Hesablama Palatası İpoteka Fondunda qusurlar aşkar edib:“Əldə etdiyi 32 milyon manat mənfəət bölüşdürülməyib”

Hesablama Palatası  İpoteka Fondunda qusurlar aşkar edib:“Əldə etdiyi 32 milyon manat mənfəət bölüşdürülməyib”

 

Hesablama Palatası "Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaitlərinin formalaşması və istifadəsinin təhlili zamanı gəldiyi nəticələri açıqlayıb.

 "APA-Economics” Hesablama Palatasının rüblük rəsmi məlumat bülleteninə istinadən xəbər verir ki, dövlət büdcəsindən ayrılan vəsaitlər, habelə cəlb edilmiş vəsaitlər likvidliyin təmin olunması məqsədilə ipoteka kreditlərinin həcminə uyğun verilməsinə tam istiqamətlənməyib, əhalinin aztəminatlı hissəsinin ipoteka kreditlərindən yararlanmasını asanlaşdırmaq məqsədi ilə ipoteka kreditləri üzrə zəmanətlərin verilməsi qaydalarının hazırlanaraq təsdiq edilməsi təmin edilməyib, həmçinin ipoteka kreditləri üzrə mövcud real tələbin ödənilməsi üçün strateji maliyyə planlaşma sənədləri hazırlanmayıb.

 Sənəddə qeyd olunub ki, respublikanın regionları üzrə verilmiş ipoteka kreditlərinin həcmi Bakı, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağı olub: "Belə ki, 2015-2016-cı illərdə Cəmiyyət tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin 96,4%-i Bakı, Sumqayıt, Gəncə şəhərlərinin və Abşeron rayonunun payına düşübsə, yalnız 3,6%-i respublikanın digər regionlarını əhatə edib”.

 Hesablama Palatasının rüblük rəsmi məlumat bülletenində bildirilib ki, mənzillərin orta bazar qiymətlərinin müəyyən edilməsi zamanı əhalinin bir sıra çətinliklərlə üzləşməsi müşahidə olunub, lisenziyası ləğv olunmuş və ya maliyyə göstəricilərinə görə nəzarətə götürülmüş bankların ipoteka krediti portfelinin müvafiq tədbirlər çərçivəsində digər banklara ötürülməsini tənzimləyən qaydalar mövcud olmayıb, ləğv olunmuş banklarda öhdəliklər üzrə hesablanmış 200,9 min manat məbləğində faiz borcunun müddəti ötsə də Cəmiyyətə ödənilməsi təmin edilməyib. Bundan başqa, 2016-cı il ərzində əsas borc üzrə müəyyən edilmiş müddəti keçməsə də vaxtı ötmüş kreditlərin həcmi 19,7 min manat artaraq 50,4 min manata çatıb.

 " Dövlət büdcəsindən ayrılmış vəsaitin Cəmiyyətin müvafiq hesabına düzgün mədaxil olunmasına nəzarət məqsədi ilə Dövlət Xəzinədarlıq orqanı ilə üzləşdirmə sənədləri rəsmiləşdirilməyib, vəsaitlərin depozitə yerləşdirilməsi zamanı bankların seçim meyarlarında dəqiqləşdirmələr aparılmasına ehtiyac yaranıb.  Cəmiyyətin fəaliyyət göstərdiyi müddət ərzində əldə etdiyi 32 mln. 133,6 min manat məbləğində mənfəət bölüşdürülməyib, müvəkkil kredit təşkilatlarına limitlərin ayrılması zamanı müvafiq qaydaların tələbləri gözlənilməyib, daxili nəzarət tədbirlərinin və monitorinqlərin keçirilməsi zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına nəzarət tələb olunan səviyyədə olmayıb”, – deyə sənəddə vurğulanıb. 



Oxşar Xəbərlər

Xəbər lenti