ELMAR VƏLİYEVƏ SUİ-QƏSDİN TƏFƏRRÜATI-Başçının vurulduğu silah kimə məxsus olub?

ELMAR VƏLİYEVƏ SUİ-QƏSDİN TƏFƏRRÜATI-Başçının vurulduğu silah kimə məxsus olub?

 

Gəncə Şəhər İcra Hakimiyyətinin (GŞİH) başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazova atəş açıldığı silah axtarışda olub.

Bu barədə Sputnik Azərbaycan-a Gəncənin hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

GŞİH başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazova qarşı sui-qəsd faktı üzrə saxlanılan şəxs öz qurbanlarının baş nahiyəsini hədəf seçib. İlkin məlumata görə, hər iki zərərçəkmiş başından vurulub.

Xatırladaq ki, dünən – iyulun 3-ü axşam saat 20:30 radələrində Gəncə şəhər univermağının qarşısında bir kişi icra başçısı və onun cangüdənini güllələyib. Əvvəlcə cangüdənin öldüyü barədə informasiyalar yayılsa da, sonra hər iki yaralının yaşadığı məlum olub. Vəliyev Gəncə Mərkəzi Klinik Xəstəxanasına çatdırılıb.

Faktla bağlı 1983-cü il təvəllüdlü yerli sakin Yunis Səfərov saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.3 və 120.2.7 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi açılıb, istintaq hərəkətləri həyata keçirilir.

Vəliyevə qarşı qəsdin istintaqı Azərbaycan prezidenti İlham Əliyevin şəxsi nəzarətindədir. Bu barədə Baş Prokurorluq, DİN və DTX-nın birgə məlumatında deyilir. Hadisə ilə bağlı prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Sputnik Azərbaycan-ın əməkdaşı cinayətin açıqlanmayan bəzi təfərrüatlarını əldə edib. Öncə qeyd edək ki, bəzi media orqanları Vəliyevin vəfatına dair məlumat yayıb. Lakin aydın olub ki, məlumat həqiqətə uyğun deyil, Vəliyev sağdır və hazırda Gəncənin Mərkəzi Xəstəxanasındadır.

Ağır yaralı mühafizəçi isə helikopterlə Bakıdakı Neyrocərrahiyyə Xəstəxanasına çatdırılıb. Vəliyevin palatasının önündə mühafizə var, onun yanına istintaq-əməliyyat qrupunun üzvlərindən başqa heç kimi buraxmırlar.

Öz növbəsində Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Elmar Vəliyev sağdır, lakin onun hansı xəstəxanada olduğunu bilmirlər…

Həmçinin məlum olub ki, Gəncə ŞİH başçısına "Makarov” tapançasından atəş açıblar. Fakt üzrə saxlanılmış Yunis Səfərov artıq bir ildir ki, polis əməkdaşına hücuma görə axtarışda imiş. Səfərovun Gəncə Mühafizə İdarəsinin əməkdaşına hücum edərək ona bir neçə zərbə endirdiyi və onun xidməti silahını götürərək aradan çıxdığı bildirilir.

Hüquq-mühafizə orqanlarında Səfərov barədə məlumat var. Onu radikal islamçılığa meylli şəxs kimi xarakterizə edirlər. Lakin Səfərovun Vəliyevə hücumunun konkret səbəbləri hələlik məlum deyil. Bəzi məlumatlara görə, bu olay Səfərovun qohumları ilə bağlıdır. Məlumat dəqiqləşdirilir.



Oxşar Xəbərlər

Xəbər lenti