Keçmiş MTN-nin idarə rəisinə qarşı iddia qismən təmin edildi –Məhkəmə prosesi

 

Səbail Rayon Məhkəməsində "MTN işi”ndə zərərçəkmiş qismində tanınan Mətləb Mustafayevin ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi vəzifəsində çalışmış, general-mayor Mövlan Şıxəliyevə qarşı iddiası əsasında məhkəmə iclası davam etdirilib.

"Report”un xəbərinə görə, hakim Nurəddin Bağırovun sədrliyi ilə keçirilən prosesdə M.Mustafayev iddiasına düzəliş etdiyini bildirib.

O, iddiasını məhkəməyə təqdim edib. M.Mustafayev iddiasında 83 min 120 manat pulu Maliyyə Nazirliyindən onun xeyirindən tutulmasını istəyib. M.Mustafayev bu gün isə bildirib ki, nazirlik də həmin pulu M.Şıxəliyevdən tələb etsin.

M.Şıxəliyevin vəkili isə çıxışında M.Mustafayevin iddiasını qəbul etmədiklərini deyib. O, həmin iddianı əsassız hesab edib və təmin edilməməsini istəyib.

Məhkəmənin qərarı ilə M.Mustafayevin iddiası qismən təmin olunub. Belə ki, 5 min manat Maliyyə Nazirliyindən tutularaq, iddiaçı M.Mustafayevə veriləcək.

Xatırladaq ki, "MTN işi”ndə zərərçəkmiş qismində tanınan Mətləb Mustafayev keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi vəzifəsində çalışmış, general-mayor Mövlan Şıxəliyev məhkəməyə verib.

Yasamal Rayon Məhkəməsində iddia qaldıran M.Mustafayev sabiq nazirin sifarişi ilə şərlənərək həbs edildiyini yazıb və E.Mahmudovun ona 100 min manatdan çox pul təzminatı ödəməsini tələb edir.

M.Mustafayev M.Şıxəliyevə qarşı qaldırdığı iddia ərizəsini isə Səbail Rayon Məhkəməsinə göndərib. O, iddia ərizəsində şərlənərək həbs edilməsindən sonra barəsində olan cinayət işi üzrə istintaqın M.Şıxəliyevin rəhbərlik etdiyi idarədə aparıldığını bildirib. M.Mustafayev sabiq idarə rəisindən 63 min manat təzminat tutularaq ona ödənilməsini istəyib.

E.Mahmudova qarşı iddia ərizəsi üzrə məhkəməyə Yasamal Rayon Məhkəməsində baxılır.

Bundan başqa, M.Mustafayev hər iki iddia ərizəsində Maliyyə Nazirliyini də cavabdeh kimi göstərib. O, buna səbəb kimi isə həm E.Mahmudov, həm də M.Şıxəliyevin vaxtilə dövlət orqanlarında rəhbər şəxs olmalarını qeyd edib.

Xatırladaq ki, M.Mustafayev əvvəllər Dövlət Əmlak Komitəsində müxtəlif vəzifələrdə, həmçinin 2014-cü ilədək "Azərsu” ASC-də iqtisadçı işləyib. O, 2014-cü ilin sentyabrında MTN-in keçirdiyi əməliyyat nəticəsində həbs edilib. M.Mustafayev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham edilib və 2015-ci il aprelin 24-də Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi isə hökmü qüvvədə saxlayıb. Ali Məhkəmə isə Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib.

Bundan sonra Bakı Apellyasiya Məhkəməsi M.Mustafayevin işinə yenidən baxaraq onun barəsində bəraət hökmü çıxarıb.

Qeyd edək ki, M.Mustafayev MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və Azər Mehdiyevin cinayət işində zərəçəkmiş qismində tanınır. Bakı Hərbi Məhkəməsinin hökmü ilə E.Quliyev 10 il 6 ay, A.Mehdiyev isə 8 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}