8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmaz rayonuna səfəri çərçivəsində "Yalama” Südlük-Maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinin bazasında yaradılmış Yalama Aqroparkının açılışında iştirak edib.
Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq ölkəmizdə aqroparkların yaradılmasına başlanılıb. Aqroparklar aqrar sahədə sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq edərək sosial-iqtisadi inkişafın sürətləndirilməsində, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında, ixrac potensialının və məşğulluğun artırılmasında xüsusi əhəmiyyət kəsb edir. Aqroparkların yaradılması ölkənin ixrac coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı-emalçı-istehlakçı münasibətlərinin formalaşmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayacaq. Aqroparklarda kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, logistikası və satışı bütünlükdə bu sistemi özündə birləşdirməklə, kənd təsərrüfatı məhsullarının torpaqdan istehlakçının süfrəsinədək bütün mərhələləri özündə əks etdirir ki, bu da həmin məhsulların istehsalına çəkilən xərclərin, eləcə də maya dəyərinin aşağı düşməsinə və keyfiyyətin yüksəlməsinə imkan verir. Belə aqroparklardan biri də Xaçmaz rayonunun Yalama qəsəbəsində yaradılıb.
İqtisadiyyat naziri Şahin Mustafayev aqroparkda görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi. Bildirildi ki, 523 hektar ərazidə salınan aqroparkın yaradılmasına birinci mərhələdə 20 milyon manat investisiya qoyulub. Layihənin ilkin mərhələsinə uyğun olaraq, 1000 başı sağmal olmaqla 3000 başlıq cins iribuynuzlu heyvandarlıq kompleksi, müasir suvarma sistemi ilə 385 hektar sahədə iri taxılçılıq təsərrüfatı, istehsal gücü saatda 5 ton olan yem zavodu yaradılıb. Zavodun davamlı və fasiləsiz xammala olan tələbatının ödənilməsi məqsədilə tutumu 4,5 min ton olan anbar və saatda 30 ton taxıl qurudan qurğu quraşdırılıb.
Prezident İlham Əliyevə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Quba-Xaçmaz iqtisadi rayonunda sahibkarlara ödənilən güzəştli kreditlər barədə də məlumat verildi. İqtisadiyyat naziri Şahin Mustafayev bildirdi ki, indiyədək fond vasitəsilə Quba-Xaçmaz iqtisadi rayonu üzrə 2260-dək sahibkara 163,5 milyon manat, o cümlədən yeni texnologiyalara əsaslanan 13 logistik mərkəz və 2 taxıl anbarı, 1 quşçuluq, 2 istixana, 7 intensiv bağçılıq və 4 üzümçülük təsərrüfatı, 3 meyvə-tərəvəz emalı, 2 çörək və 2 tara zavodu, eləcə də 7 digər istehsal və emal müəssisəsi olmaqla, ümumilikdə 43 müəssisənin yaradılmasına 107 milyon manat, həmçinin 1980-dək sahibkara 19 milyon manatdan çox kiçik həcmli güzəştli kreditlər verilib. İqtisadi rayon üzrə verilmiş güzəştli kredit hesabına 11 mindən çox yeni iş yeri yaradılıb. Xaçmaz rayonu üzrə isə 790 sahibkara 50,6 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 3300-dən çox yeni iş yeri açılıb.
Prezident İlham Əliyev Yalama Aqroparkında yaradılan şəraitlə tanış oldu.
Bildirildi ki, təsərrüfata "Aqrolizinq” ASC vasitəsilə "Simmental” cinsindən olan 1103 baş cins heyvan gətirilib və bu günədək 601 baş bala alınıb. Hazırda təsərrüfatda yüksək yağlılıqlı və keyfiyyətli süd istehsal olunur.
Dövlətimiz başçısı aqroparkın ərazisindəki yem zavodunu işə saldı.
Zavodda istehsal olunan qüvvəli yem aqroparkın tələbatını ödəməklə yanaşı, regionda fəaliyyət göstərən fermer təsərrüfatlarına da satılacaq. Heyvandarlıq kompleksinin yem bazasının formalaşdırılması üçün növbəli əkin sistemi tətbiq olunmaqla 128,5 hektar yonca, 228,5 hektar arpa və 100 hektar dənlik qarğıdalı əkilib. Arpa zəmilərində biçin başa çatdırılıb və yüksək məhsuldarlıq əldə edilib.
Rentabelliyin təmin edilməsi məqsədilə arpa sahələrinin 155 hektarında ikinci əkin olaraq silosluq qarğıdalı səpilib.
Bildirildi ki, dövlət investisiyaları hesabına təsərrüfatın fasiləsiz su təminatı, eləcə də ətraf kəndlərin də suvarma suyuna olan ehtiyaclarının ödənilməsində mühüm rol oynayan 3,2 kilometr uzunluğunda beton suvarma kanalı, tutumu 50 min kubmetr olan su hovuzu tikilib, 4 subartezian quyusu qazılıb, əraziyə yol, qaz və elektrik xətləri çəkilib. Aqroparkda aqroservis mərkəzi yaradılıb, xaricdə və Gəncə avtomobil zavodunda istehsal olunan 15 adda 24 müasir texnika və aqreqatlar alınıb.
Aqroparkda çalışanlar üçün hər cür şərait yaradılıb, 40 çarpayılıq yataqxana, yeməkxana və ofis binası inşa edilib, ərazi abadlaşdırılıb və geniş yaşıllaşdırma işləri görülüb. Bununla yanaşı, aqroparkda müasir texnologiyanın tətbiq edildiyi, dəyəri 12 milyon manat, gündəlik emal gücü 100 ton olan süd zavodu, 60 hektar ərazidə intensiv bağçılıq (dəyəri 3 milyon manat) və Xaçmazın Muxtadır qəsəbəsində dövlət ehtiyat fondu torpaqlarından uzunmüddətli icarəyə götürüləcək 957 hektar sahədə müasir suvarma sisteminə malik olan iri taxılçılıq təsərrüfatları (dəyəri 5 milyon manat) yaradılacaq. Süd emalı zavodunda kərə yağı, quru süd və pendir istehsal olunacaq. Aqroparkda ikinci mərhələ üzrə həyata keçiriləcək layihələrə ümumilikdə 20 milyon manat investisiya qoyulması nəzərdə tutulur. İkinci mərhələdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun maliyyə dəstəyindən də istifadə ediləcək.
Süd zavodunda təsərrüfatda istehsal olunmuş südün emalı ilə yanaşı, ətraf kəndlərin fermerlərindən də süd tədarük olunacaq, emal edildikdən sonra hazır məhsullar daxili bazara çıxarılmaqla bərabər, xarici ölkələrə də ixrac ediləcək. Aqroparkda 150 nəfər çalışır və layihələrin icrası nəticəsində 300-dən artıq yeni iş yeri yaradılacaq.
Aqroparkla tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Sonda xatirə şəkli çəkdirildi.