Elman Tağıyevi həbsdən kim(lər) azad edib?

Cinayətkarın himayəsinin arxasında hansı maraqlar durur?

2005-2011-ci illərdə Bakı şəhərində "Birlik İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və rəhbəri olarkən Tağıyev Elman Həsənqulu oğlu Minəçeva Roza Yakovlevna, Məhərrəmov Soltan Kərəm oğlu, Fərəcov Eyvaz Teyyub oğlu və Əzimov Çingiz Əziz oğlu ilə qabaqcadan əlbir olaraq saxta müqavilələrlə eyni mənzilləri bir neçə nəfərə satmaqla ümumilikdə 200-ə yaxın insanı aldadaraq onların 10 milyon manatdan artıq pulunu mənimsəmişlər. Bu cinayətkar şəbəkənin qurbanı olan zərərçəkmişlərin şikayətləri üzrə "Birlik İnşaat” MMC-nin rəhbər şəxsləri haqqında cinayət işi açılır. MMC-nin təsisçisi və rəhbəri Elman Həsənqulu oğlunun özü isə 19 oktyabr 2011-ci il tarixdə şübhəli şəxs qismində saxlanılır. İki gün sonra, 21 oktyabr 2011-ci ildə məhkəmənin hökmü ilə Elman Tağıyevin haqqında qətiimkan tədbiri kimi həbs seçilir. Ancaq nə baş verirsə bundan sonra baş verir. Belə ki, 19 mart 2012-ci il tarixdə məhkəmə "hümanizm” göstərərək Cinayət Məcəlləsinin 178. 3.2, 213.2.2 və 313 maddələri ilə ittiham olunan Elman Tağıyev haqqında həbs qətiimkan tədbiri ev dustaqlığı ilə əvəz olunur. Məhkəmənin hümanizmi bununla da bitmir, 17 aprel 2012-ci il tarixində Elman Tağıyev barəsində başqa yerə getməmək haqqında iltizam qətiimkan tədbiri seçilir. Bundan sonra Elman Tağıyev məsuliyyətdən yayına bilir. Hələlik tam dəqiqləşdirə bilmədiyimiz məlumata görə, Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham olunan Elman Tağıyevin məsuliyyətdən yayınmasına səbəb olan qərarlar, onun haqqında həbs qətiimkan tədbiri Nəsimi rayon Məhkəməsində dəyişilib. Ancaq Məhkəmənin bu qərarının istintaq orqanının, prokurorluğun razılığı ilə baş verdiyini də görməmək mümkün deyil. Əks halda prokurorluq məhkəmənin bu qərarından protest verə bilərdi. Ancaq bunu etməməklə məhkəmənin qərarı ilə razı olduğunu ortaya qoyub. İstintaq zamanı baş verən bu inanılmaz olaya Bakı Ağır Cinayətlər Məhkəməsi son qoymaq istəyib. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2014-cü il tarixli hökmü ilə Elman Həsənqulu oğlu Tağıyev barəsində cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilir və ibtidai istintaq orqanı tərəfindən barəsində başqa yerə getməmək iltizam tədbirinin həbs qətiimkan tədbiri ilə əvəz olunmasına qərar verilir. Ancaq Bakı Ağır Cinayətlər Məhkəməsinin bu qərarı icra edilməmiş, kağız üzərində qalır. Çünki, Elman Tağıyev ibtidai istintaq orqanının "hümanizm”indən yararlanaraq təcridxanadan çıxdıqdan sonra məsuliyyətdən yayınma yolu seçir. Hələlik dəqiqləşdirə bilmədiyimiz bir məlumata görə, azadlığını əldə etmə prosesi Elman Tağıyevə iki milyon manata başa gəlib. Bu məlumatın şaiyə olub-olmadığını aydınlaşdırmaq çox çətindir. Çünki, rüşvətə görə qəbz verilmir. Ancaq Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham olunan, yüzdən çox insanın şikayətçi olduğu birisi haqqında həbs qətiimkan tədbirinin dəyişdirilməsi sıradan məsələ deyil. Deməli, Elman Tağıyev kimləri isə onun haqqında həbs qətiimkan tədbirini dəyişdirməyə maraqlandıra bilib. İndi onun ölkə daxilində gizləndiyi və yaxud da xarici ölkəyə qaçması haqqında heç bir məlumat yoxdur. "Yeni Sözçü” qəzeti Elman Tağıyevin dələduzluq əməlinin qurbanlarından olan Əfəndiyev Nadir Əli oğlunun müraciəti üzərinə bu məsələni araşdırmağa çalışır. İlk olaraq Elman Tağıyevin ölkə daxilində olub-olmamasına aydınlıq gətirmək üçün Dövlət Sərhəd Xidmətinə rəsmi sorğu ilə müraciət etmişik. Öyrənmək istədiyimiz digər bir məsələ isə Elman Tağıyev haqqında həbs qətiimkan tədbirinin əvvəlcə ev dustaqlığı, sonra isə başqa yerə getməmək iltizam tədbirinin seçilməsi haqqında ibtidai istintaq orqanı Dövlət Sərhəd Xidmətini məlumatlandırıb-məlumatlandırmamasıdır. Bu məqam Elman Tağıyev haqqında həbs qətiimkan tədbirinin dəyişdirilib, onun azadlığa çıxmasında kimlərinsə maraqlı olduğunu üzə çıxara bilər. Elman Tağıyevin məsuliyyətdən yayındırılması prosesi ətrafında diqqətimizi çəkən məqamlardan biri də Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham olunan bir şəxs haqqındakı həbs qəti imkan tədbirinin kim tərəfindən dəyişdirilməsidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə Elman Tağıyev haqqında həbs qətiimkan tədbirinin ibtidai istintaq orqanı tərəfindən dəyişdirildiyi ifadəsi yer alıb. Bu ifadənin arxasında nəyin dayandığına aydınlıq gətirməyə çalışacağıq. Azərbaycan qanunvericiliyinə görə, həbs qətiimkan tədbirinin seçilməsi də, dəyişdirilməsi də yalnız Məhkəmələrin səlahiyyətindədir. Əlbətdə, prokurorluğun təqdimatı da lazımdır. Ancaq əsas söz sahibi Məhkəmədir. Buna görə, biz Elman Tağıyevin məsuliyyətdən yayınmasına imkan yaradan hakimin kimliyinə aydınlıq gətirməyə çalışırıq. Bununla bağlı Ədliyyə naziri Fikrət Məmmədova rəsmi sorğu ilə müraciət etmişik. Eyni zamanda yüzlərlə şəxsin zərərçəkmiş olduğu bir cinayət işinin istintaqı ilə məşğul olan prokurorluqda Elman Tağıyevin məsuliyyətdən yayınmasına kimin və ya kimlərin göz yummasına aydınlıq gətirmək niyyətindəyik. Bununla bağlı artıq Baş prokuror Zakir Qaralova rəsmi müraciət etmişik. İnanırıq ki, hüquqa, qanunvericiliyə hörmətlə yanaşan Baş prokuror Zakir Qaralov, Ədliyyə naziri Fikrət Məmmədov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev müraciətlərimizi cavabsız qoymayacaq, yüzlərlə vətəndaşı aldadaraq onların on milyon manatdan artıq pulunu mənimsəyən Elman Tağıyevin Azərbaycan dövlətinin adından verilən hökmünü əhəmiyyətsiz kağız parçası sayaraq məsuliyyətdən yayınmasına laqeyd qalmayacaqlar.

Zərərçəkmiş Əfəndiyev Nadir Əli oğlunun müraciəti üzərinə başlatdığımız bu araşdırmada üzə çıxarmaq istədiyimiz məqamlardan biri də Elman Tağıyevin məsuliyyətdən yayınmasında onun qohumlarının hansı rol oynamasıdır. 15 il müddətinə azadlıqdan məhrum edilən, lakin hələ də məsuliyyətdən yayınan birinin kimlərdənsə dəstək, yardım almaması qeyri-mümkündür. Haqqında məhkəmənin 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası olan birinə isə ancaq onun ən yaxınları kömək edə bilər. Buna görə, Elman Tağıyevin yaxın qohumları, ailə üzvüləri və qardaşlarlı ilə əlaqəsini üzə çıxarmağa çalışırıq. Bu prosesdə hüquq-mühafizə orqanlarının da maraqlı olmalarını gözləyirik. Elman Tağıyevin harada olmasından asılı olmayaraq yaxınları, azadlıqda olan bəzi işbirlikçiləri ilə əlaqəsi haqqında bəzi ehtimallarımız var. Bu ehtimalları gücləndirən əsas məqam isə "Birlik İnşaat” MMC-nin inşa etdiyi binadakı mənzillər ətrafında baş verən yeni fırıldaqlardır. Bu mənzil fırıldaqları ilə bağlı bəzi məlumatlar əldə etmişik və onu araşdırmağa çalışırıq. Mövzunu ictimaiyyətin diqqət mərkəzində saxlamağa çalışacağıq.

 

Sevil Abdinova,

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti