Elmar Vəliyevin vurulması kimlərə mesajdır?

            Yunis Səfərov Elmar Vəliyevi nümayişkaranə sürətdə güllələmək istəyib

Mediada əsasən "Gəncəbasar bölgəsinin qubernatoru” ayaması ilə təqdim edilən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin nümayişkaranə sürətdə güllələnməsi ölkə gündəminin əsas müzakirə mövzusu olaraq qalır. Elmar Vəliyevin güllələnməsi ilə bağlı çoxsaylı şərhlər yazılmasına, aidiyyatı qurumların və rəsmi şəxslərin çoxsaylı açıqlamaları, qiymətləndirmələri olmasına baxmayaraq hər kəsin diqqətdən qaçırdığı məqam var. Bu da ondan ibarətdir ki, Yunis Səfərov Elmar Vəliyevi nümayişkaranə sürətdə dövlət orqanının inzibati binasının önündə, polislərin gözü qarşısında güllələmək istəyib. Bunununla Yunis Səfərovun hansısa mesajları vermək niyyətində olduğunu iddia etmirik.

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin güllələnməsi faktı ilə bağlı yaydığı növbəti açıqlamada deyildiyi kimi, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi öldürmək məqsədilə 2018-ci ilin yanvar ayından Elmar Vəliyevi izləmiş şəxs bunu niyə polis postunun olduğu Gəncə Şəhər İcra Hakimiyyətininin inzibati binasının qarşısında edirdi? Əgər, Yunis Səfərov Elmar Vəliyevi son altı ay ərzində izləyibsə, heç şübhəsiz bu müddətdə onu daha əlverişli şəraitdə güllələmək imkanları ola bilərdi? Elmar Vəliyevin Yevlaxda icra başçısı olduğu zamanlarda da, Gəncəyə rəhbərlik etdiyi ilk günlərdən tikinti, abadlıq işlərinə şəxsən nəzarət etməsi ilə diqqəti cəlb edib. Buna görə onu daima küçə və parklarda, tikinti meydançalarında görmək olardı. Tikinti və abadlıq gedən ərzidə isə adam həmişə çox olur və bu məqam diqqət çəkmədən icra başçısına yaxınlaşmaq üçün ən gözəl imkan hesab olunur. Ancaq Yunis Səfərov Gəncə şəhərindəki yüksək dövlət orqanının inzibati binasının kəndarını, güclü mühafizə olunan bir yeri seçib və bunun təsadüfi olduğu inandırıcı deyil. Bütün bunlar belə qənaət doğurur ki, Yunis Səfərov Elmar Vəliyevi ən güclü mühafizə olunan Gəncə şəhərindəki yüksək dövlət orqanının inzibati binasının kəndarında vurmaqla hansısa mesajları vermək istəyib. Çox güman ki, Yunis Səfərov bununla Elmar Vəliyevin arxasındakı qüvvələr və hətta dövlət orqanlarına da mesaj vermək istəyib ki, Sizləri ən güvənli olduğunuz yerlərdə də məmur öldürmək mümkündür. Hər halda, Yunis Səfərovun altı ay ərzində Elmar Vəliyevi öldürmək üçün daha əlverişli yer tapmaması inandırıcı deyil. Yunis Səfərovun bununla dövlət orqanlarınlarına və yaxud Elmar Vəliyevin arxasındakı qüvvəyə hansısa mesajlar verib-vermədiyini aidiyyatı orqanlar üzə çıxarmalıdır.

Uzun zaman ölkə mətbuatında belə fikirlər yayılıb ki, iqtidarda mühüm bir qanadın təmsilçisi bilavasitə güclü klana bağlılığı olan və bunun hesabına Gəncənin icra baçısı vəzifəsini əlinə keçirməklə yanaşı, Yevlax, Bərdə və Tərtər rayonlarına özünün kadrlarını başçı təyin etdirən Elmar Vəliyevi zərərsizləşdirməyə heç kəsin gücü çatmır. İndi isə məlum olur ki, bütün bunlar ilk baxışda belədir və görünür Yunis Səfərov da Elmar Vəliyevi ən güclü mühafizə olunan Gəncə şəhərindəki yüksək dövlət orqanının inzibati binasının kəndarında güllələməklə kimsənin toxunulmaz olmadığı mesajını vermək istəyib. Bunun belə olub-olmadığını yüz faiz əminliklə iddia edə bilmərik. Ancaq bir fərziyə kimi inkar da edilə bilməz.

Elmar Vəliyevin güllələnməsindən sonra Bərdə və Tərtər rayonlarının icra başçıları, Vidadi İsayev və Müstəqim Məmmədov ehtiyyatlı davranmağa başlamaları da onların yuxarıda qeyd etdiyimiz fərziyəni düşündüklərini iddia etməyə əsas verir. Qeyd edək ki, Yevlax şəhər icra hakimiyyətinin başçısı Qoca Səmədov istisna olmaqla Elmar Vəliyevin digər kadrları, Vidadi İsayev və Müstəqim Məmmədov da kobud rəftarları ilə güllələnən icra başçısından çox da fərqlənməyiblər. Doğrudur, Vidadi İsayev və Müstəqim Məmmədovun güllələnən icra başçısı kimi söyüşçül olduğunu iddia etmək olmaz. Ancaq, Bərdə və Tərtər rayonlarının icra başçılarının idarəetmə "qaydası” Elmar Vəliyevin idarəetmə prinsipindən fərqlənmədiyini göstərir. Elmar Vəliyev və onun kadrları isə idarəetmədə tayfabazlığa üstünlük verməkləri ilə diqqətləri çəkiblər. Yeri gəlmişkən qeyd edək ki, Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev Elmar Vəliyevin həyat yoldaşının doğma əmisi oğlu və qaynı Nazim İsayevin qaynatasıdır. Yevlax şəhər icra hakimiyyətinin başçısı Qoca Səmədovun anası, Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun valideynlərindən birinin Elmar Vəliyevin mənsub olduğu "Dəvəçi” tayfasından olduğu haqqında iddialar var.

Məlumatlara görə, Bərdə maliyyə idarəsinin rəisi Mehman Allahverdiyevin Ağdam rayonun icra başçısı təyin edilməsi ilə müəyyən işlər də gedirmiş. Qeyd edək, Mehman Allahverdiyev Elmar Vəliyevin xalası oğludur. Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevlə Ağdam rayon icra hakimiyyətinin sabiq başçısı Raqub Məmmədov arasında gərgin münasibətlər olub. Vidadi İsayev məhz bu münasibətlərə görə,  Mehman Allahverdiyevin Ağdam rayonun icra başçısı təyin edilməsini təşviq edirmiş. Elmar Vəliyevin güllələnməsi isə "Dəvəçi” klanını geri çəkilməyə vadar edib. Çünki, söhbət yalnız klanın güclü simalarının birinin itirilməsindən getmir. Bu hal da az əhəmiyyətli məqam olmasa da, "Dəvəçi” klanın narahat edən daha ciddi məqamlar var. Belə ki, dövlət başçısı İlham Əliyevin baş verən proseslərdən çox ciddi narahat olması ilə bağlı məlumatlar klan təmsilçilərini ciddi qorxuya salıb. Onlar əhalinin həmin şəxslərə qarşı nifrətinin kükrədiyi bir zamanda dövlət başçısının da qəzəbinə tuş gəlməkdən qorxurlar. Elmar Vəliyevin güllələnməsinin dövlətə qarşı yönəlməsi ilə bağlı səsləndirilən fikirlər də dövlət başçısının qəzəbinə gəlməmək üçün edilən jest-piar hesab olunur. Elmar Vəliyevin mərhum Heydər Əliyevə, onun varisi, prezident İlham Əliyevə sadiq olması, YAP-ın təşkilatlanmasında xidmətlərinin tirajlanması ictimai rəyi dəyişməyə hesablanmadığı da aydındır. Bütün bunların indi tez-tez təkrarlanması məhz dövlət başçısının qəzəbinin yumşaldılmasına xidmət edən piar aksiayalar kimi təsir bağışlayır. Sıravi bir insan tərəfindən güllələnən icra başçısının siyasi mövqeiynin və hakimiyyətə xidmətlərinin qabardılmasını başqa cür izah etmək  mümkün deyil.

Azad Aydın,

"Yeni Sözçü" qəzeti 



Oxşar Xəbərlər

Xəbər lenti