənədlər yoxlanılır və həmin çoxmənzilli idarə qurumunun qeydiyyata alınıb-alınmaması məsələsinə baxılır. Qurum qeydiyyata alınarsa, o həmin gündən etibarən öz fəaliyyətinə başlamış olur. Bu da yığılan vəsaitin kənar məqsədlərə xərclənməsinin qarşısını alır. Bu sakinlərin hüquqlarına daxildir".
Beləliklə, ekspertin sözlərindən sonra qəti əminliklə demək olar ki, Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Vəli Nağıyevə məxsus olan "Kapital-Qrup" MMC-nin, o cümlədən "Mənzil İS" MMC-nin fəaliyyətindən narazı olan sakinlər Mənzil Məcəlləsinə əsasən binanın idarəsini öz üzərlərinə götürə bilərlər. Bu, tam qanunauyğundur. Ümid edirik ki, adıçəkilən şirkət rəhbərləri bundan sonra sakinlərin qanunla təsbit olunmuş mülkiyyət hüquqlarını pozmağa cəhd etməzlər.
Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
P.S. "Kapital-Qrup" MMC-nin sözügedən ərazidə inşa etdiyi binada yaşanan digər qanunazidd fəaliyyəti ilə bağlı araşdırmalarımız davam edir. Növbəti saylarımızda bununla bağlı daha geniş məlumat verəcəyik.
"Hürriyyət"