Sevinc Abbasovanın işi üzrə təkrar məhkəmənin vaxtı məlum olub

 

Səbail rayon Məhkəməsində Bakıdakı 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasova barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəzlənməsinə dair keçmiş müddətin bərpası üçün müraciətə baxılıb.

APA-nın məlumatına görə, məhkəmədə zərərçəkənin nümayəndələrinin müddətin bərpası ilə bağlı müraciəti təmin edilib və iş baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Bakı Apelyasiya Məhkəməsində iş hakim Mirzəli Abbasovun icraatına verilib. Şikayətə avqustun 8-də baxılacaq.

Qeyd edək ki, bu ilin aprelində Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə Bakı şəhər prokurorluğunda cinayət işi başlanıb. Həmin vaxt məktəbin direktoru olmuş Sevinc Abbasova Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Bu yaxınlarda qətimkan tədbirinin vaxtı uzadılıb. Zərərçəkmiş tərəf ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsi ilə bağlı apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsində isə şikayət müddəti keçdiyi üçün zərərçəkən tərəfin şikayəti təmin olunmayıb.




Oxşar Xəbərlər

Xəbər lenti