16 yaşlı qızın dramı: “Əvvəl dostu, sonra...”

 


...Atasını erkən itirib. Bacısı Esmira ilə onun ehtiyac dolu tale yükü cəmi 23 yaşı olan anasının çiyinlərinə düşüb. "Anam işləyirdi, ac qalmırdıq, münasibətlərimiz də yaxşı idi. Amma...” susur. Başını aşağı salıb baxışlarını ayağının ucuna dikir.

Anasının ikinci dəfə ailə qurması ilə həyatı dəyişib. Atalığı hər dəfə bir bəhanə ilə onları döyüb. Buna görə də, 12 yaşında evdən qaçıb. Polis tapıb evə qaytarandan sonra yenə atalığı tərəfindən möhkəm döyülüb. Sonra təkrar evdən qaçıb, bir müddət binaların zirzəmisində gecələyib. Beləcə, qaçdı-tutdu oyunu küçədə rastlaşdığı oğlanın sevgi nağılları ilə sona çatıb.

16 yaşlı Gülnar Məmmədova təcavüzə məruz qaldıqdan sonra polis tərəfindən "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib. "İlk dəfə idi ki, mənimlə insan kimi rəftar edirdilər. Amma anam hər gün gəlirdi, səs-küy salırdı. Buna görə də, sığınacaqdakıların narahat olmaması üçün oranı tərk etməyə məcbur oldum”, - deyir.

G.Məmmədova virtualaz.org saytına başına gələnləri danışıb:

- Təxminən 9 yaşım olardı. Dərsdən evə qayıdanda bizdə bir kişi gördüm. Anam dedi ki, bu gündən o da bizimlə yaşayacaq. Elə həmin vaxtdan anam dəyişib başqa adam oldu. Gecələr içirdilər, səhərlər də əsəbi olurdular. Bacım balaca olduğundan əsas işləri mən görürdüm. Tez-tez dərsdən qalırdım. Etiraz edəndə isə atalığım məni döyürdü.

- Bəs anan?..

- Mənə təsir edən də odur. Anam bizimlə maraqlanmırdı. Atalığım qohumlarımızı evdən qovmuşdu. Dayımla, nənəmlə dalşmışdı. Deyirdi ki, sizə baxmasam, küçələrə düşəcəksiniz. Özü heç yerdə işləmirdi, anamın maaşı ilə dolanırdıq. Anam isə bizə qarşı soyuq olmuşdu, atalığım məni döyürdü, o isə o biri otaqda ya televizora baxırdı, ya da iş görürdü.

- Səni nəyin üstündə döyürdülər?

- Evi yığışdırmayanda, çayı gec gətirəndə, onun icazəsi olmadan bir yerə gedəndə döyürdü. Amma çox vaxt cavab qaytaranda əsəsbləşirdi. Araq içirdi, süfrəni o demədən yığışdıranda da məni döyürdü, o deyəndən sonra yığışdıranda da. Bilmirdim, necə edim ki, onun qəzəbinə gəlməyim. Son zamanlar bacımı mənim üzümə tüpürməyə məcbur edirdi. Məndən fərqli olaraq, Esmira döyülməkdən qorxurdu. Onun üstünə gedəndə, ya döyəndə saatlarla ağlayırdı. Ona görə də, mənə tüpürməyə məcbur olurdu. Anam isə elə davakar, söyüşkən olub ki...

- Sonuncu dəfə evdən nə vaxt qaçdın?

- Təxminən 1 il əvvəl evdən qaçmışdım. Yenə də evdə dava düşdü. Səhər tezdən anamın çantasından 2 manat götürdüm. Bir müddət küçədə tanış olduğum uşaqlarla gecələdim. Axşamlar pivə içirdik, kafelərdə qab yuyub əvəzində yemək alırdıq. Sonra kafelərin birində Azərlə tanış oldum. Mənimlə evlənəcəyini dedi.

...Yenidən susur. "Mənim bütün bəlalarımın səbəbkarı anamdır. Atalığıma da, döyülməyimə də dözərdim. Amma anam öz hərəkətləri ilə həyatımı zindan edib”, - deyir. Bir qədər gözləyirəm.

- Hə, Azər mənə üzük, kofta alırdı. Deyirdi ki, evlənəndən sonra öz evimiz olacaq, nə ananın, nə də atalığının üzünü görməyəcəksən. Bir neçə dəfə kirayə evlərə baxmışdıq, hətta gəlinlik paltarı da seçmişdik. Azər işləyirdi, həmişə cibində pul olurdu. Bir neçə dəfə onunla pivə içmişəm. Amma araq təklif edəndə içmirdim. Sonuncu dəfə dedi ki, kirayə ev var, gedib baxmaq lazımdır. Axşam çağı görüşüb evə baxmağa getdik.

- Sənə orada təcavüz etdi?

- Yox, evdə olanda kiməsə zəng vurub gəldiyimizi dedi. Sonra bir oğlan gəldi. Azər dedi ki, dostudur, evi o kirayələyəcək. Siqaret almaq üçün mağazaya düşdü. Sonra bildim ki, yalan deyirmiş. Oğlan mənə təcavüz elədi. Azər qayıdanda əsəbiləşdi, dedi ki, onunla özüm hesablaşacağam. Amma sən heç kimə demə. Deyirdi onsuz da evlənəcəyik. Arda bir-iki nəfərlə görüşüb pul qazana bilərsən. Onunla razılaşmadığımı görüb məni zorladı. Deyirdi ki, harada olsan səni tapacağam. Məcbur qalıb evə qayıtdım. Anam evlənməyimi istədi, amma mən elə adamla evlənmək istəmirdim. Azər atalığımdan da pisdir. Hətta indiyə qədər atalığım nə mənə, nə də bacıma pis nəzərlə baxmayıb. Anamdan fərqli olaraq o, polisə şikayət etdi. İndi iş araşdırılır.

- İndi ailəndən ayrı yaşayırsan. Bəs 16 yaşında tək qalmaqdan qorxmursan?

- Yox. Nənəm dünyasını dəyişəndən sonra evi boş qalmışdı. Düzdür, evdə heç bir şərait yoxdur, günlərlə su, işıq olmur. Amma yenə də burada heç kim məni narahat eləmir. Yalnız hərdən anam gəlir, bağırır-söyür, sonra da çıxıb gedir. İndi yaydır, məhəllələri dolaşıb xalçaları yuyuram. Bir xalçaya görə 3 manat verirlər. Bəzən gündə 12-15 manat qazanıram. 18 yaşım tamam olandan sonra hər şey yaxşı olacaq.

...Hə, bunu da deməliyəm. Üzündəki çapıq izləri onu yaşından böyük göstərir. Gülnarı aldadaraq zorlayan Azər və onun dostu məsuliyyətdən yaxa qurtara bilməyəcəklər. Bəs onun həyatını zindana çevirən ana və atalığından kim hesab soracaq?

Jalə

Foto Samirənindir

Virtualaz.org



Oxşar Xəbərlər

Xəbər lenti