Bu gün Rəsulzadənin doğum günüdür

 

Rəis Rəsulzadə: "Rəsulzadə sevilir, həmişə də seviləcək”

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin banisi, görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 136 il ötür. Önəmli tarixi günlə əlaqədar AXC qurucusunun Novxanıdakı heykəlinə ziyarətlər təşkil olunacaq.

Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman” məktəbinə qoyub. Buranı bitirdikdən sonra Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində rus dilində davam etdirib. Milli istiqlal hərəkatımızın və təkcə türk ellərində deyil, bütün Şərq, İslam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan Rəsulzadə "Müsəlman gənclik təşkilatı”nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçilib.

Məhəmməd Əmin Rəsulzadənin ile ilgili görsel sonucu

1918-ci il mayın 28-də bütün ölkələrin radiostansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunub. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün Şərqdə ilk dəfə olaraq respublika qurub.

Məhəmməd Əmin Rəsulzadənin ile ilgili görsel sonucu

Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. 1920-ci ilin 28 aprelində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyəti ilə üzləşib. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış görkəmli siyasi xadimimiz 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib. Onu "Əsri” məzarıstanlığında dəfn ediblər.

M.Ə.Rəsulzadə 71 yaşında dünyadan köçərkən son olaraq üç dəfə "Azərbaycan, Azərbaycan, Azərbaycan!” sözlərini işlədib.

1992-ci ilin 24 dekabrında mərhum prezident Əbülfəz Elçibəy Məhəmməd Əmin Rəsulzadənin anadan olması münasibətilə "Görkəmli ictimai-siyasi xadim M.Ə.Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında” sərəncam imzalayıb.

Əbülfəz Elçibəy Məhəmməd Əmin Rəsulzadənin ile ilgili görsel sonucu

1993-cü il yanvarın 13-də Azərbaycan Respublikası Nazirlər Kabineti M.Ə.Rəsulzadənin abidəsinin layihələşdirilməsi və ucaldılması barədə qərar qəbul edib. O vaxt qərarın icrası Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı və Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb. Həmin qərardan sonra Mədəniyyət Nazirliyi hətta görkəmli heykəltəraş Ömər Eldarova müraciət edərək heykəlin layihəsinin hazırlanmasını ona həvalə edib. Dana sonra nazirlik Bakı İncəsənət Mərkəzi ilə müqavilə bağlayıb, heykəlin işçi modeli və layihəsi üçün müvafiq məbləğ də ödəyib. Lakin iş elə bu mərhələdəcə yarımçıq qalıb. 1993-cü ildə Rəsulzadəyə qoyulacaq heykəl üçün hətta Rusiyadan baha qiymətə mərmər daşları da alınıb gətirilib. Həmin daşlar bir müddət Ö.Eldarovun emalatxanasında saxlanıldıqdan sonra başqa iş üçün istifadə edilib.

M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə babasının doğum günü ilə bağlı ile ilgili görsel sonucu

M.Ə.Rəsulzadəyə Bakıda heykəl qoyulması məsələsi bir də 1993-cü ilin dekabrında yada düşüb. Həmin vaxt mərhum dövlət başçısı Heydər Əliyev Rəsulzadənin 110 illik yubileyinin təntənəli şəkildə qeyd olunması məqsədilə sərəncam verib. Sözügedən sərəncamda M.Ə.Rəsulzadəyə Bakıda heykəl qoyulması, onun əsərlərinin nəşri, vaxtilə yaşadığı evin muzeyə çevrilməsi, Novxanıdakı bağ evinin onun varislərinə qaytarılması nəzərdə tutulub. Amma ötən illər ərzində aidiyyəti qurumlar bu sərəncamın da müddəalarını yerinə yetirməyib.

Rəsulzadəyə heykəl qoyulması üçün dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib. Amma hər dəfə meriyadan verilən cavabda bildirilib ki, heykəlin qoyulması üçün guya maliyyə vəsaiti yoxdur.

Ölkə başçısı İlham Əliyev 2013-cü ilin 22 noyabrında "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb.

M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə babasının doğum günü ilə bağlı ile ilgili görsel sonucu

M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə babasının doğum günü ilə bağlı Bakıda iki gün beynəlxalq konfrans təşkil etdiklərini söylədi: "Yanvarın 30-da Novxanıdakı abidəni ziyarət etdik, əklil qoyduq. Doğum günü ilə əlaqədar 30-31 yanvarda "Park İnn" hotelində tədbir keçirilir. Xaricdən xeyli sayda qonaqlarımız olacaq. Onlar sırasında Rusiya, Polşa və Türkiyədən gələnlər var. Rəsulzadənin Bakının mərkəzi yerlərindən birində heykəlinin qoyulması üçün media nümayəndələri, ictimaiyyət, alimlər, ümumiyyətlə, Cümhuriyyət sevənlər aktiv olmalıdırlar. İldə 1-2 dəfə bu məsələni gündəmə gətirmək yox, həmişə gündəmdə saxlamaq lazımdır. Deyirsiniz ki, Bəhram Bağırzadə ölkə prezidentinin mədəniyyət xadimləri ilə görüşündə Hacı Zeynalabdin Tağıyevin məsələsini qaldırdı, ona heykəl qoyulur. Gərək o görüşdə Rəsulzadənin də heykəlinin qoyulması məsələsini qaldıran olardı. Yəqin ki, bundan sonra bunu kimsə qaldıracaq. Buna çox ümid edirəm. BDU-nun qarşısında Rəsulzadənin büstünün hələ də qoyulmamasına gəlincə, universitetlə əlaqə saxlamaq lazımdır. İctimaiyyətin Rəsulzadəyə münasibəti göz önündədir. Onu tarixdən silmək qeyri-mümkündür. Rəsulzadə sevilir, həmişə də seviləcək. Xüsusilə gənclər onu çox yüksək dəyərləndirirlər. Sizin doğum gününü diqqətdə saxlamağınız mənə rahatlıq verir”.



Oxşar Xəbərlər

Xəbər lenti