8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Hacıqabul rayonunda qısqanclıq zəminində qəsdən adam öldürməyə cəhd etməkdə təqsirli bilinən 1981-ci il təvəllüdlü Gülverdi Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Gülverdi Məmmədov Salyan rayonunun Qubalı kəndində anadan olsa da, sonradan Hacıqabul rayonun Qubalıbalaoğlan kəndinə köçüb.
Arvadından şübhələndi
Gülverdi Məmmədov burada Məlahət ilə ailə qurub, yaşamağa başlayıb. O, illər əvvəl, yəni 2013-cü ildən arvadı Məlahətin həmkəndlisi Samir Kərimov ilə münasibətlərindən şübhələnib.
Gülverdi Məmmədovun bu şübhələri 2015-ci ilə kimi davam edib. Amma əlində fakt olmadığı üçün Samir Kərimovun arvadı ilə münasibətlərini aydınlaşdıra bilməyib.
Şübhəsini arvadına açdı
Amma 2015-ci ilin yayında yaşadıqları kənddə dayısı oğlu Aydın Babayevin evinin həyətində keçirilən toy məclisində Samir Kərimovun arvadı Məlahətə tez-tez nəzər yetirməsindən şübhələrini bir daha artırıb.
Bu səbəbdən toydan sonra o, Məlahətdən Samirlə aralarında intim münasibət olub-olmadığını xəbər alıb. Məlahətdə Samirlə aralarında heç bir münasibət olmadığını deyib.
Arvadının intim münasibəti qənaətinə gəldi
Arvadının Samirlə intim münasibətdə olmasına dair ittihamını inkar etməsinə baxmayaraq, o, buna inanmayıb. Bu səbəbdən arvadına eyni məzmunda tez-tez suallar verməkdə davam edib.
Nəhayət, Gülverdi arvadının həmkəndlisi Samirlə intim münasibətdə olması qənaətinə gəlib. O, qısqanclıq zəminində sonuncudan qisas almaq məqsədilə onu öldürmək qərarına gəlib. Bu niyyətini həyata keçirmək üçün münasib şəraitin yaranmasını gözləyib.
Nişanlısı ilə görüşə gedən oğlanın arxasınca düşdü
Avqustun 14-də, gecə saat 01 radələrində Gülverdi Samirin rayonun Rəncbər kəndində yaşayan nişanlısıgilə getdiyini bilib. O, lüləsini və qundağını kəsməklə özündə saxladığı tüfənglə silahlanıb və özünə məxsus atla həmin kəndə yollanıb.
Həmin kənddə Samirin "VAZ 21015” markalı avtomobilinin nişanlısının darvazasının qabağında dayandığını görüb. O, atdan düşərək yaxınlıqdakı xəndəkdə oturub və onun geri qayıtmasını gözləyib.
Gənci avtomobilində güllələdi
Bir qədər sonra Samir nişanlısının yaşadığı evdən çıxıb və özünə məxsus avtomobilinə tərəf yollanıb ki, yaşadığı kəndə qayıtsın. Samirin avtomobilinə tərəf tək gəldiyini görən Gülverdi onu öldürmək məqsədilə avtomobilə yaxınlaşıb.
Gülverdi sükan arxasında əyləşən Samirə 7 metr məsafədən bir dəfə atəş açıb, ona həyat üçün əhəmiyyətli orqan sayılan başın təpə nahiyəsinin dəlib keçən xəsarət yetirib.
Daha sonra Gülverdi hadisə yerindən qaçıb. Səs-küyə gələnlər Samiri vaxtında xəstəxanaya çatdırdıqları üçün onun həyatını xilas etmək mümkün olub.
3 maddə ilə cinayət işi açıldı
İstintaq orqanı tərəfindən Gülverdi Məmmədovun barəsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 229.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə) və 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.
9 il 6 ay cəza
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Rafiq Cəfərovun sədrlik etdiyi kollegiyada cinayət işi araşdırılıb, Gülverdi Məmmədovun törətdiyi əməl tam sübuta yetirilib.
Məhkəmənin hökmü ilə Gülverdi Məmmədov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi hökm olunub.
Hökmdən narazı qalan Gülverdi Məmmədov apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.
Gülverdi Məmmədovun şikayəti Şirvan Apelyasiya Məhkəməsində araşdırılıb və sonda apelyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul olunub.
Bu qərardan narazı qalan Gülverdi Məmmədov kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.
Hakim Fərhad Kərimovun sədrliyilə baş tutan prosesdə kasasiya şikayətinin dəlilləri araşdırılıb. Kasasiya şikayətini araşdıran hakim heyəti qərar elan edib.
Qərara görə, Gülverdi Məmmədovun şikayəti təmin olunmayıb.
İlkin