“Camal Qaşıqçının terrorla bağlılığı olmayıb” - NƏZAKƏT MƏMMƏDOVA

“Camal Qaşıqçının terrorla bağlılığı olmayıb” - NƏZAKƏT MƏMMƏDOVA

 

"Qaşıqçını terroçu adlandırmaq Kuşnerin subyektiv fikridir, o, terrorçu deyil”

ABŞ prezidenti Donald Trampın kürəkəni və baş məsləhətçisi Cerard Kuşner Səudiyyə Ərəbistanı vətəndaşı, jurnalist Camal Qaşıqçını terrorçu adlandırıb. Hətta Kuşner İstanbul konsulluğunda naməlum şəkildə qətlə yetirilən Camal Qaşıqçını Usamə Bin Ladenlə əlaqələndirib.

Bu barədə "Vanity Fair” Maykl Vufun yeni dərc olunan "Mühasirə: Tramp atəş altında” ("Siege: Trump Under Fire”) kitabına istinadən məlumat yayılıb.

Картинки по запросу trampın kürəkəni

Kitabda Kuşnerin adı açıqlanmayan bir jurnalistə səs qeydindən kənar verdiyi müsahibədə Qaşıqçı haqqında "Bu adam kral ailəsindəki (Səudiyyə Ərəbistanı) bəzi fraksiyalar ilə Usamə arasında əlaqə yaradıb. Biz bunu bilirik. Jurnalistmi? Yox bir. Bu, jurnalist kimi üzünü maskalayan bir terrorçu idi” sözlərini deyib.

Xəbərdə həmçinin Kuşnerin Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın ən yaxşı müdafiəçilərindən biri olduğu qeyd edilib.

Məsələ ilə bağlı hələ ki, rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Maykl Vulfun 2018-ci ilin əvvəllərində ABŞ prezidenti Donald Trampın prezident postundakı ilk ilindən bəhs edən və ən çox satılan kitablar siyahısına daxil olan "Alov və hirs: Tramp Ağ evin içindən” adlı kitabı da geniş mübahisələrə səbəb olmuşdu. Yazıçının əvvəlki kitabının davamı kimi dərc edilən "Mühasirə: Tramp atəş altında” adlı 315 səhifəlik kitabında Trampın sabiq və mövcud işçiləri ilə etdiyi müsahibələr yer alıb.

Xatırladaq ki, "Vaşinqton Post” nəşrinin əməkdaşı Camal Qaşıqçı 2 oktyabr 2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda naməlum şəkildə qətlə yetirilmişdi. Qətlin törədicilərinin və sifarişçilərinin adları hələ də gizli olaraq qalır.

"Amerika-Səudiyyə Ərəbistanı əlaqələrini demək olar ki, faktiki Kuşner həyata keçirir”

Donald Trampın kürəkəni və baş məsləhətçisi Cerard Kuşnerin Səudiyyə Ərəbistanı vətəndaşı, jurnalist Camal Qaşıqçını terrorçu adlandırması ilə bağlı fikirlərini bölüşən politoloq Nəzakət Məmmədova "Hürriyyət”ə dedi ki, Kuşnerin Qaşıqçını terrorçu adlandırmaqda məqsədi var: "Çünki Kuşner Səudiyyə Ərəbistanın kral ailəsi ilə çox yaxşı münasibətlərə malik olan bir adamdır. Amerika-Səudiyyə Ərəbistanı əlaqələrini demək olar ki, faktiki Kuşner həyata keçirir. Bilirik ki, Səudiyyə Ərəbistanı Amerikadan silah alır və digər əlaqələri var. Amerika artıq Səudiyyə Ərəbistanını Yaxın Şərqdə ən yaxın müttəfiqi kimi görür və Türkiyənin yerinə onu hazırlayır. Türkiyə artıq İranla yaxınlaşıb və Amerika ilə uzaqlaşıb. Düzdür, İsrailin Amerika ilə yaxşı münasibətləri var, amma Yaxın Şərqdə Amerikaya bir müsəlman dövləti lazımdır. Çünki Yaxın Şərq İslam dünyasıdır. Burada da Türkyə artıq bu roldan imtina edib. Ona görə da onun yerinə Amerika Səudiyyə Ərəbistanını görür. Burada Amerikaya yaxın olan vəlihəd şahzadə Məhəmməddir. Onun da Kuşnerlə çox yaxşı münasibətləri var. Şahzadə vəlihədin də Amerika, Tramp administrasiyası ilə bütün əlaqələrini Kuşner həyata keçirir.

Bundan başqa, bilirik ki, Qaşıqçı "Vaşinqton Post”un köşə yazarı idi. "Vaşinqton Post” da Trampa qarşı olan qüvvələrin maliyyələşdirdiyi bir qəzetdir. O, həmişə orada Trampın Yaxın Şərq siyasətini tənqid edirdi. Eyni zamanda da Qaşıqçı kral ailəsini tənqid edirdi. Kuşnerin Qaşıqçını terrorçu adlandırması bundan irəli gəlir. Səudiyyə Ərəbistanın Yəməndə uşaqları öldürməsi kimi Qaşıqçının məşhur yazıları var idi. Bütün bunlar Səudiyyə Ərəbistanını və Trampı ifşa edən yazılar idi. Bu səbəbdən Amerika onun öldürülməsi əmrini Türkiyədəki Konsulluğa yönəltdi. Orada başqa səbəblər, o cümlədən Türkiyə-Səudiyyə Ərəbistanı münasibətlərini pisləşdirmək, Ərəb NATO-su, yəni Səudiyyə Ərəbistanın başçılığı altında sünni ordusu qurmaq planı var idi və onu Suriyada İrana, Türkiyəyə qarşı savaşdırmaq istəyirdi. Qaşıqçı məsələsi buna görə idi. Burada Trampın şəxsən rolu olmasa da, onun ətrafının rolu danılmazdır. Nəyə görə onu İstanbuldakı Konsulluğa göndərdilər? Kuşner də yəhudilərin təmsilçisi olan bir adamdır. İndiki Səudiyyə Ərəbistanı rejimi də yəhudilərlə yaxındır. Hətta onların yəhudi əsilli olduğu deyilir. Yəni Qaşıqçı bunlara qarşı olan adam oub. Ona görə, aradan götürülüb, Kuşner də indi onu terrorçu adlandırır”.

"O, sülhpərvər insan olub”

N. Məmmədova vurğuladı ki, Qaşıqçının terrorçu olması mümkün deyil: "Bu adam əlinə silah götürüb vuruşmayıb, bir yeri partlatmayıb, təhdid etməyib, nə də onun yazılarında terrora çağırış olmayıb, axı. Mən xatırlamıram ki, o, yazılarında terroru dəstəkləsin, yaxud belə cağırş etsin, əksinə o, sülhpərvər insan olub. Yəməndə uşaqlar Səudiyyə Ərəbistanı tərəfindən bombardman olundu, öldürülürdü. O, bunu tənqid edirdi. O, müharibə tərəfdarı deyildi, həmişə sülhə çağırırdı. Qaşıqçını terroçu adlandırmaq Kuşnerin subyektiv fikridir, amma o, terrorçu deyil. Yəni nə yazılarında, nə də əməllərində Qaşıqçının terrorla bağlılığı olmayıb. Mən şəxsən o fikirlə razı deyiləm. Onu terrorçu adlandırmağın heç bir əsası yoxdur. Sadəcə, o ölümə bəraət qazandırmaq, onu öldürənlərin üzərindən o cinayəti götürmək istəyirlər”.

"Səudiyyə Ərəbistanını güzəştə məcbur etmək üçün Amerika Qaşıqçını qurban verdi”

"Bilirik ki, Konqresdə yəhudi, erməni, yunan, türk, ərəb lobbisi var. Yəni konqresmenlər var ki, konkret olaraq bu ölkələrə lobbiçilik edirlər, pul alırlar. Bildiyimiz kimi, üstəlik də Konresin özündə Demokratlar və Respublikaçılar var. Yəni Konqresdə də Trampın özünə qarşı çıxan qüvvələr var. Hətta onun öz partiyasından olan bəzi konqresmenlər impicmentini tələb edirdilər. Konqresdə ayrı-ayrı qrupların olması müqabilində bu hadisədən sonra Səudiyyə Ərəbistanına qarşı aktiv fəaliyyətə keçmişdilər. Amma hərbi-sənaye konsernləri imkan vermədi ki, Tramp bu addımı atsın. Çünki Səudiyyə Ərəbistanına milyardlarla silah satırlar. Təbii ki, belə bir şəraitdə Amerika-Səudiyyə Ərəbistanı əlaqələrinin kəsilməsi maliyyənin kəsilməsi idi. Səudiyyə Ərəbstanından neft alınması məsələsi də var. Doğrudur, Amerikada bəzi qruplar Səudiyyə Ərəbistanına embarqo qoymağa cağırırdılar, amma dediyim kimi, hərbi-sənaye konsernləri Trampa imkan verməzdilər. Oxşar hadisə 2001-ci il ilin sentyabr ayında olmuşdu. Həmin vaxtı terror aktını rəsmi versiyaya görə törədən iki Səudiyyə Ərəbistanı vətəndaşı idi. Amma Amerika Səudiyyə Ərəbistanını bombardman etmədi, Əfqanıstanı bombardman etdi. Guya, terrorçular orada gizlənib. Amma Bin Ladinin və "Əkiz qüllər”i partladan şəxslərin Səudiyyə Ərəbistanından olduğunu dedilər, lakin onu bombardman etmədilər. Məntiqlə onu bombalamalı idilər. Amerika neynədi? Amerika hesablarında kral ailəsinin 750 milyard dollar pulunu dondurdu və dedi ki, ya bu puldan imtina edin, ya mən sizi hakimiyyətdən uzaqladıracam, Səudiyyə Ərəbistanını bombardman edəcəm. Çünki sənin vətəndaşın gəlib burada terror edib. Kral ailəsi də fikirləşdi ki, hakimiyyəti tam əldən verməkdənsə, biz elə bu puldan imtina edək. Bu, olmuş hadisədir. Yəni Amerika bu pulu ələ keçirmək üçün o terroçuları səudiyyə ərəbistanlı elədi. Hələ bilmək olmaz ki, o terroru kim etmişdi.

Qaşıqçı hadisəsini niyə etdilər? Səudiyyə Ərəbistanı ilə sövdələşməyə getmək, silah ticarətində onu daha da güzəştə məcbur etmək üçün Amerika Qaşıqçını qurban verdi. Yəni sən "Vaşinqton Post” kimi qəzetin köşə yazarını öz Konsulluğunda öldürmüsən. Məsələnin mahiyyəti budur. Əslində, Qaşıqçı terrorçu deyil, bu hadisənin qurbanı olmuş bir adamdır”.

"Türkiyə onun barəsində terrorçu ifadəsi ilə razılaşmayacaq”

"Türkiyənin Qaşıqçıya münasibəti Ərdoğanın səviyyəsində kifayət qədər müsbətdir. Onun Türkiyə ilə yaxşı münasibətləri olub. İndi təbii ki, Kuşnerin bu fikrinə etiraz olunacaq. Amma mən bilmirəm, rəsmi səviyyədə etiraz oluancaq, yoxsa yox. Ərdoğan elə bir adamdır ki, hər bir hadisəyə münasibət bildirir. Ola bilər Ərdoğan Qaşıqçının terrorçu adlandırılmasına etirazını bildirsin. Əlbəttə, Türkiyə Qaşıçını terrorçu hesab etmir və təbii ki, bu, Türkiyədə etiraza səbəb ola bilər. Amma bu etiraz hansı səviyyədə olacaq, onu biz yaşayıb görəcəyik. Türkiyə dövləti Kuşnerlə razı deyil, ola da bilməz. Adam terrorçu idisə, onda Amerika axtarış verərdi, onu Türkiyə ərazisində həbs edərdilər. Terrorçu necə gəlib ölkədə sərbəst şəkildə dolaşıb, Konsulluğa gedib, viza almaq istəyir, nigah sənədləri ilə məşğul olur? Təbii ki, Türkiyə bununla razı ola bilməz. Qaşıçı ailəsinin əsli həm də Türkiyədən, Kayseridəndir. Qaşıqçını türk qarışığı da var. Həmişə də Türkiyə ilə münasibətləri yaxışı olub. Ona görə, Türkiyə onun barəsində terrorçu ifadəsi ilə razılaşmayacaq”, - deyə politoloq əlavə etdi.



Oxşar Xəbərlər

Xəbər lenti