8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Report"un xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, təqsirləndirilən şəxsin 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası 4 il 6 aya endirilib.
Zərərərçəkmişin hüquqi varisininin nümayəndəsi İmdad Əlizadənin isə apellyasiya şikayəti qismən təmin edilib. Belə ki, 166 min manat maddi və mənəvi zərər hissəsindən 120 min 931 manat ziyanın ödənilməsi təmin edilib. Bu, Mərkəzi Klinika və "Avrasiya" hospitalda mərhum Əli Əliyevin müalicəsinə sərf olunan hissəyə şamil edilib. 120 min 931 manatın 3 min manatı isə mənəvi təzminat kimi zərərçəkmişin hüquqi varisinə ödənilməlidir.
Məhkəmə belə nəticəyə gəlib ki, "Semaşko" və Bakı Sağlamlıq Mərkəzində müalicəyə sərf edilən vəsaitin, eyni zamanda yas mərasimi üçün çəkilən xərclərin qəbzləri məhkəməyə təqdim edilmədiyi üçün həmin hissə baxılmamış saxlanılıb.
İ.Əlizadə Bakı Apellyasiya Məhkəməsinin qərarından narazı olduğunu və Ali Məhkəməyə kassasiya şikayəti verəcəyini bildirib. O söyləyib ki, apellyasiya şikayətində mülki iddiasının tam təmin edilməsi və təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyir.
Qeyd edək ki, hadisə 2016-cı ilin fevral ayının 14-də baş verib. "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) işçisi Qarayev Seymur Vidadi oğlu idarə etdiyi GAC markalı 99-AD-434 qeydiyyat nişanlı avtomobillə Bakının Ziya Bünyadov prospektində yolu keçmək istəyən Laçın rayonunun Oğuldərə kənd sakini, Qarabağ müharibəsi veteranı Əli Əliyevi və Neftçala rayon sakini Əliəsgər Talıbovu vurub.
Ağır kəllə-beyin travması almış Əli Əliyev 7 ay Mərkəzi Klinikada, 8 ay 17 gün isə "Avrasiya Hospital"ında müalicə alıb. Daha sonra o, Bakı Sağlamlıq Mərkəzinə köçürülüb. 504 gün komada qalan Ə.Əliyev 2017-ci ilin iyul ayının 2-də dünyasını dəyişib.
Mərhum Ə.Əliyevin müalicəsinə 1 saylı Kliniki Tibbi Mərkəzdə ("Semaşko”) 4700, Mərkəzi Klinik Xəstəxanada 67881, "Avrasiya” Hospitalda 59050 (mərhumun ailəsinin bu xəstəxayana əlavə olaraq 11270 manat borcu qalıb), Bakı Sağlamlıq Mərkəzində 5900 manat xərclənib. Bunları təsdiqləyən rəsmi qəbzlər cinayət işinə əlavə edilib. Eyni zamanda dəfn və yas mərasimlərinə 14000 manat civarında pul sərf olunub. Bundan başqa, zərərçəkmişin ailəsi mənəvi zərərə görə təqsirləndirilən şəxsdən 15000 manat kompensasiya tələb edir (ümumilikdə, 166 min 531 manatı).
Ə.Talıbov isə bir müddət xəstəxanada müalicə olunduqdan sonra evə buraxılıb.
Cinayət işinə Nərimanov Rayon Məhkəməsinin hakimi Samir Məmmədovun sədrliyi ilə baxılıb. Məhkəmənin hökmü ilə S.Qarayev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib, heç yerə getməməklə bağlı polis nəzarəti qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb. Hökm apellyasiya şikayəti başa çatandan sonra qüvvəyə minəcək.
Hökmə əsasən, zərərçəkmişin hüquqi varisi İ.Əlizadənin mülki iddiası qismən təmin edilib. Belə ki, məhkəmə onun 166 min 531 manatlıq mülki iddiasından yalnız 23 min manatını (20 min maddi ziyana, 3 min mənəvi ziyana) təmin edib.
Hökmdən narazı qalan İ.Əlizadə apellyasiya şikayəti verib. O, Nərimanov Rayon Məhkəməsinin çıxardığı hökmün dəyişdirilməsini, S.Qarayevin cəzasının ağırlaşdırılmasını istəyir. İ.Əlizadə həmçinin mülki iddiasının tam olaraq təmin edilməsini tələb edir.
Ə.Əliyev tanınmış jurnalist İmdad Əlizadənin atasıdır.