Hüsaməddin Mirzəyev cinayət məsuliyyətindən necə yayınıb?

Hüsaməddin Mirzəyev cinayət məsuliyyətindən necə yayınıb?

 

 

 

 

"Azərişıq” ASC-nin sədri Baba Rzayev Hüsaməddin Mirzəyevi Tovuz Elektrik Şəbəkəsinin rəisi vəzifəsindən azad etsə də, sonradan onu Gəncə Elektrik Şəbəkəsində işlə təmin edib

 

"Azərişıq” ASC-nin strukturuna daxil olan Tovuz Elektrik Şəbəkəsinin sabiq rəisi Hüsaməddin Şəmşad oğlu Mirzəyev vəzifəsindən sui-istifadə edərək Tovuz rayon sakini Məmmədov Əli Elman oğlunun 2500 (iki min beş yüz) manatını alıb, başqa maddi zərərlər vurub, ancaq heç bir cəza almayıb. Çox maraqlıdır ki, "Azərişıq” ASC-nin sədri Baba Rzayev Hüsaməddin Mirzəyevi Tovuz Elektrik Şəbəkəsinin rəisi vəzifəsindən azad etsə də, sonradan onu Gəncə Elektrik Şəbəkəsində işlə təmin edib. Bu prosesdə kimlərin hansı rolu olduğuna Əli Məmmədovun redaksiyamıza etdiyi müraciət əsasında apardığımız araşdırma ilə aydınlıq gətirməyə çalışacağıq. 

 Hələlik isə qeyd edək ki, Əli Məmmədov Tovuz rayon Məşğulluq Mərkəzinin göndərişi ilə rəsmi olaraq 2016-cı ilin fevralın 24-də Tovuz Elektrik Şəbəkəsində elektrik montyoru işinə başlayıb. Ancaq həqiqətdə Əli Məmmədov Qaraxanlı kəndi üzrə nəzarətçi vəzifəsini icra edib və əsas vəzifəsi abonentlərdən istifadə etdikləri elektrik enerjisinin pulunu yığmaq olub. Həmin dövrdə Tovuz Elektrik Şəbəkəsinə Mirzəyev Hüsaməddin Şəmşad oğlu rəhbərlik edib.

Şikayətçinin sözlərinə görə, Tovuz Elektrik Şəbəkəsinin müdiri Hüsaməddin Mirzəyev onu məcbur edirmiş ki, abonentlərin elektrik borcu yaranmasın deyə, onları öz cibindən ödəsin. Əli Məmmədov də sələmə pul götürərək bəzi abonentlərin elektrik enerjisinə görə borcunu ödəyirmiş. Bunun nəticəsində onun ayrı-ayrı adamlara borcu yaranıb.Əli Məmmədov ümid edirmiş ki, bunun nəticəsində özünü daimi işlə təmin edə biləcək. Ancaq həmin ilin oktyabrında  onun fəaliyyətinə son verilib. Bu zaman Tovuz Elektrik Şəbəkəsinin rəisi olan Hüsaməddin Mirzəyev ona təklif edib ki, işdə qalmaq istəyirsə 2500 manat verməlidir və bu zaman ona kömək edə bilər. Əli Məmmədov 2500 manatı bir neçə nəfərdən borc almaqla toplayıb və Hüsaməddin Mirzəyevə verib. Bundan sonra Hüsaməddin Mirzəyev ona yenə əvvəlki iş yeri Qaraxanlı kəndi üzrə nəzarətçi kimi saxlayib və o, fəaliyyətini davam etdirib. Bu proses səkkiz ay davam edib. Əli Məmmədov hər dəfə işə qəbulla bağlı əmrinin verilib-verilmədiyini soruşduqda Hüsaməddin Mirzəyev tezliklə həll olunacağını söyləyirmiş. Ancaq səkkiz ay sonra yaxın bir tanışlarının vasitəsilə "Azərişıq” ASC-nin müfaviq şəxsləri ilə əlaqə yaradaraq Hüsaməddin Mirzəyevin onu aldatdığını öyrənib. Hüsaməddin Mirzəyev tərəfindən aldadıldığını və pulunun əldən getdiyini görən Əli Məmmədov Tovuz rayon Polis Şöbəsinə şikayət edib. Tovuz rayon Polis Şöbəsi isə işi rayon prokurorluğuna göndərib. Prokurorluğun işə qarışmasından sonra Hüsaməddin Mirzəyev 2500 manatı Əli Məmmədova qaytarıb. Ancaq səkkiz ay pulsuz işlətməsi ilə bağlı heç bir zərər ödəməyib. Prokurorluğun işə qarışması "Azərişıq” ASC-nin rəhbərliyini də hərəkətə gətirib. Əli Məmmədovdan alınan bir neçə izahat əsasında aparılan daxili təhqiqatdan sonra Hüsaməddin Mirzəyev vəzifəsindən azad edilib. Ancaq çox keçməyib ki, Tovuz Elektrik Şəbəkəsinin rəisi olarkən faəliyyətində bu qədər qanun pozuntularına yol verən Hüsaməddin Mirzəyev işdən çıxarıldıqdan bir neçə gün sonra "Azərişıq” ASC-nin sədri Baba Rzayevin əmri ilə Gəncə Elektrik Şəbəkəsində işlə təmin edilib. Hüsaməddin Mirzəyevin bu təyinatında isə Telman adlı şəxs mühüm rol oynayıb.

Bu şəxsin biznesmen olduğu "Azərişıq” ASC-nin sədri Baba Rzayevlə biznes əlaqələrinin olduğu haqqında iddialar var. Bu məqama Əli Məmmədovdan 2500 manat rüşvət alan bir şəxsin yenidən "Azərişıq” ASC-də işlə təmin edilməsinə aydınlıq gətirməyə çalışacağıq. Bu məsələlərlə bağlı "Azərişq” ASC-nin rəhbər şəxslərinin mövqeyini də dinləməyə hazırıq.

Azad Aydın,

«Yeni Sözçü» qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti