Xocalıdan qalxan Ermənistan təyyarələri vurulacaq?

 

 Xocalı aeroportu ilə bağlı yenidən təxribat xarakterli məlumat yayıb. Düşmən tərəfi bəyan edib ki, aeroportdan 2 yerlik təkmotorlu təyyarələr havaya qalxacaq və Şuşaya qədər uçuşlar həyata keçiriləcək. Gün ərzində bir neçə belə uçuşun həyata keçiriləcəyi bildirilib.

Ermənistan mətbuatında bundan öncə də Xocalı aeroportundan uçuşların həyata keçiriləcəyi barədə məlumatlar yayımlışdı.

Sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bununla bağlı virtualaz.org-a bildirib ki, ölkəmizin hava hücumundan müdafiə sistemləri tək Xocalı aeroportunda deyil, bütün Dağlıq Qarabağ ərazisində olan uçuş aparatlarını məhv etmək imkanına qadirdir. 

General-leytenant qeyd edib ki, erməni KİV-ləri belə məlumatlar yaymaqla Azərbaycanı qıcıqlandırmağa çalışır: 
"Dəfələrlə qeyd olunub ki, uçuşlar həyata keçirilsə, Azərbaycan tərəfi tədbirlər görəcək. Buna baxmayaraq müxtəlif zamanlarda belə təxribatçı fikirlər yayıblar. Həmin ərazilər Azərbaycanındır və Hava Hücumundan Müdafiə Qoşunları onları məhv etmək imkanına malikdir. Ölkənin həm siyasi, həm də hərbi rəhbərliyi bunu bir neçə dəfə bəyan edib”.

Dövlət Mülki Aviasiya Administrasiyasından isə bildiriblər ki, Xocalı hava limanının Azərbaycanın Qarabağ bölgəsi ərazisində yerləşdiyini və bu ərazilərdə uçuşların təhlükəsizliyinə tam zəmanət verilmədiyini nəzərə alaraq, "Aviasiya Haqqında” Qanuna uyğun olaraq bu ərazi Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən mülki aviasiya üçün qadağan olunmuş zona elan edilib.

Qeyd edilib ki, uçuşlara qadağan olunmuş zona barədə rəsmi məlumat Azərbaycan Respublikasının Aeronaviqasiya Məlumatları Toplusunda (AIP) öz əksini tapıb: "Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, hər hansı qanunsuz uçuşlara qarşı Azərbaycanın müvafiq icra hakimiyyəti orqanları tərəfindən "Aviasiya Haqqında” Qanuna və "Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”na uyğun tədbirlər görüləcək”.

Bu arada məsələyə Azərbaycan XİN-dən də münasibət bildiriblər. XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərindəki Xocalı hava limanından guya turizm səyahətləri adı altında Ermənistan tərəfindən uçuşların həyata keçirilməsi planları Ermənistanın növbəti təxribatıdır: "Ermənistanın qəsdən həyata keçirməyə çalışdığı bu kimi təxribat əməlləri münaqişənin danışıqlar yolu ilə həlli prosesinə ciddi zərbə vurur və məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsinə xidmət edir".

O qeyd edib ki, Azərbaycan Respublikasının işğal olunmuş əraziləri üzərindəki hava məkanı Azərbaycanın suveren ərazisidir. Xocalı hava limanı Beynəlxalq Mülki Aviasiya Təşkilatının xüsusi kodu ilə Azərbaycan Respublikasının mülkiyyəti kimi təsbit olunub: "Azərbaycan Respublikası tərəfindən işğal olunmuş ərazilər üzərində hava məkanı uçuşlar üçün qadağan edilib. Belə ki, Azərbaycanın suveren hava məkanının bu hissəsində təhlükəsizliyi təmin etmək mümkün deyil. Azərbaycanın bu mövqeyi Beynəlxalq Mülki Aviasiya Təşkilatı və Mülki Aviasiya üzrə Avropa Konfransı tərəfindən dəstəklənir.

Ermənistanın Xocalı hava limanından istifadə etmək və qanunsuz uçuşlar həyata keçirmək cəhdləri Azərbaycan Respublikasının Aviasiya haqqında Qanunu, beynəlxalq hüququn imperativ norma və prinsiplərinin, Mülki Aviasiya haqqında Çikaqo Konvensiyası, Beynəlxalq Mülki Aviasiya Təşkilatının təlimat və qaydalarının kobud şəkildə pozulmasıdır.

Münaqişənin həllinə məsul tərəf kimi ATƏT-in Minsk Qrupunun həmsədrlərini Ermənistanın bu növbəti təxribatının qarşısının alınması üçün ciddi münasibət bildirməyə və tədbirlər görməyə çağırırıq. Ümumiyyətlə, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz əməlləri, o cümlədən iqtisadi fəaliyyəti, təbii resursların talan edilməsi, maddi-mədəniyyət nümunələrinin məhv edilməsi, məskunlaşdırma apararaq demoqrafik vəziyyətin dəyişdirilməsi, Xocalı hava limanının istifadəsi cəhdləri, qanunsuz seçkilərin keçirilməsi münaqişənin danışıqlar yolu ilə həllinə ciddi zərbə vurur və Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqı (anneksiya) məqsədi daşıyır. 

Azərbaycan tərəfi Ermənistanın bu növbəti təxribatının qarşısını almaq üçün beynəlxalq hüquqi vasitələrdən istifadə edəcək, aidiyyəti beynəlxalq təşkilatlara, xüsusilə Mülki Aviasiya Təşkilatına, Aviasiya və Hava Məkanından istifadə üzrə Dövlətlərarası Aviasiya Şurasına müraciət edəcək".

Xatırladaq ki, 2011-ci ildə 8 milyon dollara yenidən rekonstruksiya olunan Xocalı aeroportundan Yerevana uçuşların gerçəkləşəcəyi elan olunsa da, rəsmi Bakının sərt xəbərdarlığından sonra Ermənistan rəhbərliyi bu uçuşları gerçəkləşdirməyə cürət etməmişdi.



Oxşar Xəbərlər

Xəbər lenti