Beşqat dünya çempionunun döydüyü qayınatası ağır xəsarət alıb? - ekspertiza rəyi

 "Neftçi” idman klubunun kikboksinq bölməsinin rəhbəri, "Xocalı” idman klubunun prezidenti, kikboksinq üzrə beşqat dünya çempionu, Avropa kəmərinin sahibi Ehram Məcidov hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən 1979-ci il təvəllüdlü Ehram Məcidovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Bildirək ki, bu iş üzrə zərərçəkmiş şəxs Ehtiram Məcidovun qayınatası 1953-cü il təvəllüdlü Bəhruz Dilbazidir. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında ekspertizanın rəyi elan olub.

Xatırladaq ki, Ehram Məcidovun vəkili sonuncu prosesdə vəsatət verərək təkrar tibbi ekspertiza keçirilməsini istəmişdi. Vəkil bildirmişdi ki, Məcidovun qayınatasını döyməsindən sonra zərərçəkən şəxsə yüngül xəsarət dəyib, amma ekspertiza sonradan rəyi dəyişərək xəsarətlərin dərəcəsini ağır olaraq göstərib.

Məhkəmə vəsatəti təmin edərək işi yenidən ekspertizaya göndərmişdi. Bu gün baş tutan prosesdə ekspertizanın rəyi elan olunub. Rəyə əsasən zərərçəkmiş Bəhruz Dilbazinin xəsarətlərinin ağır olduğu göstərilib.

Ehram Məcidovun vəkili ekspertiza rəyinin ziddiyyətli olduğunu bildirib. Vəkil ekspertin məhkəməyə dəvət olunaraq dindirilməsini istəyib. Ekspertiza rəyinə münasibət bildirən E.Məcidov bunu sifariş adlandırıb. Bildirib ki, ekspertiza əvvəldən olduğu kimi indi də qərəzli rəy verib.

Dövlət ittihamçısı və Bəhruz Dilbazinin vəkilləri ekspertin məhkəməyə çağırılaraq dindirilməsinə ehtiyac olmadığını deyiblər. Vəkillər bunun işin süni şəkildə uzadılmasına xidmət etdiyini bildiriblər.

Məhkəmə müşavirədən sonra Ehram Məcidovun vəkilinin vəsatətinin təmin edilmədiyini elan edib. Hakim məhkəmə istintaqının tamamlanması ilə bağlı qərar elan edib.

Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. Məhkəmə iclası iyunun 11-də davam etdiriləcək.

Bildirək ki, Ehram Məcidov qayınatası Bəhruz Dilbazini döyməkdə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb. Əgər məhkəmə istintaqı dövründə E.Məcidovun əməli sübuta yetirilərsə, onu 7 ildən 11 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.

İlkin Muradov



Oxşar Xəbərlər

Xəbər lenti