Yaxın Şərq üzrə məşhur ekspert:“TRAMP VƏ NETANYAHU ÜÇÜN ƏSAS HƏDƏF İRANDIR” – Müsahibə

Yaxın Şərq üzrə məşhur ekspert:“TRAMP VƏ NETANYAHU ÜÇÜN ƏSAS HƏDƏF İRANDIR” – Müsahibə

 

Aleksandr Jelenin

rosbalt.ru, 16.05.2018

 

Fələstinlilərin ABŞ-ın İsrail səfirliyinin Qüdsə köçürülməsinin səbəb olduğu və yeni qüvvəylə alovlanan etirazları, Yaxın Şərqin, bəlkə də, əsas probleminin həll edilmədiyini xatırladıb. İndiki anda məlumdur ki, Fələstin əraziləriylə yəhudi dövləti arasındakı ayırıcı xəttə basqın edən 60-dan çox ərəb artıq həlak olub və demək olar, iki mini yaralanıb.Türkiyə bu hərəkətin cavabında ABŞ və İsraildən öz səfirlərini "məsləhətləşmələr üçün” geri çağırıb. CAR da eyni addımı atıb. BMT rəsmi təmsilçisi Farxan Hak bildirib ki, Antonio Quterriş "işğal edilmiş Fələstin ərazilərində zorakılığın yayılması və Qəzzada etirazların gedişatında qətlə yetirilən və yaralanan fələstinlilərin çoxluğundan dərin narahat olub”.

Avropa ölkələri də ABŞ və İsrailin hərəkətini tənqid edib. Yaxın Şərq üzrə ekspert Mixail Maqid "Rosbalt”a bu münaqişənin səbəbləri və mümkün nəticələri haqda danışıb.

 

– Fələstin-İsrail münaqişəsinin indi bu qədər sərt şəkildə kəskinləşməsinin səbəbi nədir?

– Fələstinlilər 15 may "Nakba Günü”nü ("Fəlakət günü”) – İsrail dövlətinin elan edildiyi tarixdən sonrakı günü qeyd edirlər. Bu gün fələstinlilər üçün 700 minə yaxın fələstinlinin Fələstindən qovulması və qaçqın düşməsi, evlərini, əmlaklarını itirməsi və yüzlərlə insanın həlakıyla bağlıdır.

Fələstinlilərin Qəzza bölgəsində və İordan çayının Qərb sahilində indiki vəziyyəti ağırdır. Bu ərazilər İsrail (Qəzzayla bağlı hələ Misir) ordusu tərəfindən mühasirəyə alınıb. Fələstinlilər Qəzzada və Qərb sahildə ya işğal edilmiş, ya da mühasirəyə alınmış ərazilərdə yaşayırlar. Onların normal iqtisadiyyatı, insan hüquqları, xüsusən də yerdəyişmə azadlığı, təhlükəsizlik hüququ yoxdur və ola da bilməz, şəhərləri istənilən an İsrail ordusunun reydlərinə, ya da aviasiyasının basqınına məruz qala bilər. Orada normal ticarət, iqtisadiyyat mümkün deyil. Fələstinlilər zəruri müxtəlif malların yoxluğundan əziyyət çəkirlər. Burada isə hələ "Nakba günü”nü  qeyd edilməsi  Amerika səfirliyinin Qüdsə köçürülməsiylə üst-üstə düşüb…

– SAXAL-ın fələstinlilərə münasibətdə qüvvə tətbiq etməyinin proporsionallığını necə dəyərləndirirsiniz?

– Söhbət hansı proporsionallıqdan gedə bilər ki, bu qədər həlak olan var! Amma məsələ təkcə bunda deyil. Fələstinlilər də İsrail, Amerika və s.-nin sakinləri daxil olmaqla bütün başqa adamlar kimi eyni insani hüquqlara malikdirlər. Lap çoxdan vaxtıdır ki, onlara ya müstəqillik verilsin, ya da İsrail bunu istəmirsə və ora (Qəzzaya deyil, Qərb sahilə) öz köçkünlərini yerləşdirməyi davam etdirirsə, fələstinlilərə İsrail vətəndaşlığının bütün hüquqları verilsin. İndiki durumun ziddiyyəti bundadır ki, fələsətinlilər artıq xeyli on illər asılı vəziyyətdədirlər – nə ora, nə də bura. Ya buraxın , ya da İsrailə birləşdirin – belə variant çoxlarını, bəlkə də, fələstinlilərin də çoxunu qane edər.

– ABŞ prezidenti Donald Tramp Amerika səfirliyini Qüdsə köçürmə proseduruna başlamaqla indiki zorakılıq eskalasiyasına nə qədər güclü şəkildə səbəb olub? Yoxsa məsələ həm də İsrail-İran münasibətlərinin kəskinləşməsindədir?

– Şübhəsiz, Amerika səfirliyinin Qüdsə köçürülməsi alova benzin səpib. Ancaq iş təkcə bunda deyil. Fələstin məsələsi indiyədək həll edilməyib. Fələstinlilərin müstəqil dövləti yoxdur, amma heç kim onlara İsrail vətəndaşlığını da vermək istəmir. Hüquqlardan məhrum olmuş dörd milyondan çox adam Qəzzada və Qərb sahildə böyük rayonlarda mühasirədə yaşayır. Bununla belə, Fələstin məsələsi son zamanlar gündəlikdən çıxmağa başlayıb. Ərəb-İsrail qarşıdurması on illər boyu Yaxın Şərqdə əsas münaqişəydi. Və bu, birdən sona çatıb. Ərəb-İran münaqişəsi birinci yerə keçməyə başlayıb. Ərəb ölkələrinin əksəriyyəti bütöv bir imperiya, ondan asılı, İraq, Suriya və Livanı əhatə edən dövlətlər qurşağını yaratmış İranın son dərəcə güclənməsindən narahatdır. Ərəblər İranın qatı düşməni, İranı terrorizmin sponsoru və sabitliyin düşməni adlandıran Səudiyyə Ərəbistanının ardınca gedirlər. Elə bu proseslər İsrail-İran, habelə ABŞ-İran münasibətlərinin kəskinləşməsinə gətirib. İran imperiyası hamını narahat edir, dünya İsrail və İranın savaş həddində durub. Bu, İsrail və səudiyyəlilərin, həmçinin başqa ərəb ölkələrinin yaxınlaşmasına aparır.

Fələstin rəhbərliyi bu şəraitdə diqqəti yenidən ərəb-İsrail problemlərinə cəlb etməyə səy göstərir. Bu şəraiti də hesabdan atmaq lazım deyil ki, Qəzza bölgəsindəki HƏMAS rejimi İranyönlüdür, hazırda Tehran tərəfindən dəstəklənir və maliyyələşdirilir. Düşünürəm ki, indi dünya birliyini diqqətini özündən yayındırmaq və dünyanın diqqətini Fələstin probleminə cəlb etmək iranlılar üçün də önəmlidir. Etirazların hamıdan qabaq Qəzzada alovlanması təsadüfi deyil. Fələstin Muxtariyyətinin rəhbərliyi İordan çayının Qərb sahilində İsraillə əməkdaşlıq edir və nəzarət etdiyi bölgələrdə HƏMAS-ın mümkün güclənməsindən çox qorxur. Buna görə də öz bölgələrində güclü etiraz dalğası qaldırmamağa çalışırlar.

– Bu təəssüratdan qurtarmaq çətindir ki, Tramp Yaxın Şərqdə şüurlu şəkildə kəskinləşməyə gedir. Bu onun İrana "tam dərs vermək” niyyətilə, yoxsa daha nəyləsə bağlıdır?

– Tramp administrasiyası ABŞ-ın bütün tarixi boyu ən İsrailyönlüdür. Trampın və İsrail baş naziri Benyamin Netanyahunun ailələri yaxından bağlıdır. Diqqəti buna da yönəltmək istərdim ki, hər iki siyasətçiyə qarşı onlar üçün xoşagəlməz araşdırma aparılır. Tramp haqda Rusiyanın ABŞ-dakı prezident seçkilərinin nəticələrinə qarışması ittihamıyla bağlı "Raşageyt” kimi tanınan təhqiqat gedir, Netanyahunu isə korrupsiya ittiham üzündən ciddi nəticələr təhdid edir. Belə ki, hər ikisi xeyli dərəcədə bölgədə daimi gərginlyi saxlamaqda maraqlıdır ki, seçicilərin diqqətini yayındırsın, amma həm Netanyahu, həm də Tramp üçün əsas hədəf yenə də İrandır.

Tərcümə Strateq.az-ındır.

 



Oxşar Xəbərlər

Xəbər lenti