Atasını ürəyindən bıçaqlayan gənc: "O, şeytan idi"

 

Atasını anlaqsız vəziyyətdə öldürməkdə təqsirləndirilən 1999-cu il təvəllüdlü Kənan Qasımovun cinayət işi üzrə məhkəmə başlayıb.

Sozcu.info Lent.az saytına isinadən  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.

Söz dövlət ittihamçısına verilib.

Prokuror təqsirləndirilən Kənan Qasımovun atasını anlaqsız vəziyyətdə öldürməsi ilə bağlı qərarı elan edib.

Kənan Qasımov özünü təqsirli bilib.

Məhkəmədə ilk öncə şahid qismində Asif İmanov dindirilib. O, başına faciə gələn ailə ilə qonşuluqda yaşadığını deyib: "Uzun müddətdir ki, qonşuluqda yaşayırıq. Kənan çox ağıllı, kamallı uşaq idi. Hamıya salam verər, böyük-kiçiyin yerini bilən idi. Daha sonra xəbər tutdum ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub.1 ilə yaxın orda oxudu. Daha sonra atası Qulu dedi ki, Kənan hərbi liseydən çıxarılıb. Səbəbini soruşdum, Qulu dedi ki, uşaq normal adamlara qoşulmayıb. Qulu, həmçinin mənə dedi ki, oğlu müxtəlif dini cərayanlara qoşulub, dərsə getmir".

İfadəsinə davam edən Asif İmanov bildirib ki, ailə daxilində münaqişə baş verməsinə, söz-söhbət olmasına şahid olmayıb: "Hadisə günü çöldən səs gəldi. Çıxıb gördüm ki, Qulu fəryad edir. Yerdə oturub. Qan aparırdı. Oğlumla bir yerdəydik. Dedim, tez təcili yardım çağır. Qulu dedi ki, qoymayın, Kənan məni öldürəcək, kömək edin. Mən Qulunun başının üstündə duranda gördüm, Kənan əlində bıçaqla gəlir. Gülə-gülə üstümüzə gəlirdi. Mənə dedi ki, Asif dayı, icazə ver, atama birini də vurum. Tutdum. Qoymadım. Daha sonra təcili yardım gəldi. Qulunu xəstəxanaya göndərdik. Kənanın dayısına zəng elədim, gəldi. Kənanı götürüb apardı".

Şahid qeyd edib ki, daha sonra polis və prokurorluq orqanları hadisə yerinə gəlib: "Gəldilər, bildiklərimi dedim. Kənanın əlindən aldığım bıçağı qapıya qoymuşdum. Sonra dayısı Kənanı gətirdi. Polislər apardı".

Məhkəmədə şahid Həsən İmamlı ifadə verib. O, ifadəsində bildirib ki, hadisə olan zaman evdə olub: "Qonşuluqda qalırıq. Atam səslədi ki, qonşuda dava düşüb. Çıxdım çölə. Atam dedi ki, Kənan atası Qulunu vurub. Atam dedi, təcili yardım çağır. Həmin vaxt Kənan da orda idi. Təcili yardım gələndə atasının xərəyə qoyulmasına kömək də elədi. Atasını niyə vurduğunu demədi. Dayısı gəlmişdi. Kənanı aparıb getdi".

Prosesdə dindirilənlər arasında Kənan Qasımovun dayısı Elşad Sarıyev də olub. O, ifadəsində qeyd edib ki, Kənan təbiətcə çox sakit uşaq olub: "Rahat, sakit uşaq idi. Bilirdim ki, atası onu incidirdi. Deyirdi, get işlə. Bunun da o vaxt 16 yaşı vardı. Atası getdi, hərbi liseydən çıxartdı. Məktəbdən özü də çıxmaq istəyirdi. Dini tədbirlərə gedib-gəlirdi. Binənin məscidinə gedirdi. Əsəbləşən uşaq idi, amma öz içində yaşayırdı bunu".

İfadəsini davam etdirən Elşad Sarıyev bildirib ki, hadisə günü rayondan Bakıya gəlib: "Evə təzə çatmışdım. Qonşuları zəng elədilər ki, Kənan atasını vurub. Evlərinə getdim. Tez gedib Kənanı götürdüm. Heç nə soruşa bilmədim. Heç özümdə deyildim. Şoka düşmüşdüm. Heç soruşa da bilmədim ki, atanı niyə öldürübsən. Atası onu incidirdi, döyürdü".

Məhkəmədə Kənan Qasımov da ifadə verib. O, hadisəni ailə münasibətlərinin pozulması nəticəsində törətdiyini etiraf edib. Peşman olduğunu, özünü günahkar hesab elədiyini deyib: "Hərbi liseydən öz istəyimlə çıxmışam. Oranın rejiminə dözə bilmirdim. İbadətlə məşğul idim. Liseydə bunun üçün şərait yoxuydu. Gizlin-gizlin namaz qılırdım. Namaz qılmağı tanışımdan öyrənmişdim. Hərbi liseydən çıxıb universitet oxumaq istəyirdim. Atam hərbi liseydən çıxmağıma çox əsəbiləşirdi. Deyirdi ki, oranı oxumalıydın. Həmişə xırda məsələlərə görə aramızda mübahisə düşürdü. Məni döyürdü".

Prokurorun suallarını cavablandıran Kənan Qasımov qeyd edib ki, atasını uzandığı yerdə vurub: "Mübahisəmiz zamanı atamı öldürməklə hədələmişdim. Ona görə evdə bıçaqları gizlədirdilər. Hadisədən bir gün qabaq anamla mübahisəmiz olmuşdu. Atam üstümə acıqlanmışdı. Evə girdim. Şkafdan bıçağı götürdüm. Atam üzü üstə uzanmışdı. Uzandığı yerdə bir dəfə səsləndim, daha sonda bir dəfə zərbə vurdum. Atamı öldürməyimə görə peşmanam. Həbsdə olduğum müddətdə gözümün qabağına gəlir. Hər gün yadıma düşür. Həm yaxşı xüsusiyyətləri, həm də pis. Gərək belə olmazdı. Atanı öldürmək düzgün deyil".

Hakim bildirib ki, Kənan Qasımov istintaqa ifadəsində qeyd edib ki, anası ilə tez-tez mübahisə edib, bunu isə anasının başqası ilə danışdığı ilə əsaslandırıb: "İndi görürük, anan elə qadın deyil. Burda min cür adam gəlib gedir və üzlərinə baxanda görürük, nədir, nə deyil. Bu sözü niyə demisən?"

Kənan Qasımov belə biri olmadığını, həmin vaxt nə dediyini bilmədiyini deyib.

Prokuror Kənan Qasımova istintaq dövründə atasını "şeytan" adlandırdığını deyib və bunun səbəbini soruşub: "İstintaqda atanı "şeytan" adlandırırdın. Atan sənə neyləmişdi. Hətta orda-burda deyirmişsən ki, bu adam sənin atan deyil. Niyə belə edirdin? Atan sənə neyləmişdi?"

Təqsirləndirilən şəxs suala cavab verə bilməyib.

Hakim qeyd edib ki, növbəti prosesdə həm Kənan Qasımov sualları cavablandırar, həm də anası Xatirə Qasımova ifadə verər.

Məhkəmə aprelin 18-də davam edəcək.

Qeyd edək ki, qətl keçən il oktyabr ayında Xəzər rayonunun Binə qəsəbəsi, Südçülük Sovxozunda baş verib. Gədəbəy rayon sakini, 17 yaşlı Kənan Qasımov atası Qulu Qasımovun ürək nahiyəsinə bıçaq zərbəsi vurub. Məlumata görə, K.Qasımov hadisə baş verməzdən əvvəl psixoloji sarsıntı keçirib. Belə ki, o, bir neçə gün əvvəl təhsil aldığı liseydən yarımçıq çıxıb. Bundan sonra valideynləri ilə K.Qasımovun mübahisəsi düşüb. Bundan əsəbiləşən K.Qasımov atasını öldürmək üçün mətbəxdən bıçaq götürərək atasının yanına gəlib. O, atasını bıçaqla ürəyindən vurmaq istəsə də, ürəyinin dəqiq yerini bilməyib. Bu səbəbdən yeniyetmə əlini öz ürəyinin üstünə qoyub. Bu üsulla o, atasının ürək nahiyəsini tapıb və bıçağı Q.Qasımovun ürəyinə sancıb.



Oxşar Xəbərlər

Xəbər lenti