“Nəyin qiyməti azalıb?!” - Deputatdan Statistika Komitəsinin sədrinə tərs SUAL

“Nəyin qiyməti azalıb?!” - Deputatdan Statistika Komitəsinin sədrinə tərs SUAL

 

Deputat Vahid Əhmədov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında - "2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı sərt çıxış edib.

Sozcu.info  xəbər verir ki, deputat Azərbaycanda qiymət artımının səviyyəsi ilə ilə bağlı açıqlanan statistik rəqəmlərə etiraz edib. O, rəqəmlərin həqiqəti əks etdirmədiyini deyib:

"Büdcənin icrası ilə bağlı sənəddə göstərilir ki, Azərbaycanda istehlak bazarında qiymət azalıb. Azərbaycanda nəyin qiyməti azalıb?! Əksinə, qiymət artıb. Bilmirəm, Statistika Komitəsinin sədri bazara gedib ya getməyib, danışanda da elə danışmaq lazımdır ki, inandırıcı olsun”.

Deputat həmçinin, dövlət başçısının apardığı siyasətə bəzi qüvvələrin kölgə salmağa çalışdığını da söyləyib.

"Bəzi özlərini professor, doktor, ekspert hesab edənlər həyata keçirilən islahatların effektsiz olduğunu və heç bir əhəmiyyətinin olmadığını bildirirlər. Fikrimcə, son illərdə ölkədə dərin islahatlar həyata keçirilir. İslahatın məgər buynuzu olur?”

Vahid Əhmədov qeyd edib ki, dövlət başçısı tərəfindən 2016-2020-ci illər üçün Strateji Yol Xəritəsi qəbul edilib:

"Bu yol xəritəsinə əsasən islahatlar həyata keçirilir. İslahatlar daha əvvəldən başlayıb və gedir. Mənim təklifim odur ki, belə büdcə məsələlərinin müzakirəsi daha geniş spektrdə təşkil olunsun.

Müzakirəyə çıxarılan büdcənin icrası ilə bağlı müzakirələrə QHT-lər, siyasi partiya rəhbərləri, bizi tənqid edən ekspert və alimləri dəvət etmək lazımdır ki, qoy onlar öz fikirlərini bildirsinlər, biz də öz arqumentimizi ortaya qoyaq. Qoy, onlar müzakirə zamanı görsünlər ki, hansı işlər görülüb. Ona görə də hesab edirəm ki, parlament müzakirələrə açıq olmalıdır”.

Parlament üzvü bildirib ki, Maliyyə Nazirliyi il boyu bircə tədbir keçirib, vacib məsələləri müzakirə etmir:

"Təklif edərdim ki, Maliyyə Nazirliyi beynəlxalq təşkilatlarla birgə ildə bir dəfə, heç olmasa, investisiyalarla bağlı müzakirə aparsın. Bununla bağlı bizə ciddi iradlar var. Bu iradların aradan qaldırılması üçün ictimai müzakirələr keçirilməlidir”.

V.Əhmədov çıxışı zamanı anadan olduğu Qubanın Qonaqkənd kəndinə 70 il ərzində yol çəkilmədiyini xatırladıb:

"Bu kəndə sovet dövründə yol çəkilməyib. Rayon mərkəzi ilə kənd arasında 5 çay olub və bu çaylar üzərində körpü olmayıb. Ancaq Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində son iki ildə bu kəndə yol çəkilir, çaylar üzərində körpü salınır, asfalt yol çəkilir”.



Oxşar Xəbərlər

Xəbər lenti