8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Səbail rayon Məhkəməsində Elina Hacıyevanın ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəməsi başa çatıb.
Sozcu.info apa-ya istinadən xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə direktorun vəkili Sadiq Bağırov çıxış edərək ittihamları qəbul etmədikləri bildirib və həmçinin qaldırılmış mülki iddianın təmin edilməməsini istəyib: "Nə istintaq dövründə nə də məhkəmədə müvəkkilim barəsində verilən ittihamlar öz təsdiqini tapmayıb. Bu səbəbdən Sevinc Abbasova barəsində bəraət hökmünün çıxarılmasını tələb edirik".
Daha sonra Sevinc Abbasova son sözlə çıxış edərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib: "25 ildir müəllim işləyirəm. Məktəbdə, universitetdə dərs demişəm. Həmişə işimə məsuliyyətlə yanaşmışam. Test imtahanı ilə direktorluğa qəbul olunmuşam. 625 namizəd içində ilkin direktor təyin olunan 12 direktordan biriyəm. Direktor olduğum 3 il ərzində məktəbin nəticələrində xeyli irəliləmə olub. İşimdə heç zaman səhlənkar olmamışam. İttihamların heç birini qəbul etmirəm".
Məhkəmədə hökm oxunub.
Hökmə əsasən, Sevinc Abbasova ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla 2 il 2 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. S.Abbasovaya saat 23:00-dan 07:00-a qədər yaşadığı evdən çıxmaq qadağan olunub. O, elektron qolbaq taxacaq.
Mülki iddiadan 18 min 500 manat (maddi ziyana görə 8 min 500 manat, mənəvi zərərə görə 10 min manat) direktordan tutularaq Elinanın anasına ödəniləcək.
Elinanın ailəsi və vəkilləri jurnalistlərə açıqlamasında hökmlə razı olmadıqlarını və apelyasiya şikayəti verəcəklərini deyiblər.
Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Daha sonra Cinayət Məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə açılan cinayət işinə xitam verilib.