8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
APA agentliyi prezident İlham Əliyevin Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ və Böyük Vətən müharibəsi veteranlarına, həmçinin Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin açarlarının təqdim edilməsi mərasimindən hazırladığı reportajda dövlət başçısının Ermənistan-Azərbaycan münasibətləri haqqında sözlərini təhrif etməsi ilə bağlı təkziblə çıxış etdi. Təkzibdən məlum oldu ki, prezident İlham Əliyev "Ermənistanı çökdürəcəyik” ifadəsini işlətməyib. Prezident Administrasiyasının bu təkzibindən sonra Prezidentin Qaradağ rayonunda Qarabağ və Böyük Vətən müharibəsi veteranlarına, həmçinin Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin açarlarının təqdim edilməsi mərasimindən yayılam xəbərlər APA-ya istinad edən saytların səhifələrindən silindi. Hətta APA agentliyinin bu yanlışlığa görə prezidentdən üzr istəməsi və sonradan agentliyin faktiki olaraq bağlanması da dövlət başçısının fikirlərinin təhrif edilməsi ilə bağlı yarana biləcək gərginliyin nəticələrini tam aradan qaldırmaq gücündə deyil və bütün görülən tədbirlər faktiki olaraq zərərin yarısından dönmək kimi qəbul oluna bilər.
Çünki, bu hadisə Azərbaycanın beynəlxalq imicinə mənfi təsir etməklə yanaşı, rəsmi Bakı ilə Qərb paytaxtları arasında gərginlik yarada bilər. Məsələ ondan ibarətdir ki, son zamanlar Rusiya hakimiyyəti ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında münasibətlər gərginləşməyə başlayıb. Hətta Rusiya xarici işlər naziri Lavrov bəyan edib ki, Moskva son bir həftə ərzində narahatlıqlarını bir neçə dəfə rəsmi İrəvanın diqqətinə çatdırıb. Ermənistanda baş verənlər isə rəsmi İrəvanın Moskva ilə hesablaşmadığını göstərir. Eyni zamanda rəsmi İrəvanın Qərblə münasibətləri dərinləşir və bu vəziyyət Ermənistanın Rusiyanın nəzarətindən çıxa biləcəyi haqqında fikirləri doğurub. Belə bir vəziyyətdə Azərbaycan iqtidarına bağlı olduğu güman edilən ən böyük xəbər agentliyinin prezident İlham Əliyevin "Ermənistanı çökdürəcəyik” kimi fikirlər səsləndirməsi haqqında məlumat yayması Qərbdə yanlış təəssüratlar yarada bilər. Digər tərəfdən məlumdur ki, buna qədər Ermənistanın ünvanına səslənmiş fikirlər aşkar görünən narazılıq doğurub. İndi həmin narazılığın dərinləşdirilməsi rəsmi Bakının maraqlarına uyğun deyil. Belə bir zamanda Azərbaycanın ən böyük xəbər agentliyi hesab olunan APA prezidentin guya "Ermənistanı çökdürəcəyik” və "Мы поставим Армению на колени” kimi sərt fikirlər səsləndirməsi haqqında məlumat yayır. Burada diqqət çəkən məqam APA-nın rus dilində yaydığı məlumatda xəbərə daha kəskin başlığın seçilməsidir. Əslində isə tam tərsinə olmalı idi. Azərbaycan dilli auditoriyaya yönəlmiş xəbərə daha sərt başlıq, rus dilli xəbərə isə daha yumşaq başlıq seçilməli idi. Ancaq APA bunun tam tərsini edib. Burada isə sual yaranır ki, bu niyə baş verib və ən əsası kimə lazımdır?
Istisna deyil ki, prezident İlham Əliyevin Fransaya səfərinin gözləniləndən uğurlu olması kimləri isə narahat edib və onlar bu uğurların üzərinə kölgə salmağa çalışıblar. Əgər bu hal mövcuddursa, deməli prezident İlham Əliyevin Fransaya səfərinin uğurlu olmasından narahat olanlar APA-ya təsir etmək gücündə olan məmurlardır. Ehtimal olunan bu vəziyyətdə reallıq varsa, deməli hakimiyyətin media siyasətində boşluqlar var. Heç şübhəsiz ki, yaxın zamanlarda bu vəziyyətin aradan qaldırılması üçün hansısa tədbirlərin şahidi olacağıq. Hələlik isə qeyd edək ki, APA-nın dövlət başçısının fikirlərini təhrif etməsinin arxasında təxribat ehtimalının olub-olmadığının araşdırılması haqqında məlumatlar yayılır. Əgər, bu ehtimallar öz təsdqini taparsa, hakimiyyətdə ciddi kadr istefalarının şahidi olacağıq. Hələlik isə qeyd edək ki, APA-nın bağlanması nəhəng media orqanlarının oliqraxların nəzarətindən çıxarılması istiqamətində gec də olsa atılmış doğru addım hesab olunmalıdır. Çünki, oliqarxlarla dövlət başçısının mövqeyinin son zamanlar tez-tez üst-üstə düşmədiyi müşahidə olunur. Bu əsasən korrupsiya ilə mübarizə və kadr islahatı ilə bağlı məsələlərdə daha qabarıq hiss olunur. Aydın görünür ki, bir çox korrupsiyalaşmış oliqarxlar həyata keçirilən islahatlardan narazıdırlar. Narazı oliqarxların isə istənilən addımı atması istisna deyil.
APA-da çalışan peşəkar jurnalistlərin iş yerlərinin bağlanmasına görə təəssüf edir və dövlətin həmin istedadlı insanlara sahib çıxmasının gərəkliyini düşünürük.
Arzuman Loğmanoğlu,
"Yeni Sözçü” qəzeti