Deputat problemlə üzləşib

Deputat problemlə üzləşib


Adil Əliyevin Avropaya yolu bağlana bilər

Milli Məclisin deputatı Adil Əliyevin martın 31-də Köln şəhərində keçirdiyi tədbirdə yaşanmış qalmaqalla bağlı Almaniyanın hüquq-mühafizə orqanlarının apardıqları araşdırmalar yeni mərhələyə keçib. Bununla bağlı "Yeni Sözçü” qəzetinin redaksiyasına Almaniyadakı mühacir soydaşlarımızdan biri məlumat verib.

Qeyd edək ki, martın 31-də Köln şəhərində 100 il əvvəl ermənilərin törətdikləri soyqırıma həsr olunmuş tədbir keçirilib. Tədbirin birbaşa təşkilatçıları məlum olmasa da, guya onun  təşkilatçının Milli Məclisin deputatı Adil Əliyev olduğu iddia olunur. Çox maraqlıdır ki, Adil Əliyev 2005-ci ildən Milli Məclisin üzvü olsa da ölkə xaricində hansısa tədbir keçirməsi ilə bağlı geniş məlumat yoxdur. İndi birdən-birə Adil Əliyevin Köln şəhərində 100 il əvvəl ermənilərin törətdikləri soyqırıma həsr olunmuş tədbir keçirməsinin hansı mənbədən qaynaqlandığı məlum deyil. Bu zərurəti açıqlamağı deputat Adil Əliyevin özünün öhdəsinə buraxırıq. Bizə görə  Avropanın siyasi mərkəzlərindən hesab olunmayan, çoxsaylı Azərbaycan icmasının mövcud olmadığı bir şəhərdə 100 il əvvəl baş vermiş soyqırımla bağlı tədbir keçirməyin mahiyyəti həqiqətən də müammalıdır. Buna görə də deputat Adil Əliyev soyqırımla bağlı tədbirin niyə məhz Kölndə keçirilməsini açıqlaya biləcək yeganə şəxsdir.

Ciddi siyasi nəticəsi olmayan bir tədbirin keçirilmə səbəbinin açıqlanmasını deputat Adil Əliyevin öhdəsinə buraxıb, keçirik martın-31-də Kölndə baş verən olaylara və onun yarada biləcəyi hüquqi və siyasi problemlərə. Almaniyada yaşayan soydaşlarımızdan bəziləri tədbirdən sonra yerli hüquq-mühafizə orqanlarına müraciət ediblər. Onlar iddia edirlər ki, 31 mart soyqırımı ilə bağlı Konfrans keçiriləcəyi elan olunsa da, tədbir başqa məqsədlə keçirilib. Tədbirdə iştirak və çıxış edən Rauf Babayevin  çıxışı yarımçıq kəsilib, özü isə zor tətbiq olunmaqla tədbirin keçirildiyi zaldan çıxarılıb. Onun müdafiəsinə qalxdığını iddia edən Rövşən Qəmbər də tədbir iştirakçılarının zorakılığına məruz qaldığını iddia edir. Buna görə də hər iki şəxs məruz qaldıqları zorakılıqla bağlı Köln polisinə şikayət ediblər. Onlar məlum olayla bağlı cinayət işinin başlanmasını, məsuliyyət daşıyan şəxslərin cinayətə cəlb edilməsini və 100 min avro (215 min manat) təzminat tələb edirlər.

Redaksiyamıza daxil olan həmin hadisə ilə əlaqədar artıq Köln polisi cinayət işi qaldırıb və ciddi araşdırmalar aparır. Xatırlatmaq istərdik ki, Almaniya Federativ Respublikasının Konstitusiyasının birinci maddəsinə görə insan ləyaqəti toxunulmazdır. Bu Qanunun qorunması  isə Almaniyanın dövlət orqanlarının vəzifəsidir. Yəni, Rauf Babayev və Rövşən Qəmbər bu maddəyə istinad etsələr, Köln polisi cinayət işini axıra çatdırmağa borcludur. Görünür, uzun illərdir Almaniyada yaşayan Rövşən Qəmbər bu məsələləri bilir və iddiasın da çox israrlıdır.

Əlbəttə deputat Adil Əliyevin də söz haqqı var və Almaniya qanunları da buna təminat verir. Yeri gəlmişkən deputat bütün iddiaları rədd edir və həmin şəxslərin məqsədi toplantıda, təxribat törətmə olduğunu vurğulayır.

Məsələnin daha düşündürüçü  tərəfi isə deputatın adının Almaniyada fəaliyyət göstərən "Almaniya Osmanlıları” cəmiyyəti ilə bağlı hallanmasıdır. Almaniya bu təşkilatı türk cinayət aləminin xaricdəki bir qolu hesab edir və hal-hazırda bu təşkilatla bağlı araşdırma aparılır. Əgər, deputat Adil Əliyevin "Almaniya Osmanlıları” təşkilatları ilə əlaqəsi üzə çıxsa, hansı fəsadlara səbəb ola bilər. Adil Əliyev Milli Məclisin üzvü olduğu üçün Azərbaycanda toxunulmazlılıq hüququna malikdir. Onun bu toxunulmazlıq hüququ ölkə xaricində də keçərlidirmi? Adil Əliyevin Azərbaycan Milli Məclsinin üzvü olması Köln polisinin əl-qolunu bağlaya bilərmi?

Bu məsələyə aydınlıq gətirmək üçün "Yeni Sözçü” qəzetinin beynəlxalq məsələlər üzrə siyasi şərhçisi, politoloq Xəqani Cəfərliyə müraciət edik. Politoloq qeyd etdi ki, Adil Əliyevin Almaniya polisinin mütəşəkil cinaytkar təşkilat hesab etdiyi "Almaniya Osmanlıları” ilə əlaqəsəi üzə çıxsa, bu onun üçün ciddi problemlər yarada bilər. "Bircə faktı diqqətinizə çatdırmaq istərdim. İspaniyanin hüquq-mühafzə orqanları Rusiya Dövlət Dumasında hakim partiyanı- "Vahid Rusiya” Partiyasını təmsil edən deputat Vladislav Reznik və onun arvadı Diana Qindi haqqında qiyabi həbs qərarı çıxarmış və barələrində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub. İspaniya ədliyyəsi isə bunu Vladislav Reznik və onun arvadı Diana Qindinin Rusiyanın "Tambov” Mütəşəkkil Cinayətkar Təşkilatı ilə dostluq əlaqəsi olmaqda ittiham edir və buna görə onların haqqında qiyabi həbs, beynəlxalq axtarış elan edib”. 

Martın-31-də Kölndə baş verənlərə gəlincə, politoloq hesab edir ki Adil Əliyev günahsız olduğunu sübut edə bilməsə, Almaniya da İspaniya ədliyyəsinin yolu ilə gedə bilər. "Hal-hazırda Qərbdə Rusiyadan və eləcə də postsovet məkanından olan zənginlərələ mənfi münasibət var. Son zamanlar həmin zənginlərin sərvətinin mənbəyinin müəyyən olunması ilə bağlı bəzi Avropa ölkələrində qanun da qəbul olunub. Avropanın aparıcı ölkəsi hesab olunan Almaniyada hüquqi problemi yaranan şəxsin bütün Qərbdə problemlə üzləşməsi qaçılmazdır. Ona görə də ixtisasca hüquqşunas olan Adil Əliyev, bu məsələyə Almaniyanın  hüquq müstəvisində aydınlıq gətirməlidir”.

Mövzunun aktuallığını nəzərə alıb, diqqətdə saxlamağa və deputat Adil Əliyevin də mövqeyni dinləməyə çalışaçağıq.

"Yeni Sözçü”qəzeti.



Oxşar Xəbərlər

Xəbər lenti