Azərbaycana girişi qadağan olan şəxslər – FOTO

Azərbaycana girişi qadağan olan şəxslər – FOTO

 


Bir sıra xarici ölkə vətəndaşlarına Azərbaycan Respublikasına daxil olmağa rəsmən qadağa qoyulub. Buna səbəb isə Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlı Qarabağa qanunsuz səfər etmələrdir. Femida.az Azərbaycana girişi qadağan olunan xarici ölkə vətəndaşları barədə araşdırma aparıb.

Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən şəxslər kimlərdir və onlar hansı ölkənin vətəndaşlarıdır? 

 Azərbaycan Respublikasına girişi qadağan olunan şəxslərin sayı 690 nəfərdir (Red: 22.09.2017-ci il tarixinə olan məlumat).

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi saytında yer alan məlumata görə, bu vaxta qədər Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edənlərin böyük hissəsi Rusiya Federasiyasının vətəndaşlarıdır. 

Qarabağa qanunsuz səfərlər etmiş Rusiya vətəndaşlarının fəaliyyət tərkibi də müxtəlifdir. Onların arasında siyasətçilər, jurnalistlər, ədliyyə müşaviri döyüşçülər, alimlər, müəllimlər də var. Misal üçün, Rusiya İctimai Palatasının sədrinin köməkçisi Aleksandr Ajqirey, RF Daxili Qoşunlar polkovniki, Qarabağ və Çeçenistan müharibələrinin iştirakçısı Aleksandr Nikolayeviç Chernov, Rusiya Elmlər Akademiyasının Arxeologiya İnstitutunun əməkdaşı Aleksandr Yuriyeviç Skakov, "LifeNews” kanalının əməkdaşı Aleksandr Kuçerenko, yazıçı Alisa Arkadyevna Qəniyeva, Rusiyalı iş adamı German Sterliqovun həyat yoldaşı Alyona Sterliqova, Siyasi və Hərbi Təhlil İnstitutunun beynəlxalq münasibətlər şöbəsinin rəisi Sergey Markedonov, Ali Məhkəmə yanında məhkəmə departamentinin əməkdaşı, ədliyyə müşaviri Viktor Vasilyeviç Konoplyov və başqaları var.

(Rusiyalı iş adamı German Sterliqovun həyat yoldaşı Alyona Sterliqova)

Siyahıya diqqət etdikdə, məşhur simalara da rast gəlmək mümkündür. Onların arasında musiqiçilər də var. 

Maraqlı məqamlardan biri də Rusiyanın məşhur müğənnisi Filipp Kirkorovun atasının Azərbaycana girişinin qadağan edilməsidir. Buna səbəb isə Bedros Kirkorovun "Qarabağın azad olunmasına həsr edilmiş bayram tədbirləri” adlı tədbirdə iştirakı olub. 

 


(Bedros Kirkorov) 

Azərbaycana girişi qadağan edilən Rusiya vətəndaşları siyahısında iş adamları da var. German Lvoviç Sterliqov buna nümunə göstərilə bilər. 


(Rusiyalı iş adamı German Lvoviç Sterliqov)

Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfər edənlər siyahısında Almaniya Federativ Respublikasının vətəndaşları da çoxluq təşkil edir. Bu illər ərazində 64 Almaniya vətəndaşı qanunsuz olaraq Dağlıq Qarabağa səfər edib. Onların arasında tanınmış iş adamları (Verner Hartmann), Bundestaqın üzvləri ( Ulla Yelpke), tələbələr, hüquqşünas, jurnalistlər və digər peşə sahibləri də var. 

Azərbaycanın sərhəd bütövlüyünü pozanlar arasında qonşu dövlətlərin də vətəndaşları var. Bu siyahıda İran xüsusilə seçilir. İrandan Dağlıq Qarabağa səfər edənlərin əksəriyyəti turist kimi gedib. Onların sırasında müəllimlər (Eftekhari Hamid - Paris Diderot Universiteti), rejissor (Əsgər Fərdi), fotoqraf (Hamed Kazemzadeh), iş adamı (İsmayıl Həsənzadə), İran-Ermənistan Dostluq Cəmiyyətinin üzvü (Mirqasım Momeni), İran parlamentinin üzvü (Rubik Sardaryan) və digərləri var. 

(Fotoqraf Hamed Kazemzadeh)

Dağlıq Qarabağa qanunsuz səfər edənlər sırasında Türkiyə Respublikasının vətəndaşları da var. "T24” xəbər portalının əməkdaşı Aris Nalcı, John Hopkins Universitetinin tələbəsi Ezgisu Bibər, "Eksa Uluslararsı Taşımaçılıq" şirkətinin əməkdaşı Volkan Seyrek bu qəbildəndir.

("T24” xəbər portalının əməkdaşı Aris Nalcı)

Gürcüstanın İncəsənət xadimi Adqur Georgiyeviç Dzidzariya, Abxaziyanın Cənubi Osetiyadakı "səfiri” Alan Yelbakiyev, Parlament sözçüsü Anatoliy Bibilov, Abxaziya Milli Məclisinin üzvü Axra Paçulyan, "Ədəbi palitra” jurnalının redaktoru Beso Xvedelidze və başqaları Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edənlər sırasındadırlar.


(Parlament sözçüsü Anatoliy Bibilov)

Fransa Respublikasından Dağlıq Qarabağa qanunsuz səfər edənlərin sayı yetərincədir. Onlar arasında Fransa senatının üzvləri çoxluq təşkil edir. 

Amerika Birləşmiş Ştatları vətəndaşları da işğal olunmuş torpaqlarımıza qanunsuz səfər edənlər siyahısında yer alır. Onlar arasında ABŞ-ın Ermənistandakı keçmiş səfiri Con Marşal Evans, ABŞ Nümayəndələr Palatasının deputatı David Valadao, Vudro Vilson Fondunun prezidenti Donald Vilson Buş, "New York Times” qəzetinin jurnalisti Siz Kugel, Amerika Xarici Siyasət Şurasının əməkdaşı Vayn E. Merry və digərləri var. 

(ABŞ Nümayəndələr Palatasının deputatı David Valadao)

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər edən xarici ölkə vətəndaşlarının sırasında İspaniya Krallığı, Sinqapur Respublikası, Belarus Respublikası, İsrail dövləti, Estoniya Respublikası, Bolqarıstan Respublikası, Litva Respublikası, Latviya Respublikası, Avstriya Respublikası, İtaliya Respublikası, Kanada, İsveçrə Konfederasiyası, Çex Respublikası, Moldova Respublikası, Polşa Respublikası, Macarıstan Respublikası, Slovakiya Respublikası, Kipr Respublikası, Danimarka Krallığı, Sloveniya Respublikası, Uruqvay Şərq Respublikası, Argentina Respublikası vətəndaşları da var. 



Oxşar Xəbərlər

Xəbər lenti